Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2014
13:10
Demoqrafik və iqtisadi siyasətin qurbanı - yaşıllıq

Son 2 gündə Bakı-Sumqayıt magistralının “Avtovağzal” hissəsində yaşıllığın kütləvi məhv edilməsini ürək ağrısı ilə izləyən çoxlu sayda dost-tanışla söhbət etmişəm. Bakı kimi yaşıllıqdan kasad bir şəhərin olan-qalan yaşıllıqların da tikintilərin qurbanına çevrilməsinə insanların qəzəbli münasibəti tam anlaşılandı. Təxmini qiymətləndirmələrə görə, Bakının məskunlaşma ərazilərinin ən yaxşı halda 7-8%-i yaşıllıqlarla örtülüb. Amma, məsələn, Moskva və Paris kimi paytaxt şəhərlərində həmin göstərici 25-30% civarında dəyişir. Məqsədim belə müqayisələrlə Bakının yaşıllıq baxımından nə qədər yoxsul şəhər olduğunu diqqətə çatdırmaq deyil. Söyləmək istədiklərim hökuməti Bakı-Sumqayıt magistralını genişləndirməyə (nəticədə isə geniş və gözəl bir yaşıllıq zolağını məhv etməyə) səbəb olan qərardır. Əslində səhv həmin ağacların kəsilməsi deyil. Əsas səhv hökuməti yaşıllıq qətliamına məcbur edən vəziyyətin yaranmasına gətirib çıxaran şəraiti formalaşdırmaqdır. Söhbət nələrdən gedir?

Bakı ilə Sumqayıtı birləşdirən qısa yolun alternativi yoxdur (Sumqayıt-Novxanı yolu bu yolun alternativi deyil). Halbuki, məsələn, Bakının şərq hissəsində (Sabunçu, Suraxanı və s.) ən azı 3 alternativ yol var, bu hissədə şəhərin mərkəzinə daxil olmaq üçün metro stansiyası var, şimal hissəsi ilə müqayisədə azı 3-4 dəfə az əhali asfalt yoldan istifadə edir. Sumqayıt-Bakı arasındakı ərazinin relyefi həmin yola paralel alternativ yolun çəkilməsinə imkan vermir. Bu səbəbdən hökumət 2 yoldan birini seçməli idi:

1) Hökumət Biləcəri, Masazır, Xırdalan, “28 may” və Sulutəpə kimi qəsəbələrin son 10 ildə azı 10 dəfə böyüməsinə imkan verməməli idi. Bunun üçün 2006-2013-cü illərdə ölkə iqtisadiyyatına yönəldilən 100 milyard manat investisiyanın 70 milyard manatı deyil, 30 milyard manatı Abşeron yarımadasına yönəldilməli, regionlara iqtisadi və adminstrativ sərbəstliklər verilməli, siyasi təsisatların və medianın yerli səviyyədə güclənməsinə zəmanətlər verilməli, əhalinin Bakı səviyyəsində kommunal (su, qaz, elektrik) və nəqliyyat, sosial (təhsil və səhiyyə) xidmətlərinə keyfiyyətli çıxışına şərait yaradılmalı idi. 

2) Əgər bunları etməyə hökumətin peşəkarlığı və siyasi iradəsi çatmırdısa (ya da marağına uyğun deyildi), ya da vaxtında (məsələn, 2008-2009-cu illərdən gec olmayaraq) bu ərazilərə alternativ nəqliyyat xəttinin – metronun çəkilməsi işini başa çatdırmalı idi (nəinki bütün potensialını “Avrovizion” kimi əhəmiyyətsiz tədbirə xərcləməli idi). Müqayisə üçün deyim ki, Moskvada 2 il ərzində (2010-2012) ci illər ərzində uzunluğu 15 km-ə çatan 6 metro stansiyası tikildiyi halda, bizim hökumət artıq 4 ildən çoxdur bir “Avtovağzal” stansiyasını başa çatdıra bilmir. Bu sürətlə heç yaxın 10 ildə metro Xırdalana da gedib çata bilməyəcək. Bacarığınız bu sürətlə işləməyə çatır, xaricdən peşəkar şirkətlər gətirin. Gətirmirsiniz, çünki korrupsiya maraqları imkan vermir. 

Və əgər bu baş verməyəcəksə, uzağı 3-4 ildən sonra – Xırdalan və Masazır 3-4 dəfə də böyüyəndən sonra hökumətin bu ağacları kəsib yerində çəkdiyi yolun əhəmiyyəti qalmayacaq: indi rastlaşdığımız tıxacla yenə üzləşməli olacağıq. Şəhərsalma sahəsində tədqiqatlar göstərir ki, rahat və geniş asfalt yol maşınların sürətli artımını stimullaşdırır. Ona görə də ağıllı hökumətlər asfalt yoldan çox, alternativ nəqliyyata (trolleybus, tramvay, metro, elektrik qatarları, metrobus xətləri) kapital qoyur. Müqayisə üçün deyim ki, hazırda Bakı və Abşeron əhalisini götürsək, əhalinin hər 100 min nəfərinə cəmi 1.3 km metro xətti düşür (müqayisə üçün: bu göstərici Moskvada 3, Berlində 4, Parisdə 10, Nyu-Yorkda 16 km-dir). Üstəlik bu şəhərlərdə Bakıdan fərqli olaraq trolleybus, tramvay, elektrik qatarları və metrobus kimi alternativ nəqliyyata şəbəkəsi mövcuddur.

3) Böyük Bakı artıq 10 ildir heç bir rəsmi təsdiqlənən orta və uzunmüddətli plan olmadan sökülür və tikilir. Ümumiyyətlə, Bakı bəlkə də dünyada plansız yenidən tikilən tək şəhərdir. Adətən planla işləyən ölkələrdə məskunlaşma ərazilərinin nəqliyyat təchizatı əvvəldən nəzərə alınır. Məsələn, indi inkişaf eləmiş iri şəhərlərdə nəqliyyatın təşkilinə belə bir standart müəyyən edilib: metro stansiyaları elə dislokasiya olunmalıdır ki, sakinlərin azı 85-90%-nin mənzillərindən metroya ayaqla çatması 10 dəqiqəni ötməsin. Məsələn, hazırda Moskvada həmin göstərici 70% ətrafındadır və hökumət 2025-ci ilədək bu göstəricini 90%-ə çatdırmağı hədəfə alıb. Ağacları kəsməkdən, tramvay, trolleybus və “elektriçka” xətlərini cəhənnəmə göndərməkdən savayı alternativi olmayan Azərbaycan hökumətinin belə bir planı olduğunu görən varmı?

Qısası, Biləcəridəki yaşıllıq 21 ildir Azərbaycanı idarə edən hökumətin kökündən yanlış regional, demoqrafik və iqtisadi siyasətinin qurbanıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
209

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru