Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2014
14:49
Hacı Şahin Həsənlidən tanınmış yazarın kitabına ön söz

Tapdım... İlqar Kamilin qələmindən çıxmış “Bir ayənin hekayəti” kitabı ilə tanış olduqdan sonra deyə biləcəyim yeganə söz budur – tapdım. Neçə illərdir vaizlik fəaliyyətimizdə üzləşdiyimiz ən böyük problem böyük mətləbləri anlaşılacaq dildə çatdırmaq olub. Elmi mühitdə hər hansı bir məsələni müzakirə etmək bu işdən qat-qat asandır. İmtahanlardan keçmiş, hazırlıqlı tələbə auditoriyasında bir ideyanı açıqlamaq, fikrini izah etmək daha asandır, nəinki həmin ideyanı əlvan tərkibli geniş kütlə ilə bölüşmək. Bəzən deyəcəyin fikirlərin sadə sözlər formasına düşüb ucuzlaşacağından, bəzən fikrinin başa düşülməyəcəyindən, bəzən isə bundan da betər – fikrinin səhv anlaşılacağından ehtiyatlanırsan.

Bu cəhətdən geniş auditoriya ilə işləmək, müxtəlif intellektual tutumlu insanlara ünvanlanmaq böyük məharət tələb edir. Bu üslub Allaha və peyğəmbərlərə xasdır. Düzdür, akademik dilin öz üstünlükləri var, lakin toplumdakı gerçəklikləri nəzərə alsaq, gərəkdir ki, elmi-populyar janra da yetərincə diqqət yetirilsin. Son iki əsrdə dəfələrlə ideoloji transformasiyalara məruz qalmış cəmiyyətimizdə dəyərlər sisteminin sarsılması səbəbindən yeni dəyərlər sisteminin xalqa öz dilində çatdırılması mühümdür. Keçmişə tənqidi yanaşmaq, müasirliyə mənəvi immunitet vermək, gələcək üçün sabit inkişafın konturlarını cızmaq müəllifin göstərdiyi cəsarətli bir cəhddir. Bu istiqamətdə atılan ilk addımlar ciddi rezonans yarada bilməz, lakin prosesə təkan vermək iqtidarındadır.

İlqar Fəhmi əsəri qiymətləndirərkən ön söz üçün çox uğurlu və dolğun bir ad seçib: “Yeni körpülər”. İlqar Fəhmi ilə razılaşmamaq olmur. Həqiqətən də İlqar Kamil keçmiş, müasirlik və gələcək arasında yeni körpülər salmağa qalxıb və buna müəyyən qədər nail olub.

Bəzən akademik üslubda yazılan dəyərsiz bir fikrin necə ehtiramla dinlənildiyinin və əksinə, danışıq üslubunda yazılmış dəyərli bir fikrin necə diqqətsiz qalmasını müşahidə edirik. Bəzənməyə, zahirpərəstliyə meyllənmiş müasir istehlakçı cəmiyyətimizdə ən mühüm müşküllərdən biri də budur – fikir bir əmtəə kimi cəlbedici şəkildə qablaşdırılmasa ona “müştəri” tapılmayacaq. Fikir istehsalı kimi cəmiyyətin inkişafına təkan verən ən mühüm amil dünyanı illüziya ilə görən istehlakçının qurbanına çevrilib. İlqar Kamilin kitabını ilk dəfə gördükdə oxucunun əsərə bu zehniyyətlə yanaşması qaçılmazdır. Kitabın nə orijinal tərtibi, nə cəlbedici adı, nə saysız-hesabsız resenziyaları var, nə də müəllifin adı qarşısında pafoslu epitetlər. Xüsusən dini tematikada primitivliyə alışmış bir oxucunun bu kitabın da bayağı “əsərlər” silsiləsindən olan növbəti nəsihət toplusu olduğunu düşünməsi mümkündür. Lakin...

Öncə müəllifin seçdiyi mövzular diqqəti cəlb edir. Hansısa xarici müəllifin öz cəmiyyəti üçün yazdığı bir əsərin uğursuz və reallığımıza yapışmayan imitasiyasından fərqli olaraq bu əsərin mövzuları cəmiyyətimizin özündən qaynaqlanmaqdadır. Bəli, çoxdandır ki, cəmiyyətimiz özünə xas mövzulara təşnədir. Cəmiyyətimiz başqalarının yaratdığı gündəmə deyil, özünün sifariş etdiyi mövzulara möhtacdır. İlqar bəy nəbzi tuta bildi. Onu təbrik etmək üçün elə bu kifayət edər. Cəmiyyətdə fədakarlıq defisiti, ailədə məhəbbət çatışmazlığı, müqəddəsbazlıq, təqlidçilik, ədəbsiz tənqid, inkarçılıq, etimadsızlıq, mənfəətpərəstlik, ideya istehsalının olmaması, “çörək və tamaşa” psixologiyası, pafoslu şüarlar və s. bu kitabda öz əksini tapan problemlərin az bir qismidir. Lakin müəllif sadəcə olaraq cəmiyyətin xəstəliklərini görməklə kifayətlənmir (bu onsuz da böyük istedad tələb etmir), düzgün qoyulan diaqnoza bir müalicə yolu göstərir, özü də dərman elə əsərin özüdür. Zahirən dini nəsihətlərə bənzəyə biləcək bu kitab əslində daha çox sosioloji əhəmiyyətə malikdir. Kitabın sadə üslubda yazılması ünvanlandığı auditoriyanın genişliyindən xəbər verir. Kitab elmi tutumundan asılı olmayaraq hər bir kəs tərəfindən bir nəfəsə oxuna bilər. Belə ki, “Bir ayənin hekayəti”ni vərəqləyən oxucu qarşısında darıxdırıcı təfsir, yorucu fəlsəfə, onsuz da bildiyi əxlaqi moizələr, milli-mənəvi dəyərlər barədə boğazdan yuxarı çıxışlar deyil, onunla həmsöhbət olan birinin düşüncəsindən süzülən səmimi, aktual və anlaşılan fikirlər görür.

Kitabda yer alan xatirələr, maraqlı məlumatlar, həyatdan götürülmüş misallar, hətta pop-mədəniyyətə olan istinadlar oxucuda doğmalıq hissi yaradır. Üstəlik, kitab sanki canlı varlıq olaraq yalnız və yalnız səninlə söhbət edir. Bu mənada müəllifin yazı üslubu da ilham aldığı “Quran”ın üslubuna bənzəyir. Odur ki, mütaliənin sonunda təəssüratımı yalnız bir kəlmə ilə ifadə edə bildim – tapdım!

Hacı Şahin Həsənli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
795

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 12:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru