Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


01 Fevral

2011
3017
MİSİR HADİSƏLƏRİ VƏ AZƏRBAYCAN
Bu gün dünya Misirdəki hadisələri izləyir. Hər hansı bir dəyişiklik həsrətində olan Azərbaycan cəmiyyəti də Misir hadisələrinə həssas yanaşır. Tunis inqilabından sonra Misirdə də hakimiyyətdən narazı olan minlərlə insanın küçələrə axışması və öz etirazlarını bildirməsi diktator rejimlərindən narazı olan milyonlarla insanda ümid hissi yaratdı. Lakin bu proseslərdə əsas sual cavabsız qalır. Misirdə nə isə dəyişəcəkmi? Misir hadisələri Azərbaycana hər hansı bir ciddi təsir göstərəcəkmi? Misirdə baş verən hadisələrə daha həssas olan ABŞ 30 illik müttəfiqini itirmək istəyirmi?

Misirdə son bir neçə gündə baş verən qanlı hadisələr bir daha göztərdi ki, bu hadisələrlə bağlı maraqlı tərəflərin öz yanaşmaları var. Bu tərəflərdən biri olan ABŞ-ın əsas məqsədi Yaxın Şərqdə mövcud vəziyyətin ABŞ maraqlarına zidd olan tərəfə dəyişməməsidir. Odur ki, ABŞ-ın vitse-prezidenti Coy Biden Misir hadisələrində insan hüquqlarının kobud pozulmasına baxmayaraq Misir prezidentinin istefa verməsi üçün hələ vaxtın yetişmədiyini bildirib. Bu bəyanat o vaxt verildi ki, Qahirənin küçələrində hökumət nümayəndələri ilə müxalifət nümayəndələri arasında ciddi qarşıdurma davam edirdi və hələ 27 nəfər həlak olmuşdu, yüzlərlə insan ciddi xəsarət almışdı. Etirazlar başlayanan indiyə qədər 100-dən çox insan həlak olub, minlərlə insan xəsarət alıb. İnternet və mobil telefon xidmətləri dayandırılıb. Minlərlə insan həbs edilib. İşsizliyə və yoxsulluğa qarşı öz etirazın bildirən, korrupsiyaya qurşanmış hakimiyyətin istefasını tələb edən insanlara qarşı zor tətbiq edilməsi isə hələ də davam edir. Hüsnü Mübarək isə nəinki istefa verməyib, hətta etirazçılara qarşı daha kobud rəftarlara əl atılıb. Deməli, ABŞ rəsmiləri "hələ də istefa vaxtı çatmayıb" deyərək, "öz diktatorlarına" daha əzazil olmaq üçün "yaşıl işıq" yandırıblar. Görəsən, ölənlərin sayı nə qədər olacaqsa, ABŞ cənab Mübarəkə istefa vermək əmrini yollayacaq?

Öz ölkəsinin Hüsnü Mübarəkə açıq dəstəyini ifadə edən Biden "Mübarək çox məsələlərdə bizim müttəfiqimizdir. O, geosiyasi məsələlərdə bizim maraqlarımıza,Yaxın Şərqdə sülh cəhdlərinə, İsrail ilə normal əlaqələrin qurulmasına çox məsuliyyətlə yanaşır" deyərək, onun dictator adlandırılmasına da etiraz edir. Beləliklə, Bidenin məntiqinə görə, dictator o şəxs deyil ki, demokratik idarəetməni inkar edir və ya öz qeyri-məhdud hakimiyyətini quraraq, öz vətəndaşlarının həyatlarına qənim kəsilir, onların ən adı hüquqlarının təmin edilməsinə yol vermir, əksinə diktator o şəxsdir ki, ABŞ-ın maraqlarına xidmət etmir və ya onun diktəsi ilə hərəkət etməyərək öz ölkəsinin və xalqının maraqlarını önə çəkir. Bəli, bu gün Misir xalqının əleyhinə qalxdığı "diktator" ABŞ tərəfindən son 30 ildə dəstəklənən cənab Hüsnü Mübarəkdir. ABŞ hər il "öz diktatoruna" 1,3 milyard dollar dəyərində hərbi kömək göstərir. Lakin məlum deyil, kimdən qorunmaq üçün. Əlbəttə, öz hakimiyyətini mühkəmlənirmək, öz xalqına qənim kəsilərək ABŞ maraqlarını qorumaq üçün.

Beləliklə, ABŞ rəsmilərinin qənaətinə görə dinc yolla demokratik dəyişikliklərin olacağına ümidini itirmiş minlərlə insanın küçələrə çıxaraq istefa tələb etməsi və qanına bulaşması hələ Mübarəkin istefası üçün arqument deyil. Bu, yalnız Mübarəkin, ABŞ rəsmilərinin dili ilədesək, "xalqın bəzi ehtiyaclarına məsuliyyətlə yanaşmasına başlaması" üçün arquentdir. Görəsən Biden Mübarəkin NƏHAYƏT "xalqın bəzi ehtiyaclarını ödəməsinin vaxtı çatdiğini" dedikdə yadına saldımı ki, bu NƏHAYƏT 30 ildə nə üçün yetişmirdi. Biden, əslində belə açıqlamalar ilə Mübarəkə "bərk dur, biz sənin arxandayıq!" deyərək, Misir xalqına "siz nə edirsiniz edin, biz onsuz da onun prezidentliyini qəbul edirik" mesajı verirdi. ABŞ rəsmiləri Misir hadisələrinə belə münasibət sərgiləməklə bir daha sübut etdilər ki, müasir dövrün diktatorları əslində, heç nəyi diktə etmirlər, onlar ABŞ-ın tapşırıqlarını yerinə yetirirlər. Bəli, bu mənada doğrudan da onlar "diktator" deyilllər, onlar ABŞ siyasətini yerinə yetirən "siyasi kukladır".

Heç şübhə yoxdur ki, inqilab dalğasının Misirə yayılması Obama hökumətini çıxılmaz vəziyyətə salıb. Çünki Mübarək hökuməti həm "terrora qarşı mübarizədə", həm də İsrail-Fələstin danışıqlarında ABŞ-ın Yaxın Şərqdə maraqlarına tam cavab verən mövqedən çıxıç edirdi. Digər tərəfdən ABŞ "nə edirsən et, Misirdə vəziyyəti sabitləşdir" kimi açıq əmrlər də verə bilmir. Cünki "nə edirsən et"-in arxasında bir tərəfdən minlərlə insanın həyatı, digət tərəfdən ABŞ-ın beynəlxalq imici təklükə ilə üzləşir. Belə olan hallarda "gərginliyin öz xeyrinə idarə edilməsi" siyasətindən istifadə ABŞ üçün daha əlverişlidir. Heç şübhə yoxdur ki, ABŞ cənab Mübarəki xalq etirazlarının müəyyən səviyyəsinə qədər müdafiə edəcək. Əgər etirazlar səngimək bilməsə, ABŞ Mübarəkdən çox asanlıqla imtina edərək, hakimiyyətin ABŞ tərəfdarı olan "yeni diktatora" ötürülməsinə çalışacaq.

Odur ki, ABŞ rəsmiləri bir tərəfdən Mübarəkin istefasının hələ vaxtı çatmadığını deyir, digər tərəfdən insan hüquqlarının, söz və ifadə azadlığının carçısı kimi öz imiclərini saxlamağa cəhd göstərirlər. Təsadüfi deyil ki, Barak Obama da Misirdə çoxsaylı insan qırğınından təəssüfləndiyini bildirərək, Mübarəkin istefa verməsinin vaxtı çatdığını dilə gətirmir. Lakin hər cür zorakılığa son qoymağı, internetdən və mobil telefonlardan istifadəyə qoyulan qadağaların götürülməsini "məsləhət" verir. "Mən tam açıq şəkildə Misir hökumətini dinc etirazçılara qarşı zorakılığın tətbiq edilməsindən çəkinməyə çağırıram"-deyən Obama ABŞ-ın insan hüquqlarını hər yanda qorumağa çalışacağını xüsusi pafosla qeyd edir.

Bəzi siyasi ekspertlər belə düşünürlər ki, ABŞ-ın Misirlə bağlı siyasəti dəyişməyəcək və ABŞ Mübarək rejimini axıra qədər müdafiə edəcək. Bu fikirlərlə mahiyyət etibarı ilə razılaşmamaq mümkün deyil. Belə ki, ABŞ-ın Misir siyasəti tamamilə aydındır. Misir ordusu və polisi həm ABŞ, və həm də Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ciddi şəkildə dəstəklənir. Mübarək rejimi öz xalqının ziyanına ABŞ və İsrail siyasətini regionda həyata keçirən rejimdir. Lakin ABŞ-a o Mübarək lazımdır ki, Misirdə vəziyyəti nəzarətdə saxlayaraq ABŞ və İsrail maraqlarını müdafiə edə bilir. Əgər o bunu edə bilmirsə, əlbəttə yeni "Mübarəkə" ehtiyac olacaq.

Bəs necə olur ki, xalqın "etirazlarını idarə edərək" ABŞ öz "diktatorlarını" hakimiyyətə gətirir, dəstəkləyir və lazım olan anlarda "taxtdan salır"? ABŞ-a kim ixtiyar verib ki, xalqların, o cümlədən Misir xalqının tale ilə belə oynasın? Axı hamiya bəllidir ki, Misir hökuməti də devrilmiş Tunis hökuməti kimi Qərb iqtisadi maraqlarını Yaxın Şərqdə qoruyan "siyasi xidmətçidir". Görəsən, Misir xalqı Mübarəkin ABŞ tərəfindən dəstəklənməsinə və ya hər hansı bir mərhələdə "Mübarəkin" digər "Mübarəklə" dəyişdirilməsinə qarşı çıxa biləcəkmi? Görəsən, Misir xalqı “Mübarəklərin” yox, onları Misirə sırıyan qüvvələrin əsas problem olduğunu dərk edəcəkmi? Tunis cəmiyyəti bunu hiss etmədi, bəs Misir cəmiyyəti bunu hiss edəcəkmi?

Təəssüf ki, Misirdə də Tunisdəki kimi kütləvi etirazlarda əsas hədəf milli hökumətin düvrilməsidir. Müasir dövrün siyasi prosesləri bunu deməyə əsas verir ki, siyasi partiyaların xalq kütlələrindən uzaq olması və ya əksər müxalifət partiyalarının formalaşmasında ABŞ-ın "gizli əlinin" olması siyasi mübarizədə əsil hədəfdən yayınmaya gətirib çıxarır. Tunisdə olduğu kimi Misirdə də kütləvi etirazların hədəfi ABŞ nəzarətində olan "oyuncaq hökumətin" devirilməsidir, "oyuncaq hökuməti" quran və onları idarə edən güclərin əleyhinə deyil. Misir hadisələrini müşahidə edən hər bir kəsə bəllidir ki, "Mübarək istefa versin", "Bu rejim istefa versin "deyən etirazçılar heç də ABŞ əleyhinə şüarlar səsləndirmir, baxmayaraq ki, ABŞ hökuməti açıq-aşkar Mübarək rejimini dəstəklədiyini bəyan edir. Dünyanın müxtəlif guşələrində, o cümlədən Azərbaycanda Mübarək rejiminin əleyhinə çıxan və etirazçıları dəstəkləyən qüvvələr də "diktatoru" pisləyirlər, lakin "diktatoru" diktator edən ABŞ-ın adını belə çəkməyə ehtiyat edirlər. Doğrudanmı, Misir hadisələrinin kəskinləşməsinin arxasında ABŞ-ın dayandığı Misir xalqına hələ bəlli deyil? Bəlkə Misir müxalifəti, Azərbaycan müxalifəti kimi düşünür ki, xalqın məşəqqətlərinin əsas səbəbkarı kimi ABŞ-ın adı çəkilərsə, onların hakimiyyətə gəlişi daha da ləngiyər? Axı siyasi məqsədin "hakimiyyətə gəlmək" ideyası ilə məhdudlaşması, xalqın milli birliyini, milli müqavimət instinktini və nəhayət vətənpərvərliyini məhv edir.

Doğrudanmı Misir xalqı ABŞ-ın tam nəzarətində olan Beynəlxalq Maliyyə Qurumlarının 1991-ci ildən sonra Misirin iqtisadiyyatına nüfuz etməsindən və Misir iqtisadiyyatını nəzarətə almasından xəbərsizdir? Axı məhz həmin dövrdən Misir əhlisinin yoxsullaşması, qiymətlərin kəskin artması, iqtisadiyyatda tənəzzül və qeyri-sabitlik başlayıb.

Misirdə Hüsnü Mübarək, Tunisdə isə Ben Əli hökuməti ABŞ-ın iqtisadi müstəmləkəçiliyini öz ölkəsinə gətiriblər. Tunisdə Beynəlxalq Maliyyə Qurumları son iyirmi il ərzində milli iqtisadiyyatı məhv etdilər və Tunis iqtisadiyyatını dağıtdılar. Həm Ben Əli, həm də Hüsnü Mübarək ona görə hakimiyyətdə idilər ki, onlar Vaşinqtonun həm iqtisadi, həm də siyasi maraqlarına xidmət edirdilər. Yaxın Şərqin və Latın Amerikasının diktatorları da ABŞ tərəfindən maliyyələşən hərbi çevrilişlər vasitəsilə hakimiyyətə gəlmiş və ABŞ siyasətini regionda həyata keçirmişlər. Belə ölkələrdə qəbul edilən qərarlar, əslində Vaşinqtonda, ABŞ Dövlət Departamentində, Pentaqonda, Mərkəzi Kəşfiyyat İdarəsində , həmçinin Dünya Bankında və Beynəlxalq Valyuta Fondunda qəbul edilir. Xalq isə elə düşünür ki, bu qərarlar "diktatorlar" tərəfindən verilir. Odur ki, bu ölkələrdəki diktatorların ABŞ xarici siyasəti ilə əlaqələri diqqət mərkəzində olmalıdır. Belə diktatorlara qarşı mübarizə, "real diktatorlara", yəni onların arxasında dayanan və onları müdafiə edən və onlara göstərişlər verən diktatorlara qarşı yönəlməlidir. Etiraz hərəkatları cəmiyyətdəki bəlaların əsas səbəbinə qarşı çevrilməlidir. Yalnız bu halda cəmiyyətin əsas problemlərinin mənbəyi dəyişdirilə bilər. Tunisdə, Misirdə və ya hər hansı "diktatorla" idarəedilən ölkədə siyasi dəyişiklik o halda müvəffəqiyyətli ola bilər ki, ABŞ-ın bu xalqlar üzərindəki siyasi diktəsi, Beynəlxalq Maliyyə İnstitutlarının neoliberal iqtisadi islahatları kənara atılsın.

Beləliklə, əgər hər hansı bir ölkədə, o cümlədən Misidə etiraz hərəkatları ölkədaxili problemlərin əsas səbəbkarları olan xarici qüvvələrin rolunu üzə çıxarmasa və ona qarşı mübarizə aparmasa, "investorlar" adı ilə milli iqtisadiyyatı məhv edən Beynəlxalq Maliyyə İnstitutlarının işğalşılıq siyasətinə "yox!" deyilməsə, milli suverenliyi təmin etmək mümkün olmayacaq və ölkədə ciddi dəyişikliklər baş verməyəcək. Məqsədi dəqiq və aydın olmayan etirazlar günahsız insanların əziyyət çəkməsindən başqa bir nəticə verməz. Odur ki, həm siyasi, həm də iqtisadi cəhətdən ABŞ nəzarətində olan ölkələrdə rejimin dəyişdirilməsi adı ilə "bir "oyuncaq diktatorun" digər oyuncaq diktatorla" dəyişdirilməsi riski həmişə mövcuddur.

Nəzərə almaq lazımdır ki, "diktatorlar" təyin edilir və ya kənara atılır. Əgər onlar hər hansı bir siyasi situasiyada ABŞ maraqlarını tam təmin etmirsə və ya cəmiyyətdə ABŞ haqqında şübhələr yaratmağa başlayırsa, ABŞ özü bu diktatoru digər diktatorla əvəz etməyə maraqlı olur. Çünki belə dəyişmə cəmiyyətin etiraz hissinin müəyyən müddətdə sakitləşməsi deməkdir. Belə siyasi dəyişiklik cəmiyyətin "psixoloji rahatlanması" və ictimai "etiraz buxarının" çıxarılmasıdır. Lakin belə dəyişiklikdən yalnız ABŞ udur, xalq isə uduzur.

Xalq hərəkatının nizamsızlığı və siyasi mübarizənin motivinin aydın olmaması bu riski daha da artırır. Misir kimi ölkələrdə xalq hərəkatının əsas məqsədi əsil "diktatorların", yəni ölkə iqtisadiyyatına ziyan vuran və ölkənin iqtisadi suverenliyinə mane olan diktatorların, o cümlədən ABŞ siyasi institutlarının və Dünya Bankının fəaliyyətinin məhdudlaşdırılmasına yönəlməlidir. 
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru