Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


17 May

2010
2027
Müxalifət kimə arxalanmalıdır?
Ənənəvi müxalifətin sinfi mübarizə ideyasını inkar etməsinə baxmayaraq, Azərbaycanda mövcud müxalifətlə iqtidar arasındakı siyasi mübarizə öz xarakterinə görə məhz sinfi mübarizədir. Siyasi aktivliyin hazırkı durğun vəziyyəti cəmiyyətdə baş verən obyektiv hadisələrlə, xüsusilə iqtisadi təbəqələşmə ilə daha sıx bağlıdır. Cəmiyyətdəki pərakəndə müxaliflik sosial təbəqələr arasındakı obyektiv fərqlərin göstəricisidir. Belə ki, siyasi mübarizənin daşıyıcıları narazı sosial təbəqələr olur. Siyasi aktivliyin xarakterini və ya mahiyyətini düzgün müəyyənləşdirmək üçün cəmiyyətdə sosial qrupların müəyyənləşməsinə, onlar arasındakı münasibətlərin aydınlaşmasına ehtiyac var. Sosial siniflərin düzgün qruplaşdırılması siyasi müxalifətin hansı qrupa arxalanacağını da müəyyən edə bilər.
Sovet sistemi dağılandan sonra Azərbaycan cəmiyyətində də sosial təbəqələşmə prosesi sürətlə başlamışdır. Son 20 ildə Azərbaycanda baş verən hadisələrin sinfi təbəqələşmə prizmasından tədqiqi bunu deməyə əsas verir ki, sosial təbəqələşmə prosesi Azərbaycanda hələ başa çatmayıb və siyasi mübarizənin əsasında dayanan siyasi savadlı və mütəşəkkil sinif formalaşmayıb. Müstəqilliyin ilk dövrlərində siyasi mübarizədə mühüm yeri regionçuluq və əqrəbalılıq əsasına formalaşan qruplararası mübarizə tuturdusa, son dövrlərdə iqtisadi faktorlar sosial təbəqələşmədə və mübarizə motivlərində əhəmiyyət kəsb etməyə başlayıb. Bu proses hələ başa çatmadığından, siyasi müxalifətin bəziləri əvvəlki faktorlara uyğun siyasi texnologiyalara üstünlük verirlər. Azərbaycanda ənənəvi müxalifətin ən ciddi səhvlərindən biri də bundan ibarətdir ki, o, siyasi mübarizəni iqtisadi faktorlara əsaslanan sosial qruplar arasındakı mübarizə kimi, başqa sözlə, sinfi mübarizə kimi qəbul etmək istəmir. Məhz bunun nəticəsidir ki, onlar arxalandıqları zəif sosial qrupun Qərb tərəfindən dəstəkləyəcəyinə hələ də inam nümayiş etdirirlər.
Azərbaycanda mövcud sosial qrupların mahiyyətini və onların Qərblə iqtisadi iş birliyini müəyyən etməklə mövcud real siyasi vəziyyəti başa düşmək və cəmiyyətdə siyasi aktivliyi artırmaq istiqamətində müvafiq siyasi texnologiyaları qurmaq lazımdır. Sosial təbəqələrin həm istehsal vasitələrinə münasibətə görə (klassik bölgü), həm də illik gəlirlərə və təhsilə görə bölgüsü (müasir sosioloji bölgü) Azərbaycan timsalında qüsurludur. Hər iki bölgüdə Azərbaycan cəmiyyətində formalaşmaqda olan sosial qrupların iqtisadi və ya siyasi mahiyyəti öz əksini tapmır. Belə ki, Azərbaycanda yuxarıda qeyd etdiyimiz "gəlir imkanları"ndan başqa, ailə, əqrəba və regionçuluq münasibətləri də vardır və bu, sosial qrupların formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Azərbaycanda mövcud olan sosial qrupları
1) Varlı təbəqə;
2) Orta təbəqə;
3) Aşağı sosial təbəqə kimi üç qrupa bölmək olar.

Varlı təbəqə
1) Ən varlı təbəqə;
2) Orta varlı təbəqə və
3) aşağı varlı təbəqə kimi üç qrupa bölünə bilər.
Ən varlı təbəqə hakim ailə və onun ən yaxın ətrafını əhatə edir. Təqribi hesablama göstərir ki, bu qrup Azərbaycan ailələrinin cüzi bir hissəsini (təqribən 0,002 faiz) təşkil edir. Lakin bu təbəqə geniş mənada "istehsal prosesinə", o cümlədən ölkəyə gələn maliyyə axınına, özəlləşdirməyə, kreditlərin xərclənməsinə, idxal və ixrac fəaliyyətinə nəzarət edir. Bu təbəqə klassik mənada istehsal vasitələri üzərində geniş mülkiyyət hüququna malik olmasa da, belə mülkiyyətə malik olan varlı və orta varlı təbəqələr üzərində, həmçinin dövlət mülkiyyəti üzərində tam və geniş sərəncam hüququna malikdir. Bu təbəqə həm də Qərblə iqtisadi və siyasi iş birliyi quraraq cəmiyyətdə həyata keçirilən iqtisadi və siyasi islahatları tam nəzarətdə saxlayır.
Orta varlı təbəqə də geniş deyil və çox hallarda istehsal vasitələri üzərində mülkiyyət hüququna malik deyillər. Bu təbəqə Azərbaycan ailələrinin təqribən 0,5-1 faizini təşkil edərək, ən varlı təbəqənin dövlət mülkiyyəti və ictimai vəsait üzərində hər cür sərəncamlarının icraçısı kimi fəaliyyət göstərir. Bu təbəqə ictimai vəsaitlərin xərclənməsinə, korrupsiyaya, cəmiyyətdə geniş mal dövriyyəsinə, özəlləşmə proseslərinə nüfuz etmək imkanına malikdir. Bu təbəqənin əsas gəlirləri geniş xalq kütləsinin birbaşa istismarından keçmir və əsasən ictimai vəsaitlərin, neftdən gələn gəlirlərin mənimsənilməsindən, korrupsiya imkanlarından, dövlət əmlakının birbaşa özəlləşdirilməsindən əldə edilən gəlirlərdən və s. formalaşır. Bu təbəqənin formalaşması hakim ailənin nəzarəti və köməyi ilə yaranır. Təhsil və peşəkarlıq bu təbəqənin formalaşmasında aparıcı deyil. Bu təbəqəyə nazirlər, nazir müavinləri, komitə sədrləri, bank sahibləri, icra başçıları, yüksək prokurorluq və məhkəmə korpusu və s. bu qəbildən olan vəzifələri tutan insanlar daxildir. Xarici şirkətlərlə əlaqədə fəaliyyət göstərən biznes strukturlarının idarəçiləri də bu qrupa daxildir.
Aşağı varlı təbəqə varlı təbəqədən fərqli olaraq çox hallarda istehsal vasitələri üzərində mülkiyyət hüququna malikdir. Onların əsas gəlirləri dövlət əmlakının talanmasından, ictimai vəsaitlərin mənimsənilməsindən və müxtəlif fəaliyyət sahələrində korrupsiya imkanlarından formalaşır. Bu təbəqə daha çox yuxarı orta təbəqə ilə "iş birliyində" olur. Bu təbəqənin cəmiyyətin aşağı təbəqəsi ilə, xüsusilə muzdlu işçilərlə əlaqəsi xeyli azdır. Bu təbəqə varlı təbəqənin daha geniş hissəsini, Azərbaycan ailələrinin isə 2-3 faizini təşkil edir. Bu təbəqəyə varlı təbəqənin nəzarətində olan bütün gəlir sahələrinin birbaşa icraçıları, həmçinin əhalinin daha geniş təbəqəsi ilə əlaqəli olan dövlət qurumlarının nümayəndələri, bank və digər maliyyə qurumlarının nümayəndələri, varlı təbəqənin nəzarətində olan biznes strukturlarının və istehsal sahələrinin sahibləri və ya idarəçiləri daxildir. Bu təbəqənin formalaşmasında da hakim ailənin birbaşa nəzarəti təmin edilib. Təhsil və peşəkarlıq bu təbəqənin formalaşmasında da aparıcı deyil. Bu təbəqədə də əsasən digər varlı təbəqələrdəki ailələrlə əqrabalıq, regionçuluq və şəxsi etibar prinsipləri əsasında yaxınlığı olan ailələr toplaşır.
Orta təbəqə
1) Yuxarı orta təbəqə və
2) aşağı orta təbəqəyə bölünür.
Varlı təbəqənin nəzarətində olan biznes strukturlarının idarəediciləri və ya sahibləri yuxarı orta təbəqəyə daxildir. Xarici şirkətlərin menecerləri, orta sahibkarlıqla məşğul olan insanlar da bu qrupdadır. Bu qrupun böyük əksəriyyəti istehsal vasitələri üzərində mülkiyyət hüququna malikdirlər və Azərbaycanda klassik mənada "kapitalistlər" rolunu bu sinif yerinə yetirir. Varlı təbəqələr tərəfindən şəhərlərdə ticarət obyektlərinin və ya istehsal sahələrinin yaradılması, kənd rayonlarında geniş torpaq sahələrinin əldə edilməsi və muzdlu işçilərin idarəedilməsi bu qrupa həvalə edilir. Dövlət idarələri adından əhali ilə birbaşa əlaqə saxlayan məmur kütləsi də bu qrupa daxildir. Əhalinin daha geniş kütləsi ilə korrupsiya əlaqəsində olan "dövlət adamları" da bu qrupdadırlar. Bu qrup Azərbaycan ailələrinin geniş bir təbəqəsini, təqribən 10-13 faizini faizini təşkil edir. Bu təbəqənin formalaşması varlı təbəqənin birbaşa nəzarəti və köməyi ilə əqrəbalılıq, regionçuluq və şəxsi etibar əsasında yaranır. Təhsil və peşəkarlıq bu təbəqənin formalaşmasında aparıcı olmasa da, müəyyən rol oynayır. Varlı təbəqənin iqtisadi maraqlarının qorunması bu qrupun formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Aşağı orta təbəqəyə kiçik və fərdi sahibkarlardan tutmuş büdcə idarələrindəki aşağı ranqlı məmurlara qədər geniş əhali kütləsi daxildir. Bu təbəqəyə ali və orta məktəb müəllimləri, orta təbəqəli tibb və bank işçiləri də daxildir. Xarici şirkətlərdə fəaliyyət göstərən ixtisaslı fəhlələr və xidmətçilər də bu təbəqədədir. Bu təbəqənin formalaşmasında təhsil və peşəkarlıq əsas rol oynasa da, onların əldə etdikləri mövqelər mühüm rüşvət nöqtələridir və belə mövqelərin əldə edilməsi üçün yuxarı orta təbəqənin və ya varlı təbəqənin himayəsinin olması çox hallarda lazım gəlir. Bu təbəqə geniş spektrli ziyalı kütləsini də özündə birləşdirir və bütün regionun nümayəndələrini əhatə edir. Bu təbəqəyə Azərbaycan ailələrinin təqribən 20-25 faizinin daxil olduğunu demək mümkündür. Bu təbəqə xarici ideoloji təsirlərə daha həssasdır və cəmiyyətin siyasi aktiv zümrəsini təşkil edir. Belə ki, Azərbaycan QHT-si, müxalifət media işçilərini və müxalifət siyasi partiyaların rəhbər orqanlarının nümayəndələrini də əhatə edən bu qrup cəmiyyətin ziyalı hissəsini təşkil etdiyindən, Qərb ölkələri tərəfindən Azərbaycan hakimiyyətinə təsir vasitəsi kimi istifadə olunur. Bu təbəqə siyasi müxalifətin potensial arxalana biləcəyi elektoratdır. Lakin indiki ictimai-siyasi şəraitdə, onlar siyasi proseslərə o qədər də aktiv qoşulmurlar. Belə ki, mövcud siyasi müxalifət əqrəbalılıq və regionçuluq əlaqələrindən daha güclü olan aydın və iqtisadi cəhətdən cəlbedici mahiyyətli siyasi mübarizə motivinə malik olmadığından, bu təbəqəni təşkilatlandırmağa müvəffəq ola bilmir. Bu təbəqənin parçalanmasında Qərb ölkələrinin müvafiq qurumları da mühüm rol oynayırlar. "Vətəndaş cəmiyyətinə dəstək" adı ilə bu təbəqənin siyasi proseslərdən uzaqlaşdırılması və pərakəndə şəkildə idarə edilməsi Qərbin Azərbaycandakı iqtisadi maraqlarına tamamilə uyğundur.
Aşağı sosial təbəqə
1) işçi təbəqəyə və
2) yoxsul təbəqəyə bölünür.
İşçi təbəqəyə müxtəlif istehsal sahələrində, o cümlədən emal və hasilat sənayesində çalışan orta ixtisaslı fəhlələr, tikinti və xidmət sahəsində çalışan insanlar, kiçik torpaq sahəsinə malik olan kənd adamları, fərdi sahibkarlıqla məşğul olan xidmətçilər və sair ailələr daxildir. Bu qrupda da bütün regionların nümayəndələri toplaşıb. Regionlarda yaşayan insanların xeyli hissəsi muzdlu fəhlələr kimi fəaliyyət göstərirlər. Bu təbəqə Azərbaycan ailələrinin 40-45 faizini təmsil edir.
Rəsmi statistikaya görə, yoxsul təbəqə əhalinin 16 faizini təşkil edir. Əlbəttə, bu rəqəm regionlarda torpaq sahələrinə malik olan, lakin ondan istifadə edə bilməyən insanları nəzərə almayıb. Belə insanları da nəzərə alsaq, yoxsul ailələrin sayı xeyli çoxalar.
Azərbaycan cəmiyyətində sosial siniflərin mövcud təsnifatı mövcud siyasi mübarizənin yalnız siyasi hakimiyyətə qarşı yönəldiyindən xəbər verir. Belə mübarizədə sosial sinifləri səfərbər etmək daxili qüvvələrlə, o cümlədən mövcud müxalifətin gücü ilə mümkün deyil. Daxili qüvvələri o vaxt səfərbər etmək olar ki, siyasi mübarizə kapitalın hakimiyyətinə qarşı yönəlsin. Klassik mənada kapitalist münasibətlərinin hələ Azərbaycanda formalaşmaması isə kapital hakimiyyətinə qarşı antaqonist sosial sinfin olmaması səbəbindən müvəffəqiyyətli ola bilməz. Beləliklə, Azərbaycandakı mövcud sosial təbəqələr arasında ciddi qarşıdurmanın olmaması siyasi mübarizənin genişlənməsini və mövcud müxalif qüvvələrin qələbəsini istisna edir. Sosial qrupların daha geniş təbəqəsini siyasi mübarizəyə cəlb etmək və siyasi cəhətdən daha geniş kütləni maarifləndirmək məqsədilə müxalifətin aid olduğu sosial qrupun sinfi mənafeyi yox, ümummilli mənafe siyasi mübarizənin motivinə çevrilməlidir. Bu mənafelərdən ən əsası isə Azərbaycanın yeraltı sərvətlərinin Qərb şirkətləri tərəfindən mənimsənilməsinə və regionun hərbiləşməsinə qarşı mübarizə ola bilər.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru