Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


03 May

2010
1792
Milli Məclisə seçkilər
Milli Məclisə seçkilər yaxınlaşır. Bununla əlaqədar olaraq Azərbaycan siyasi müxalifəti üçün çox vacib olan məsələlər, o cümlədən
1) mövcud siyasi vəziyyətin düzgün qiymətləndirilməsi;
2) son 20 ildə Azərbaycanda baş vermiş hadisələrin kontekstində bugünkü siyasi mübarizənin mahiyyətinin aydınlaşdırılması;
3) müxalifətin arxalana biləcəyi sosial qrupların müəyyənləşməsi;
4) Azərbaycanda siyasi və iqtisadi marağı olan xarici qüvvələrin təsir vektorlarının dəqiqləşdirilməsi;
5) Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrinin qiymətləndirilməsi;
6) bu real qüvvələr arasında münasibətlərin xarakterinin aydınlaşdırılması öz həllini gözləyir.
Bu siyahı müxalifətin beyin mərkəzləri tərəfindən ciddi təhlilini gözləyən çoxsaylı suallardan yalnız bir qismidir. Lakin bu suallar bir-biri ilə üzvü bağlıdır və onlardan hər hansı birinə etinasızlıq müxalifətin növbəti seçkilərdə də məğlubiyyətsizliyinin əsasını qoya bilər. əzərə almaq lazımdır ki, 2010-cu ildə Milli Məclisə keçiriləcək seçkilərdə müxalifətin öz arxasınca geniş xalq kütləsi apara bilib və ya bilməyəcəyi bu məsələlərin nə qədər düzgün araşdırılmasından asılıdır.
Gəlin, bu məsələlərdən bəzilərini, eləcə də Azərbaycanda seçki öncəsi siyasi vəziyyəti qiymətləndirməyə çalışaq. Qiymətləndirmə obyekti kimi, əvvəlcə əhalinin siyasi aktivliyi və siyasi partiyaların seçkiyə hazırlıq imkanları götürülməlidir. Əhalinin siyasi aktivliyinin göstəricisi kimi isə təkcə birləşmə azadlığından istifadə imkanları deyil, həmçinin son dövrlərdə keçirilmiş seçkilərdə iştirak imkanları əsas götürülməlidir. Siyasi partiyaların aktivliyi və ya seçkilərə hazırlıq imkanları dedikdə isə onların ictimai-siyasi proseslərə reaksiyası, əhali ilə təmasları, seçkilərdə iştirak və dövlət idarəçiliyinə təsir imkanları əsas götürülə bilər.
Bu mənada, 15 oktyabr 2003-cü il prezident seçkilərindən sonrakı dövrü Azərbaycan cəmiyyətinin siyasi aktivliyinin və siyasi partiyaların fəaliyyətinin tənəzzül dövrü kimi xarakterizə etmək olar. Bu tənəzzülü iqtidarın qeyri-qanuni və zorakı fəaliyyəti ilə, siyasi qurumların inkişafına imkan verməməsi ilə əlaqələndirənlər də olur. Lakin nəzərə almaq lazımdır ki, hər hansı iqtidar tərəfindən öz opponentlərinə qarşı təqiblərdən, zor vasitələrindən istifadə edilməsi, onların ictimaiyyət qarşısında nüfuzdan salınması üçün ən iyrənc vasitələrə əl atılması siyasi mübarizədə təbii qəbul edilməlidir. Siyasi əhəmiyyəti olan əsas sual ondan ibarətdir ki, belə iqtidar-müxalifət çarpışmasında geniş xalq kütləsi kimin tərəfindədir. Heç bir iqtidar heç bir müxalifətə "münbit şərait" yaratmaz ki, müxalifət güclənsin və onu məğlub etsin. Deməli, o müxalifəti müvəffəqiyyət gözləyir ki, onun güclənməsi xalq kütlələri ilə bağlı olsun və iqtidar-müxalifət döyüşündə xalq kütlələri onun yanında dayansın. Əlbəttə, Sorosun təbliğ etdiyi "açıq cəmiyyətlər"də müxalifətin müvəffəqiyyəti üçün bu faktor zəruri olsa da, hələ kafi deyil. Müxalifətin geniş xalq kütlələrindən məhrum edilməsi, onlar arasında "ideoloji səddin" çəkilməsi və "inamsızlıq sindromu"nun yaradılması bütün Sorossayağı "açıq cəmiyyətlər"ə xasdır. Odur ki, xalq kütlələrinin siyasi müxalifətlə əlbir fəaliyyəti həmişə müdaxilə obyekti olmuşdur. Xatırladaq ki, 2004 və 2009-cu illərdə bələdiyyələrə seçkilərin keçirilməsi də formal xarakter daşıdı. Müxalifətin ilk bələdiyyə seçkilərində zəif iştirakı onun sonrakı dövrlərdə yerli dayaqlarının zəifləməsinə şərait yaratdı. Bələdiyyə seçkilərində seçki hüququ olan əhalinin cəmi 5-7 faizinin iştirakı və cəmiyyət tərəfindən seçkilərdə iştirakın əhəmiyyətsizliyinə qeyri-adi inam, ciddi qanun pozuntuları və bələdiyyə üzvlərinin bəzi yerli icra başçıları tərəfindən korrupsiya əsasında müəyyənləşməsi 1993-cü ildən bəri Azərbaycanda aparılan siyasi islahatların məntiqi nəticəsi idi.
2005-ci il parlament seçkilərində də Milli Məclis üzvlərinin Prezident Aparatı tərəfindən müəyyənləşməsinə və saxtakarlıq üçün şəraitin yaradılmasına dolayısı yolla mövcud Konstitusiya, Seçki Məcəlləsi və digər qanunlar hüquqi imkan yaratdı. Azərbaycanda aparılmış seçki islahatları son 15 ildə həyata keçirilmiş siyasi islahatların məntiqi sonluğu idi və odur ki, 2005-ci ildə də Milli Məclisə seçkilərdə total saxtakarlığı gözləmək təbii idi.
Lakin mövcud şəraitdə müxalifətin geniş xalq kütlələrindən təcrid edilməsinin səbəbi təkcə hakimiyyətin "siyasi bacarığı" ilə şərtlənmir. Burada daha iki ciddi amil öz mənfi təsirini göstərməkdədir. Bunlardan birincisi Azərbaycanda iqtisadi və siyasi maraqları olan böyük güclərin, xüsusilə ABŞ-ın mövcud müxalifətdən hakimiyyətə təsir vasitəsi kimi istifadə etmək və ondan lazım olan güzəştləri almaq siyasətidir. İkincisi isə müxalifətin ardıcıl ideoloji bazasının və aydın məqsədinin olmaması ilə, çox hallarda müxalifət tərəfindən xalq kütlələrinin marağının satılması və ya siyasi qorxaqlıqla bağlıdır.
Seçkiqabağı dövrdə Azərbaycandakı siyasi mühitdə marağı olan qüvvələrin müəyyənləşməsi, Azərbaycandakı ictimai-siyasi hadisələrin xarakterinin və ABŞ-ın siyasi proseslərə təsir vektorlarının mahiyyətinin öyrənilməsinə böyük ehtiyac vardır. Belə ki, böyük sistemə daxil olan daha kiçik sistemlərin obyektiv, lakin fərqli inkişaf dialektikası var. Belə kiçik sistemlərdə baş verən hadisələr təkcə daxili ziddiyyətlərlə deyil, həm də xarici təsirlərlə şərtlənir. Buna görə də cəmiyyətdə elə siyasi qurumlar olmalıdır ki, daxili hadisələri xarici təsirlərlə uyğunlaşdırsın, lazım gəldikdə müqaviməti təşkil etsin. Belə siyasi qurumlar olmasa mövcud sistem özünəməxsusluğunu tamamilə itirər. Başqa sözlə, siyasi institutlar olmasa dövlətin dayanıqlı və demokratik inkişafı təmin edilə bilməz.
Bu qüvvələr içərisində aparıcı və müəyyənedici olan ABŞ və onun nəzarətindəki transmilli şirkətlərdir. Azərbaycan-ABŞ əlaqələrinin tarixi analizi bunu deməyə əsas verir ki, Azərbaycan-Amerika əlaqələrinin ikinci dövründə, yəni müstəqilliyin elan edilməsindən böyük neft kontraktlarının imzalanmasına qədər olan dövrdə, ABŞ hökuməti müxalifət qüvvələrini dəstəkləyərək, müharibə şəraitində olan ölkənin daxili həmrəyliyinə və səfərbərliyinə ciddi mane olmuşdur. Əsas məqsəd isə o vaxtlar mövcud hakimiyyətin gücünü zəiflətməklə ölkənin sərvətlərinin nəzarətə keçirilməsinə nail olmaqdan və regionda möhkəmlənməkdən ibarətdir. Bu dövrdə mövcud olan hər bir iqtidara qarşı güclü müxalifət formalaşdırılmış və onun geniş xalq kütlələri ilə əlaqəsi dəstəklənmişdir.
Azərbaycan-Amerika əlaqələrinin üçüncü dövründə, yəni 1994-cü ildən sonrakı dövrlərdə, başqa sözlə, ABŞ-ın iqtisadi, siyasi maraqlarına xidmət edən neft kontraktlarının imzalanmasından sonra "idarə ediləbilən", "zahirən sabit", "idarə ediləbilən demokratiyaya malik" cəmiyyətin formalaşması ABŞ-ın maraqlarına daha uyğun olmuşdur. Odur ki, bu dövrdə ABŞ-ın Azərbaycan üzrə siyasətində digər prioritetlər əsas götürülmüşdür. Bu prioritetlər içərisində idarə oluna bilən siyasi müxalifətin yaradılması və bu müxalifətdən lazım olan hallarda hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edilməsi mühüm yer tutur. Bu prioritetdən siyasi hakimiyyətin nəzarətdə saxlanılması və ondan lazım olan hallarda, xüsusilə hasilat sənayesi və regional siyasətlə bağlı güzəştlərin əldə edilməsi üçün mütəmadi olaraq istifadə edilir. Azərbaycanda "idarə oluna bilən müxalifətin" yaradılması və ona ABŞ-ın müvafiq qurumları tərəfindən lazımi dəstəyin verilməsi Azərbaycan daxilində vətəndaş birliyinə ciddi ziyan vurmaqla yanaşı, həm də müxtəlif tipli potensial etnik münaqişələr təhlükəsinin yaradılmasına da səbəb ola bilər.
ABŞ-ın Azərbaycanda müxalifət qüvvələrindən bu məqsədlə istifadə etməsi və onun aktivləşməsinin "yuxarı həddinin" nəzarətdə saxlanması müxalifətlə geniş xalq kütləsinin yaxın əlaqəsinin olmasını istisna edir. Çünki geniş xalq kütləsi bəzən idarə edilməz olur və ya çətin idarə edilir. ABŞ-ın Azərbaycandakı iqtisadi maraqlarının mahiyyətinin analizi deməyə əsas verir ki, mövcud hakimiyyətin Milli Məclis vasitəsilə daha 5 il dəstəklənməsi, lakin nəzarətdə saxlanması ABŞ tərəfindən müdafiə ediləcəkdir. ABŞ-ın bu siyasətinə dəstək verərək öz xalqına "qənim kəsilmək" missiyası isə Azərbaycan müxalifətinin payına düşür.
Deməli, mövcud mahiyyətli müxalifətin güclənməsində və onun geniş xalq kütləsi ilə birləşməsində təkcə mövcud iqtidar yox, həm də ABŞ və onun maraqlarına xidmət edən beynəlxalq təşkilatlar, transmilli şirkətlər maraqlı deyil. Belə müxalifət iqtidarı əvəz etmək üçün yox, onu təzyiqdə və səksəkədə saxlamaq üçün qiymətlidir.
Mövcud şəraitdə müxalifətin geniş xalq kütlələrindən təcrid edilməsinin üçüncü səbəbi isə, müxalifətin ardıcıl ideoloji bazasının və ya aydın məqsədinin olmaması, çox hallarda müxalifət tərəfindən xalq kütlələrinin marağının satılması və ya siyasi qorxaqlığı ilə bağlıdır. Bu reallıq belə bir haqlı sual doğurur: Görəsən, Azərbaycanda geniş xalq kütləsinin mövcud müxalifətin arxasınca getməsinə nə dərəcədə obyektiv zərurət var? Hazırda KİV-də ən çox təkrarlanan fikirlərdən biri də ondan ibarətdir ki, belə müxalifət cəmiyyətə lazım deyil. Qeyd etmək lazımdır ki, əhalinin ictimai şüurunda müxalifətə qarşı mənfi fikirlərin formalaşdırılması istiqamətində iqtidarın "tökdüyü tər" öz bəhrəsini müəyyən qədər verib. Lakin cəmiyyətdə hökm sürən siyasi passivlikdə və müxalifətlə xalq kütlələri arasında yaranmış uçurumda müxalifətin payına düşən "günah" ondan ibarətdir ki, müxalifət mövcud ictimai-siyasi vəziyyəti təhlil etməli, cəmiyyəti narahat edən prioritet problemləri müəyyənləşdirməli, 2003-cü il seçkilərində müxalifətin məğlubiyyətinin obyektiv siyasi təhlilini aparılmalı idi.
Geniş xalq kütləsinin mövcud müxalifətin arxasınca getməsinə obyektiv zərurət o vaxt yarana bilər ki, xalq kütləsi müxalifətlə iqtidar arasındakı ideoloji fərqi və ya proqram fərqini hiss etsin. Geniş xalq kütlələrinin ehtiyac duyduğu, asan başa düşülən dildə hazırlanmış ideoloji bazanın olmaması isə müxalifət düşərgəsində, hətta ayrıca götürülmüş partiyalar daxilində dayanıqlı birliyin olmamasından xəbər verir. Odur ki, son 15 ildə partiyalar durmadan parçalanır. Hakimiyyətə iddialı olan müxalifət qüvvələri cəmiyyətdə mövcud problemləri aradan qaldırmaq üçün arqumentləşdirilmiş, geniş xalq kütləsinin başa düşdüyü tərzdə hazırlanmış və cəlbedici olan proqramlarla çıxış etməlidirlər. Lakin mövcud hakimiyyətin "siyasəti" ilə müxalifətin yazılmamış və fraqmentar şəkildə təqdim etdiyi proqramlar arasında ciddi fərqlər yoxdur.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 03:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru