Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Aprel

2014
12:28
743
Bakıda yeni turizm marşrutu açılır

FaktXəbər-in verdiyi məlumata görə, Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan "City Sightseeing Worldwide" şirkəti ilə bağlanmış razılaşmaya əsasən, paytaxtda şirkətin nümayəndəliyi yaradılıb. Nazirlikdən verilən məlumata görə, aprelin 3-dən 5-dək keçiriləcək "AİTF 2014" XIII-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ilk günü Bakı Expo Mərkəzində layihənin əsas təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, "City Sightseeing Worldwide" şirkəti ikimərtəbəli üstüaçıq avtobuslarda ekskursiyalar təşkil edən dünyanın aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılıb. Fəaliyyətini cəmi 4 turla başlayan "City Sightseeing" şirkəti hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsi ilə ekskursiyalar təşkil edir. 2013-cü ildə bu şirkət 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidməti göstərib. Şəhər turu üçün əldə edilən bileti 24 saat ərzində "hop on - hop off" sistemi ilə istifadə etmək olar. Yəni, hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.

Bakıda təşkil ediləcək bu şəhər turları Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Dövlət Yol Polisinin təsdiq etdiyi marşrut üzrə qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edəcək. Marşrutun uzunluğu təxminən 15 km və 1 saat 30 dəqiqə təşkil edəcək. Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaq. "Gülərüz Kobra" MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcək. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanacaq. Xarici vətəndaşlar üçün biletin qiyməti 20 manat, Azərbaycan vətəndaşları üçün 10 manat təşkil edəcək. Biletin sahibi bileti əldə etdiyi andan etibarən 24 saat ərzində istənilən miqdarda avtobusa daxil olub turunu davam edə bilər.

Jurnalistlər, otel işçiləri, 5 yaşa qədər uşaqlar və əlil insanlar üçün giriş pulsuz olacaq. Qarabağ veteranları, təqaüdçülər və tələbələr müvafiq vəsiqələrini təqdim etdikdə, onlar üçün biletin qiyməti 5 manat təşkil edəcək. Aprelin 4-də saat 15:00-da Azadlıq meydanının qarşısında Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün mətbuat turu təşkil ediləcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru