Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Dekabr

2013
10:08
1129
Mehman Əliyev müxalifətdəki qarışıqlıqda iqtidardan şübhələnir
“Burada hakimiyyətin barmağı olub, mən bunu 100 faiz bilirəm”

“Bu proseslərdə adları çəkilən, aralarında hansısa problem yaşanan şəxslərin hamısı müxalifət demək deyil. Məsələn, Rüstəm İbrahimbəyov özünü heç vaxt müxalifət saymayıb. Rəsul Quliyev ancaq seçkilər dövründə, hansısa bir vəziyyət yarananda birdən-birə peyda olur, sonra da dərhal itir. Lalə Şövkət də onun kimi, müəyyən bir anda görünür, sonra yoxa çıxır. Şəxsən mən Lalə Şövkəti sonuncu dəfə nə vaxt gördüyümü təxmin eləmirəm. Rəsul Quliyevi isə son dəfə 2001-ci ilin yanvarında görmüşəm. Belələrinə daha çox distansion - məsafəli iştirak edənlər deyirlər. Real, aparıcı müxalifət isə burda, Azərbaycanda, meydandadırlar. O birilərin harada olduğunu bilmiriksə, nədən söhbət gedə bilər. Var məsafəli müxalifət, bir də var real, iş aparan müxalifət”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri, Milli Şuranın üzvü Mehman Əliyev 9 oktyabr seçkisindən sonra müxalifət düşərgəsində, xüsusilə də Milli Şurada birləşən qüvvələr arasında baş verənləri, bəzi istefaları, qarşıdurma, bölücülük, qarşılıqlı ittiham mühitini şərh edərkən bunları bildirdi. O xatırlatdı ki, seçkiqabağı imzatoplama kampaniyasında ümumilikdə imzaların 42 minini AXCP və Müsavat topladı: “Əlavə 3 min imzanı isə qalan qüvvələr topladı, ancaq sonradan məlum oldu ki, onların da bir hissəsi saxta imzalar imiş, yaxşı ki, iki partiya 40 mindən yuxarı imza toplamışdı. Seçki Qərargahına gəldikdə, bu qərargahı kimlərin idarə etdiyi də bəllidir: AXCP və Müsavat idi. Həmçinin yerlərdə iş aparanlar, mitinqləri təşkilat edənlər də Müsavat və AXCP üzvləri oldu. Hərə öz gücünə, imkanlarına uyğun olaraq danışmalıdır. Gəlib Müsavat və ya Cəbhədən tələb etmək ki, sən mənim rəyimlə, mövqeyimlə razılaşmalısan, buna tabe olmalısan, bu, gülüncdür”. M.Əliyev AXCP və Müsavat arasında münasibətləri normal dəyərləndirdi: “2010-cu ildən sonra yaradılan İctimai Palata indiyə qədər normal fəaliyyət göstərib, əməkdaşlıq həmişə olub. Düzdür, müəyyən fikir ayrılığı, məsələlərə fərqli baxışlar olub, bu da normaldır. Amma həmişə tərəflər kompromisli şəkildə müttəfiqlik ediblər. Bu əməkdaşlıq özünü seçki prosesində və ondan sonra da təsdiq edib. Ona görə də mən burda hər hansı bir problem axtarmazdım, çünki onu görmürəm”.

Ekspert yaranmış gərginliyin seçkisonrası situasiyadan, nəticənin əldən verilməsindən irəli gəldiyini düşünmür: “Hamı bilirdi ki, seçki qeyri-bərabər şəraitdə keçirilib, seçkilər hələ qabaqcadan saxtalaşdırılmışdı, seçki prosesi özü saxta idi. Həmin siz dediyiniz qüvvələr demokratik qüvvələrin seçkilərə qatılmasının qarşısını almaq istəyirdilər. Belə bir situasiya avqust ayındakı sessiyada yaranmışdı. Məhz onların destruktiv hərəkətlərinin qarşısının alınmasında yenə də son anda AXCP və Müsavatın böyük rolu oldu. Yəni İsa bəy qəti mövqe qoydu ki, seçkiyə getməsəniz mən özüm partiyanın adından seçkilərə qatılacağam. Bununla da onları ehtiyat namizədə səs verməyə razılaşdırdı. Demək olar ki, çox qısa müddətdə, az qala imzatoplama kampaniyası bitən məqamda seçkilərə qatıldılar və seçki kampaniyası da sıfır vəziyyətdə başlandı. Çünki ona qədər fəaliyyət göstərən qərargah özündən sonra heç bir miras qoymamışdı. Odur ki, seçki kampaniyası sıfır vəziyyətindən aparılıb. Seçki kampaniyasının nəticələri isə ondan ibarətdir ki, seçkilər beynəlxalq təşkilatlar, demokratik dövlətlər tərəfindən tanınmayıb, bu, realdır. Hesab edirəm ki, bu, demokratik qüvvələrin çox böyük qələbəsidir. Yəni müxalifət qeyri-bərabər şəkildə hakimiyyətin o boyda yalanının üstünü açmağa və təsdiqləməyə nail oldu. Həmin o iki partiya göstərdi ki, onlar vardırlar, real gücdürlər və real mübarizə aparan insanlardırlar. Təbii ki, burada Azərbaycan cəmiyyətinin də uğuru var. Amma iki partiyanın uğuru da faktdır. Kimsə deyə bilər ki, mənim kiməsə qarşı rəğbətim var, yaxud yoxdur. Kim istəyrsə, üzbəüz otursun, mən onunla bu mövzuda diskussiya aparmağa hazıram".

M.Əliyev şübhə etmir ki, destruktiv adlandırdığı qüvvələrə stimul verən həm də hakimiyyətdir: “Burada müxtəlif səbəblər var. Yəni şəxsi qısqanclıq, fərdi baxış, kiməsə qarşı şəxsi münasibət ola bilər. Həmçinin daxili hansısa qrupda birləşən insanların maraqları da rol oynaya bilər. Burada hakimiyyətin barmağı olub, mən bunu 100 faiz bilirəm. Hətta neçə faiz rolu olub, bunu da bilirəm, əvvəldən də məlumatım var idi. Ümumiyyətlə, seçkinin bu şəkildə gedəcəyini əvvəlcədən gözləyirdim və bu gözləntiləri, informasiyaları partiya liderləri ilə də bölüşmüşəm. Proseslər elə gözlədiyimiz kimi də olsun”.

Cavid Turan

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru