Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 İyun

2017
12:08
1186
Qəzzanın çəkdiyi acı

Qəzza kiçik və sıxılmış bir Fələstindir. Ovuc qədər böyük bir coğrafiya parçasıdır. Aralıq dənizi üzərində bir sahil zolağı şəklində uzanan Qəzzanın sahəsi 365 kv.km-i keçmir. Ancaq dünyanın ən sıx məskunlaşmasına malikdir. Milyon yarımlıq fələstinli, sanki bir mühasirə düşərgəsində yaşayır. Əslində bunların yarısı Fələstinin digər şəhər və kəndlərindən gələn mühacirlərdir. Qəzzalıların Adəm oğlunun dözüm sərhədlərini aşan əziyyətə qarşı göstərdiyi müqavimət, Fələstinin həm çəkdiyi əziyyətə, həm də Fələstin qüruruna şahidlik etməkdədir.

Qəzzanın çəkdiyi əziyyət dünyanın susqunluğuna şahidlik etməkdədir. Dünyanın İnsan Haqları Bəyannaməsinin 65 yaşı tamam olub. Amma pozulan insan haqları və insan haqlarını qorumağa məsul olanların susqunluğu göz önündədir. İsrailin insan haqlarına ən çox hörmət göstərən dövlət olduğu iddia edilir. İsraillilərin yarısına görə, İsrail bir çox Avropa ölkəsindən daha çox insan haqlarına hörmət göstərir. Halbuki, Qəzzaya tətbiq olunan mühasirə, sıxma və öldürmə cəhdləri hər şeyə şahidlik edir. BMT İnsan Haqları nümayəndəsi və Fələstin üzrə müşahidəçi Riçard Falk - hansı ki, amerikalı yəhudidir, vicdan sahibidir - Qəzza mühasirəsini insanlığa edilmiş cinayət olaraq xarakterizə edib. Bunu amerikalı bir yəhudi söyləyərkən, bir ərəb dövlət başçısı, ya da səlahiyyətlisi bu gerçəyi etiraf edə bilmir. Fələstin Adminstrasiyasının rəhbəri Mahmud Abbas da bu həqiqəti dilə gətirmir. Halbuki, Falk İsrail rəhbərlərinin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini istəyir. Ancaq bu çağırışı kim eşidər, kim mühakimə edər?

Fələstində yaşayan müsəlmanların çəkdiyi əziyyətlə maraqlanmayaraq, həcc vəzifəsini əda etmək, əməlləri yerinə yetirmək, əfv və bağışlanma diləmək, günahlardan təmizlənmək üçün Ərafat dağına üç milyon hacı namizədini göndərən ərəb və İslam ümməti üçün bir utanc yeridir Qəzza. Qəzza xalqı elektrikdən və bir loxma çörəkdən məhrum olduğu halda, milyonlarla hacı qurtuluşa getdiyini hesab edir. Halbuki, Qəzzanın günahı qiyamət gününə qədər bütün müsəlmanların boynundadır. Bizlərə əfv və bağışlanma olmayacaq, dualarımız qəbul edilməyəcək. 

Qəzzanın ağrısı hamımızın laqeydliyinə şahiddir. Qaçaq tunellər olmadan, avropalı və amerikalı aktivistlərin "ümid gəmiləri" olmadan və ya İsrailin özünə demokratik don geyindirmək məqsədi ilə hərdənbir icazə verdiyi bir neçə ədəd yük maşınından başqa Qəzzaya heç bir şey çatmır. Nəfəs aldığımız hər saniyə, Qəzza xalqı gecə-gündüz mühasirə altında inləməkdədir. Sanki kütləvi bir həbsxanadaymışlar kimi gözləyərkən, onların haqları üçün etiraz səsləri az eşidilir.

Qəzzanın əziyyəti bizim susqunluğumuzun şahididir. Müsəlman qardaş və bacılarımızın, uşaqlarımızı bir kül çuxuruna çevrildiyinin şahididir. Suallarımızın, cavablarımızın, zəifliyimizin və insanlara qarşı olan ayıbımızın şahididir. Qəlblərimiz danışsa da, vicdanlarımızın öldüyünün şahididir. İçi boş adamlara çevrilmişik. Bayramlarla, qurbanlarla, dini rituallarla və mətnlərlə əylənən tiplərə çevrildik. Bayramlarımız məna və məqsədini itirdi. Ürəyimiz eşitmir, ağlımız danışmır. Qurbanlıq quzu və qoyun üçün qaçarkən Qəzza xalqını öz əllərimizlə boğazlayır, müqəddəs Fələstinlə düşmənçilik edirik. Fələstindən bəhs edərkən ağılımıza yalnız iki qiblənin birincisi və hərəmeynin üçüncüsü olmasından başqa bir şey gəlmir. 

Qəzzanın çəkdiyi əziyyəti təkcə İsrailin günahı deyil. İsrail zatən edəcəyini edir. Qəzzanı mühasirə altına alması, Qəzza xalqını boğmağa çalışması, Qəzzanı işğal və zəbt etməklə təhdid etməsi, buradakı fələstinlilərin həyatını dözülməz bir cəhənnəmə çevirməyə çalışması, fələstinlilərə müstəqilliyin mənasını və azadlığın qiymətinin kəffarəsini ödətdirməsi, sərhəd qapılarını bağlaması, Qəzza xalqına işğalın daha yaxşı olduğunu isbat etməyə çalışması normaldır. Bütün bunların İsrail əliylə edilməsi təbiidir. Amma bütün bunlara özünü demokratiyanın müdafiəçisi qismində göstərən Qərb dünyasının seyrçi qalması düşündürücüdür.

Görünən odur ki, onlar da bu cinayətin ortağıdır. Onlara dəstək verənlərdən biri də görüntü üçün həccə gedən Fələstin rəhbəri Mahmud Abbasdır və Qəzzanın mühasirə altında olmasının öz mənfəətinə olduğunu bilir. Çox vaxt İsrail kabinetinin rəsmi spikeri kimi fələstinlilərin problemlərindən etinasız halda danışır.

Özünə Fələstin Respublikasının başçısı sifətini layiq görən bir kimsənin, qəlbinin gözü bu qədərmi kor olar? İsraillə olan əlaqəsi Fələstin əziyəti ilə olan əlaqəsindən daha güclüdür. Rəhbərliyində olduğu hərəkat yalnız İsrailin tələblərinə məhkum olmuşkən, o, İsrailin icazəsi ilə nəfəs alır, İsrailin diliylə danışır, yol yoldaşı olan digər Ərəb liderlərinə cinayətlərini haqlı çıxarmağa, bu liderlərin Qəzzanı məhvetmə cinayətinə qoşularaq, günahına səbəb axtarmağa çalışır, Həmasdan qaynaqlandığı iddia edir. Eynilə Yasir Ərafata sui-qəsd quraraq, Ərafatı zəhərlənərək öldürməsini təmin etdiyi kimi. Fələstin prezidentlik kreslosuna oturmaq üçün Ərafatı qərargahına həbs etdiyi kimi.

Qəzzanın çəkdiyi əziyyət ərəb hökmdarlarının susqunluğuna şahidlik edir. Bu hökmdarlar hökumətdən məhrum şəkildə iqtidarlarını davam etdirməkdədirlər. Onlar qəsblə, talan və yağmalamaqla hökm edirlər. Amerikanın razılığı ilə əyləşiblər kresloda. Bunlar saraylarda gözləyən əl quzularıdır. Bunların əslində tək istəyi böyüklərinin razılığını qazanmaqdır. Fələstin bunlar üçün, ancaq kölə bazarında bir mübadilə vəsaitidir. Bunların Qəzza mühasirəsindən narahat olmaları, mühasirə mövzusunda İsrailə köməkçi olmaları və Qəzzanı oturduqları kresloları xatirinə qurbanlıq qoça çevirmələri normaldır.

İsrail Qəzzanı təkbaşına boğmur. Fələstinlilər yalnız İsrail güllələri ilə ölmür. Tam əksinə, ərəb hökmdarlar bunu əvvəl də, sonra da etdilər. Bunlara maskalanmağı öyrədən, Rəfah sərhəd qapısını bağlayan, Qəzzanın mühasirəsini rəsmiləşdirən böyük Misirin başçısı da var. O da, biz də bilirik ki, Rəfah sərhəd qapısını davamlı açıq saxlasa, Qəzza mübarizəsi sonsuza qədər davam edər. Rəfah sərhəd qapısı Qəzzanın can damarıdır. Misir üçün Nil nədirsə, Qəzza üçün Rəfah elədir. Sərhəd qapısını bağlamaq Nili qurutmaq kimidir.

Qəzzanın çəkdiyi acı torpaqları işğal altında olan bizlər üçün yad olmamalıdır.

Aqil Mehdi

Məqalədə : Qəzza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru