Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

12 Dekabr

2016
11:03
919
Bahalıq toy-yas mərasimlərində ifratı durduracaqmı?

BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən, Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir. Fondun hesablamaları toylara çəkilən xərclərə görə dünyada Yaxın Şərq və keçmiş sovet respublikalarının liderlik etdiyini üzə çıxarıb. 

Lakin bu göstərici üzrə Azərbaycan hətta Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayıb. Ona görə yox ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur. O səbəbdən ki, göstərici toylara çəkilən xərcin orta aylıq əməkhaqqı ilə müqayisəsi əsasında aparılıb. Məlum olub ki, Azərbaycanda toylara çəkilən xərc orta aylıq maaşın 9,7 mislinə bərabərdir. 

Ümumiyyətlə, Azərbaycanda həm toy, həm də yas mərasimlərində israfçılıq maksimum həddə olur. Bununla bağlı illərdir müzakirələr aparılır, bu israfçılığa son qoymaq üçün çıxış yolları axtarılır. Bir müddət öncə yaslarda israfçılığa qadağa qoyuldu və bu bir müddət öz təsirini göstərdi. Ancaq sonradan yenidən ölüyə təmtəraqlı ehsan vermək dəbdəbəsi gündəmə gəldi. İnsanlar toy və yas mərasimlərini yola verə bilmək üçün hətta külli miqdarda borcun belə altına girirlər ki, “qonşudan geri qalmasın”.

Maraqlıdır, bəs buna dur demək üçün nə etməliyik, hansı çıxış yolu toy və yaslardakı israfçılığa və hədsiz məsrəflərə son qoya bilər?

Deputat Zahid Oruc bu məsələləri qanunla yoluna qoymağın mümkün olmadığını dedi: “Bu məsələ Azərbaycanda nə iki devalvasiya ilə, nə kommunal tariflərin dəyişilməsi ilə də tənzimlənə bilmir. Onu qanunla da yoluna qoymaq qeyri-mümkündür. Çünki bu ənənə ilə bağlıdır. Əslində sovet dönəmində müəyyən qədər ölçülü-biçili həyat mövcud idi. O zamanlarda da görünür kimlərsə müəyyən qədər başqalarından fərqlənmək istəyirdilər və bu toylarda özünü daha qabarıq göstərməkdə idi. Uzun illərdir şadlıq evlərinin bir epidemiya kimi artdığı və nəticədə insanların həyatından, gənclərin ən ülvi hisslərindən maksimum dərəcədə faydalandığı bir mövzudur. Bununla bağlı cəmiyyətin bütün təbəqələrindən reaksiyalar eşidilməkdədir. Hamı etiraf edir ki, bu var-yoxdan çıxma və soyğunçuluqdur. Çünki insan ilk növbədə fizioloji və bioloji varlıqdır və o tibbi nöqteyi-nəzərdən o qədər çox, bir-birindən fərqli qidaları rasionuna daxil edə bilməz. Bundan başqa hər bir masanın xərci insanları çətin sınaqlar qarşısında qoyur. Təəssüflər olsun ki, Azərbaycanda toylar və yaslar üzrə böyük bir biznes şəbəkəsi qurulub. Ehsan iqtisadiyyatını da dağıtmaq mümkün deyil. Yas mərasimləri ilə bağlı müəyyən dəyişikliklər başlanıldı, ancaq proses yarımçıq qaldı və əvvəlki vəziyyətinə qayıtdı. Əslində milləti doğrudan da xarakterizə edən ənənələrdir. Ancaq bu bizim üçün o qədər də yaxşı mənzərə deyil. Dünyanın əksər ölkələrində bu yöndə çox böyük dəyişikliklər və islahatlar aparılır. Əgər beynəlxalq statistikalarda da bizim vəziyyətimi yer tutursa, bu bizim üçün siqnal olmalıdır”. 

Image result for zahid oruc

Z.Oruc bildirdi ki, dəyişim etmək üçün bunu cəmiyyətin özü istəməlidir: “Qeyd edim ki, biz parlament üzvü kimi bu mövqeni irəli sürmürük ki, Azərbaycanda insanların bir qisminin kasıb yaşamasının başlıca səbəbi toylar və yaxud yas mərasimləridir. Əlbəttə ki, yox. Bu, sadəcə olaraq, nəticədir. Ona qədər bir sıra köklü tədbirləri həyata keçirməliyik. Ancaq mənə elə gəlir ki, dəb, yarış, başqasından geri qalmamaq istəyi, gənclərin arzuları adı ilə yaratdığımız miflər əleyhimizə işləyir. Əgər bu iki gəncin izdivacıdırsa, onların gələcək həyatı üçün xeyir-dua verməkdirsə, bunu məhdud insanlar çərçivəsində də etmək olar. Bu məsələdə cəmiyyətin özü hamılıqla bu dəyişimi istəməli və bunu yaratmalıdır. Belə olan təqdirdə şadlıq evləri vətəndaşlar üzərində belə sümürgən bizneslərini qura bilməyəcəklər”.

Maraqlıdır, təmtəraqlı yas və toy mərasimlərinə İslam dini nə deyir? Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, ehsan kasıblara verilməli və israfçılıq həddini aşmamalıdır: “Vəfat edən müsəlmanı son mənzilə yola salmaq üçün dörd əməli yerinə yetirmək vacibdir: qüsl, kəfən, cənazə namazı və dəfn. Ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var. Ancaq ehsan kasıblara verilməli və israfçılıq həddini aşmamalıdır. İndi xalq arasında yemək məclisi kimi qəbul olunan ehsan sözü ”həsənə", yəni xeyirxahlıq mənasını verir. Ehsan konkret əməl deyil. Məsələn, isti havada susamış bir insana bir qab su vermək də ehsandır, bir nəfəri (və ya çoxlu insanı) yedirmək, eləcə də bir imkansıza pul vermək, məktəb açmaq, məscid tikmək və ya tikintiyə yardım etmək və digər yaxşı əməl hesab olunan bütün işlər ehsanatdır".

Image result for K.Rövşənoğlu

Toy mərasimlərinə gəlincə isə K.Rövşənoğlu bildirdi ki, Həzrət Əlinin (ə) toyu müsəlmanlar üçün nümunədir: “Orda elçiliyi Həzrəti Əleyhüssəlam özü eləyir, atasından qızı istəyir. Toy mərasimi də çox sadə keçir. Çox kasıb olan Həzrəti Əli döyüşlərdən əldə etdiyi zirehi satıb toy edir. Bu mərasimdə çalğı olmayıb, qadınlar və kişilərin məclisi təbii ki, ayrı olub. Toyla bağlı əsas tövsiyələrdən biri odur ki, mərasim sadə olsun, mehriyyə məbləği az qoyulsun. Qurani-Kərim deyir ki, yeyin-için, amma israf etməyin. Ümumilikdə isə müsəlmanlar şəriət qaydalarına diqqət edirlər”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru