Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2017
15:43
558
Azərbaycanda ən çox heykəl ucaldılan rayon

Bu rayonda 60-a yaxın tanınmış şəxsə heykəl ucaldılıb, büstlər qoyulub.

Qazax rayonu Azərbaycanda ən çox heykəl olan rayon hesab edilir. Burada 60-a yaxın tanınmış şəxsə heykəl ucaldılıb, büstlər qoyulub.

Molla Vəli Vidadi və Molla Pənah Vaqifin qoşa heykəli

Qazax sakinləri rayon ərazisində heykəllərin çox olmasını bu torpaqdan xeyli sayda məşhur hərbçinin, şair və yazıçının çıxması, eyni zamanda onlara verilən dəyərlə əlaqələndirirlər. Uzun müddət mədəniyyət və turizm sahəsində çalışmış Qazax sakini Nofəl Qurbanov, rayon ərazisində 60-a yaxın heykəl, büst və barelyeflərin olduğunu deyir.

"Bu abidələrin əksəriyyəti şəhərin mərkəzində yerləşən Fəxri Qazaxlılar Parkında yerləşir. Tək bu parkda dahi Azərbaycan şairləri Vaqif, Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseynin böyük heykəlləri ilə yanaşı, Qazax torpağının yetirmələri olan dünya şöhrətli şəxsiyyətlərin — ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Mill Qəhrəmanı Tahir İsayevin, Azərbaycanın xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Azərbaycanın xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidovun, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun barelyefləri yer alır" — N. Qurbanov bildirir.

Mehdi Hüseynin heykəli

Qazaxdakı heykəllərin böyük əksəriyyətinin müəllifi olan heykəltəraş Ramiz İsmi Qaya deyir ki, insanlar xüsusiliyinə, şəxsiyyətinə, şücaətinə görə abidələşdirilir: "Heykəllərin çox olma səbəbi Qazaxda bir çox ilklərə imza atmış insanların, hərbçilərin, şair və yazıçıların çox olması ilə əlaqədardır. Bu, həm də onu göstərir ki, Qazax öz şəxsiyyətlərini unutmur, onların adlarını, simalarını əbədiləşdirir, gələcək nəsillərin də onları tanımasına vəsilə olur".(sputnik.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru