Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Mart

2017
08:37
682
Azərbaycan Prezidenti İranada rəsmi səfərdə olub

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasına səfəri zamanı Ali Rəhbər Seyid Əli Xamenei ilə görüşüb.

Dövlət başçısı bildirib ki, Azərbaycan və İran yaxın dost və qonşu ölkələrdir. Son illər Azərbaycan-İran əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir.

Mütəmadi qarşılıqlı səfərlərin münasibətlərimizi daha da möhkəmləndirdiyini deyən Prezident İlham Əliyev bu səfərlər çərçivəsində 20-dək sənədin imzalanmasının və qərarların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin tarixi hadisə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib ki, bu, nəinki Azərbaycanın və İranın, ümumiyyətlə digər ölkələrin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacaq.

Ali Rəhbər Seyid Əli Xamenei ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini qeyd edən Seyid Əli Xamenei Prezident İlham Əliyevə fəaliyyətində uğurlar diləyib və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə tərəflər arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun Cmaliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa və dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında da əhəmiyyətli açıqlamalar verib.

Dövlət başçısı bildirib ki, bu, əldə edilmiş razılaşmaların nəticəsidir ki, iqtisadi sahədə çox gözəl nəticələr var və keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artıb : "İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə də biz minnətdarıq. Eyni zamanda, Prezident Ruhani qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib. Bir il bundan əvvəl bu salonda mən qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır".

Azərbaycan prezidenti vurğulayıb ki, energetika sahəsində böyük uğurlar əldə edilib: "Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Mən xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir, prezidentlərin bütün göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir".

Daha sonra Qarabağ probleminə toxunan dövlət başçısı, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İrana minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır", - deyə söyləyib.

Görüşlərin sonunda Azərbaycan prezidenti iranlı həmkarını ölkəmizə dəvət edib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru