Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
11:17
Dünyanın gözü qarşısında bir dövlət məhv edilir

Vaşinqtonun 70 ildən çox davam edən Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı təklif etdiyi plan beynəlxalq ictimaiyyət tərəfindən çox ziddiyyətli qiymətləndirmələr aldı. Sənəddə də deyilən kimi "Əsrin Müqaviləsi"nin əsas müddəaları çərşənbə axşamı günü Ağ Evdə ABŞ prezidenti Donald Tramp və İsrail rejiminin baş naziri Benyamin Netanyahu tərəfindən elan edildi. Bəziləri bunu "ciddi təklif" hesab edir, bəziləri isə hətta, "yazıldığı mürəkkəbə belə dəyməz", - deyə düşünür.

Münaqişə edən tərəflərin sənədə verdiyi reaksiya öncədən tamamilə proqnozlaşdırılmşdı və bir-birinin əksi olacağl söylənilmişdi: İsrail rəhbərliyi bu müqaviləni "israillilər üçün parlaq gələcək" vəd etdiyinə inanır, Fələstində isə sənədi "işləməyəcək müqavilə" adlandıraraq tamamilə rədd etdi.

Bununla yanaşı, BMT-də əvvəllər Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş təməl sənədlərə əməl olunmasının vacibliyini qeyd etdilər. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin bildirdiyinə görə, ümumdünya təşkilatı "Fələstin və İsrail arasındakı münaqişənin BMT qətnamələri, beynəlxalq hüquq və ikitərəfli müqavilələr əsasında həllini, habelə bir-birinə qonşu olan iki dövləti - Fələstin və İsraili 1967-ci il sərhədləri əsasında dəstəkləyir."

Moskva hələ də Vaşinqtonun təklifləri barədə susqunluğunu qoruyur. Rusiya Xarici İşlər Nazirliyi "Əsrin Müqaviləsi"ni ətraflı araşdırılacağını bildirərək, hazırda əsas məqamın Fələstinlilərin və digər ərəb ölkələrinin nümayəndələrinin buna münasibəti  olduğunu vurğulayır.

Əməliyyatın mahiyyəti

Ağ Evin saytında dərc olunan 180 səhifəlik sənəd iki hissədən ibarətdir: iqtisadi və siyasi. İqtisadi tərəflər ötən yay elan edildi və siyasi komponentin təfərrüatları yalnız indi məlum oldu.

Plan iki dövlətin qarşılıqlı tanınmasına əsaslanır. Qəzza zolağından və İordan çayının Qərb sahilindən ibarət olan Fələstin ərazisinin yüksək sürətli nəqliyyat əlaqələri ilə ayrılmaz şəkildə birləşdirilməsi təklif olunur. Tramp hesab edir ki, bununla ərəb dövlətinin ərazisi iki qat artırılmalıdır. Eyni zamanda, Trampın dediyi kimi, ABŞ İordan çayının Qərb sahilində işğal edilmiş Fələstin torpaqlarında salınmış yəhudi yaşayış məskənlərinin qanuniliyini tanımaqda qərarlıdır, yəni İsrailin 1967-ci ildən sonra ələ keçirdiyi torpaqları bu şəkildə tanıyacaq. Maraqlıdır ki, hətta ABŞ prezidenti özünün tvitter səhifəsində "müqavilədə" nəzərdə tutduğu gələcək dəyişiklikləri sxematik şəkildə əks etdirən müvafiq xəritə də yerləşdirib.

Sənəddə Qüdsün statusuna xüsusi diqqət yetirilir: Vaşinqton Şərqi Qüdsü ərəb dövlətinin paytaxtı kimi tanımağı təklif edir. Bütövlükdə Qüds isə İsrailin "bölünməz paytaxtı" hesab edilir. Netanyahu bildirir ki, Şərqi Qüds dedikdə söhbət Əbu-Dis şəhərciyindən gedir. Müqayisə üçün deyə bilərik ki, Əbu-Dis şəhərciyinin ərazisi Bakının Nərimanov rayonu qədərdir. Qüdsün ərazisi isə bundan 6 dəfə böyükdür.

Sülh prosesinin şərtləri olaraq Amerika prezidenti Fələstin hakimiyyətinin Qəzzadakı HƏMAS hərəkatını dəstəkləməkdən və silahlı mübarizədən  imtina etməsini irəli sürüb. Eyni zamanda, Vaşinqton birdəfəlik deyil, dörd il müddətinə Fələstin ərazisində yəhudi yaşayış məntəqələrinin inşasının "dondurulmasını" plana daxil edib. Tənzimləmə üçün ABŞ 50 milyard dollar investisiya təklif edir.

Münaqişə tərəfləri

Netanyahu Trampın təkliflərini dəstəkləyib və fələstinlilərlə sülh danışıqlarına dərhal başlamağa hazır olduğunu bildirib. Netanyahunun sözlərinə görə, "razılaşma" "davamlı sülhə real yol" təklif edir. O həmçinin vurğuladı ki, Vaşinqtonun planı “İsrailə özünü qorumaq üçün daimi bir şərq sərhədi verir”. Bundan əlavə, İsrailin hökumət radiosunun verdiyi məlumata görə, yəhudi dövlətinin baş naziri fevralın 2-də İsrail suverenliyinin İordan vadisinə və İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrinə qədər uzanması məsələsini təsdiq üçün Nazirlər Kabinetinə təqdim etmək niyyətindədir.

Fələstin dövlət başçısı Mahmud Abbas ABŞ prezidentinin planını rədd edib, bunu "işə yaramayan sövdələşmə" adlandırıb. "İsrailin planlarını pozmaq üçün müqavimət cəbhəsinə üstünlük veririk", - deyə əlavə edib. O, beynəlxalq vasitəçilərin dördlüyünün -Rusiya, ABŞ, BMT və Aİ himayəsi altında İsraillə danışıqlara hazır olduğunu da bildirib.

Qəzza sektoruna nəzarət edən HƏMAS hərəkatının sözçüsü Sami Abu Zuhri tvitter səhifəsində, "Tramp və anlaşması tarixin zibil qutusuna gedəcək" və hətta müqavilənin "yazıldığı mürəkkəbə belə dəyməz" olduğunu yazaraq, daha kəskin mövqe sərgiləyib.

"Sülh və bölgə üçün kabus"

"Əsrin müqaviləsi"ni kəskin tənqid edən isə Türkiyə və İran olub. Ankara amerikalıların təklif etdiyi sülh planını "ölü doğulmuş" adlandırın. Türkiyə Xarici İşlər Nazirliyinin xüsusi açıqlamasında, "Vaşinqtonun planı yalnız Fələstin torpaqlarını zəbt etməyə və iki dövlətin birlikdə yaşamaq fikrini məhv etməyə yönəlmiş ilhaqa aiddir. Ankara İsrailin işğalı və zülmünün qanuniləşdirilməsinə yönəlmiş addımlara icazə verməyəcək", - deyə qeyd edilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də öz növbəsində Ağ Ev sənədini "sülh və bölgə üçün kabus" adlandıraraq, ABŞ-ın təşəbbüsünün bütün müsəlmanların birləşməsi üçün həyəcanverici çağırış olacağına ümid etdiyini bildirib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi də qeyd edib ki, "Tehran bu böyük sui-qəsdə qarşı çıxmaq üçün müsəlman dünyasının birliyi üçün əməkdaşlığa hazırdır".

Livanın Hizbullah Partiyası Ağ Evin sənədini "utancverici plan" adlandırıb. "Əl-Manar" televiziyası tərəfindən yayımlanan Hizbullahın xüsusi bəyanatında,  "Vaşinqtonda baş verənlər arxa planda sui-qəsddə iştirak edən bir sıra ərəb rejimlərinin xəyanətinin nəticəsi idi", - deyə qeyd olunub.

Mövqelərin dəyişməzliyi

Misir və İordaniya ərəb dünyasında İsrail ilə diplomatik əlaqələri olan və eyni zamanda yəhudi dövləti ilə sülh müqavilələri bağlayan azsaylı dövlətlərdən biri kimi "sövdələşməyə" sakit reaksiya göstərib.

Qahirə "hər iki tərəfi Amerikanın baxışlarını diqqətlə öyrənməyə, onun bütün cəhətlərini incələməyə və Birləşmiş Ştatların himayəsi altında danışıqları bərpa etmək üçün dialoq kanallarını açmağa" çağırıb. Bundan əlavə, Misir Xarici İşlər Nazirliyi vurğulayıb ki, İsrail və Fələstin arasındakı yekun razılaşma "iki xalqın öz aralarında hərtərəfli və ədalətli sülh əldə etməsi" və "müstəqil Fələstin dövlətinin yaranmasına" yönəlməlidir.

İordaniyanın xarici işlər naziri Ayman əl-Safadi, Əmmanın iki dövlətə əsaslanan Yaxın Şərq nizamlanmasının əsas prinsipinə sadiq qaldığını deyib. Bu arada, Xarici İşlər naziri Ərəb Dövlətləri Liqasının  qarşıdakı iclasında "Əsrin Müqaviləsi" ilə əlaqədar ərəblərin ortaq mövqe göstərmələrinin vacibliyini qeyd edib. Görüşün gələn şənbə günü Qahirədə baş tutacağı gözlənilir.

Səud rejimi də Tramp administrasiyasının səylərini yüksək qiymətləndirib. "Sky News Arabia"nın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərdə krallığın ABŞ-ın himayəsi altında Fələstin və İsrail tərəfləri arasında birbaşa sülh danışıqlarına başlamasını dəstəklədiyi bildirilib.

Avropanın reaksiyası

İsveç xarici işlər nazirinin sözlərinə görə, Vaşinqtonun təklifləri problemin həlli üçün Aİ-nin tələblərinə cavab vermir. "Davamlı sülh, hər iki tərəfin danışıqlarda iştirak etməsini tələb edir. Həm İsrailin, həm də Fələstinin ehtiyacları nəzərə alınmalıdır", - deyə açıqlamada qeyd edilib.

Bənzər fikri Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Hayko Maas da bölüşür. "ABŞ-ın təklifi suallar yaradır və biz AB-dəki tərəfdaşlarımızla bu mövzunu müzakirə edəcəyik. Müzakirə ediləcək suallar arasında münaqişə tərəflərini danışıqlar prosesinə cəlb etmək var. Həmçinin, bu plana qəbul edilmiş beynəlxalq parametrlərin və hüquqi müddəaların münasibətidir", - deyə vurğulanır.

Bu arada, İngiltərənin xarici işlər naziri Dominik Raab, "Əsrin Müqaviləsi"ni alqışlayaraq, "çox vaxtın və səyin nəticəsi" olduğunu söyləyən ciddi təklif adlandırıb.

Moskvanın reaksiyası

Bu arada Moskva "saziş"ə kifayət qədər təmkinli reaksiya göstərərək, heç bir konkret qiymət verməyiblər. Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, "Rusiya ABŞ-ın Yaxın Şərqdəki nizamlanma təkliflərini öyrənəcəkdir", - deyə bildirib.

"Valday" Beynəlxalq Müzakirə Klubunun İnkişaf və Dəstək Fondunun tədqiqat direktoru Fyodor Lukyanovun sözlərinə görə, "Trampın təşəbbüsü münaqişə tərəflərinə qarşılıqlı müstəsna vədlər verir və bu, yəqin ki, onu həyata keçirməyi mümkünsüz edir". Bundan əlavə, Lukyanov qeyd edib ki, "Əsrin Müqaviləsi" münaqişə tərəflərini danışıqlar masasına oturuda biləcəyinə heç bir əsas vermədi.

Sülh planından, "Əsrin Müqaviləsi"ndən danışan ABŞ prezidenti Donald Trampın tvitter paylaşımından onun əsl hədəfi açıq görünür. Hazırladığı xəritənin üstündə belə yazır: "Mən hər zaman İsrail dövlətinin və yəhudi xalqının yanındayam. Onların təhlükəsizliyi və tarixi ana vətənlərində yaşamaq haqlarını güclü şəkildə dəstəkləyirəm. İndi sülh zamanıdır!" 

Əgər indi doğrudan da sülh zamanıdırsa, onda Tramp həm də Fələstin dövlətinin və ərəb xalqının yanında olmalı deyildimi? Və həm də Tramp unutmamalı idi ki, fələstinlilər ora sonradan gəlməyiblər, elə yerli xalqıdrlar, yəni ana vətənləridir. 

Görünən odur ki, dünyanın gözü qarşısında bir dövlət məhv edilir. Və bu məhvetmə siyasəti “Əsrin Müqaviləsi” adı ilə həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7341

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6174

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7725

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7669

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10977

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7412
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 02:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru