Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2018
11:20
1130
Sözün məsuliyyəti və manatın məzənnəsi

Son iki ayda mətbuat səhifələrində manatın məzənnəsi ilə bağlı nə qədər disskusiyalar açılsa da mən bu mövzuda yazmaq istəmirdim. Daha doğrusu manatın iqtisadi və maliyyə təminatının hansı səviyyədə olduğunu bildiyimdən və bu səbəbdən onun ətrafındakı söhbətləri əssassız hesab etdiyimdən bunu etmirdim. Lakin artıq bir neçə gündür ki, mətbuat disskusiyaları, - xüsusilə maliyyə Naziri Samir Şərifovun bir neçə gün öncə televiziya çıxışı zamanı səsləndirdiyi fikirlərdən sonra - əndazələri aşır və bu qeyri-sağlam diskussiyalar yenidən 2015-ci ildə olduğu kimi bəzi qara qüvvələri hərəkətə keçirir. Çox təəssüf olsun ki, bu gün manatın “kəskin devalvasiyasını hazırlamağa girişmiş” qüvvələrin işinə bəzi yazarlar da bilərəkdən və ya heç düşünməyərəkdən dəstək verirlər. Onlar məzənnə mövzusunda açıqlamalar hazırlayarkən bəzən elə yanlış fikirlərə yer verirlər ki, oxucu bunun həqiqət olduğunu qəbul edə bilər - bu isə təhlükəlidir. Sözün məsuliyyətini dərk etməyən belələri bu sözlərin – bu fikirlərin 2015-ci il ərzində iki dəfə nə yaratdığını unutmasınlar gərək!

Aidiyyatı dövlət qurumları və ilk növbədə hüquq-mühafizə orqanları bu məsələləri ciddi nəzarətdə saxlasalar bu çox doğru olar. Unutmayaq ki, 2015-ci ildəki hadisələr də öncə mətbuat vasitəsilə beləcə “hazırlandı”. Həmin vaxt mən bir neçə dəfə müraciət edərək - valyuta bazarında ajiotaj yaradanlara meydan verməyin – deyə səsləndim. Lakin buna çox gec reaksiya verildi. Daha doğrusu reaksiya “qatar yola düşməyə başlayanda” verildi. Təbii ki, bu artıq gec idi. Əsassız çağrışlar ortanı elə qarışdırmışdı ki, bu qarışıqlıqdan Beynəlxalq Bank başda olmaqla o zaman valyuta bazarındakı bulanıq suda balıq tutmağı hədəfləmiş acgözlər məharətlə istifadə edə bildilər. Üç il bundan əvvəl baş vermiş bu acını bu günə qədər nə bank sistemimiz, nə xarici valyutada kredit götürmüş vətəndaşlarımız, nə də biznes aləmimiz hələ həzm edib qurtarmayıblar. 

Bu gün Azərbaycanda manatın kəskin ucuzlaşması üçün heç bir əsas yoxdur. Bütün iqtisadi və maliyyə göstəriciləri bunun əksini deyir. Əksinə, manatın bahalanmaq ehtimalı onun ucuzlaşması ehtimalından daha böyükdür. Başqa cür olsaydı, Samir Şərifov ən yaxşı halda susardı. Ancaq o tam səmimi olaraq olanı dedi. Möhkəm manat bizim ixracımıza və daxili bazarımıza mənfi təsir edir. Son bir neçə ayda hakimiyyətə müxalif olan bir çox ekspertlər də bunun belə olduğunu yazırdılar. Biz də bir neçə açıqlamamızda manatın tədricən yumşalmasını təklif etmişdik. Bunu xüsusilə o dönəmdə etmişdik ki, həmin dönəmdə bizimlə ciddi iqtisadi və ticarət əlaqəsi olan qonşu ölkələrdə milli valyutalar durmadan ucuzlaşmağa başlamışdı. Bu ucuzlaşmalar bir qədər də davam etsəydi, heç şübhəsiz manatın tədrici yumşalmasına getmək lazım idi. İndi hələlik buna bir o qədər ehtiyac yoxdur çünki qonşu ölkələrdə milli valyutalar artıq müəyyən sabitlik əldə edə bildilər.

Bəs birdən-birə nə baş verdi ki, manata belə kəskin hücumlar başladı? Neftin qiymətlərinin aşağı düşməsi kimlərisə “narahat” etdi yəqin. Narahat olmayın bu qiymətlərin düşməsinə yol verilməyəcək! İki gün öncə isə OPEK neftin qiymətlərini tənzimləyəcək bir qərara imza atdı. Bu qiymətlərin 65-70 dollar səviyyəsində saxlanılması üçün onun gündəlik hasilatının 1,2 milyon barel azaldılması rəsmiləşdirildi.

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fikrət Yusifov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 04:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com