Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
14:17
`Ağları` düşmənə çevirən qara sərvət
Hacı İlham Əliyev: "Qərbdə çox gözəl başa düşüblər ki, Amerikanın uğursuz siyasətinin acı nəticəsi ilə üzləşə bilərlər"

Son dövrlərdə, xüsusilə də Donald Trampın hakimiyyət başına gəlməsindən sonra ABŞ-la Avropa Birliyi (AB) arasındakı münasibətlərdə soyuqluq yaranıb. Münasibətlərdə yaranmış çatın nəticələrindən biri isə Avropa dövlətlərinin Birləşmiş Ştatlar və İsrailin Yaxın Şərq siyasətinə qarşı çıxmasından ibarətdir. Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyevlə söhbətimizdə də tarixi müttəfiqlər arasındakı ziddiyətlərin, fikir ayrılıqlarının yaranma səbəblərinə aydınlıq gətirməyə çalışmışıq. 

- Son zamanlar Avropa ölkələri İsrailin Fələstinlə bağlı aqressiyasına, xüsusilə onun beynəlxalq hüquqa zidd yaşayış məntəqələri siyasətinə sərt şəkildə qarşı çıxır. Avropa dövlətlərinin siyasətindəki bu dəyişikliyi necə izah etmək olar?

- Bismillahir Rəhmanir Rəhim. İsrailin Fələstin ərazilərində məskunlaşma prosesini yaymasına qarşı Avraopada doğrudan da böyük narahatlıq və narazılıq hiss olunur. Hətta bir müddət əvvəl bununla bağlı sənəd də qəbul edilmişdi. Həmin sənəddə İsrail tərəfindən salınmış qanunsuz məskənlərdə istehsal edilən məhsullara boykotdan, Təl-Əvivlə müxtəlif sahələrdə əməkdaşlıqdan imtina edilməsindən və rejimlə azad-ticarət əlaqələrinə məhdudiyyətlərdən söhbət gedirdi. Amma buna baxmayaraq İsrail hökuməti yerli fələstinlilərin evlərini söküb əvəzində yəhudi məskənlərinin salınması işindən əl çəkməyəcəyini bəyan etmişdi və indi də inadından əl çəkmək fikrində deyil.

O ki qaldı Abropa Birliyi ölkələrinin İsrail tərəfindən Fələstində qanunsuz yaşayış məntəqələrinin inşa edilməsinə qarşı sərt mövqe sərgiləmələrinin səbəblərinə, bunu müxtəlif aspektlərdən izah etmək olar. Konkret desək, etirazın iki əsas səbəbi var. Birincisi, Avropa dövlətləri bu məkana ərəblərin timsalında mühacir axınının başlanması və getdikcə artmasından narahat olurlar. İkincisi isə, Avropa yenə həmin məkanda yəhudilərin mövqelərinin güclənməsindən ehtiyatlanır. Göründüyü kimi, burda insan hüquqları və ədalət faktorundan yox, özlərinin hər cür mənfəətlərini qorumaqdan söhbət gedir. Yəni təəssüf ki, İsrailin məskunlaşma siyasəti ilə bağlı narazılığın səbəbləri Avropanın mənfəət marağından kənarda deyil.

Sonda çox təəssüflə onu da xatırlatmalıyam ki, Ermənistan işğal etdiyi Qarabağ və onun ətrafındakı ərazilərimizdə də qanunsuz məskunlaşma aparır. Bunun qarşısı təcili şəkildə alınmasa Fələstindən də acı bir tale yaşaya bilərik. 

- Avropa Birliyinin siyasətindəki daha bir dəyişiklik ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmaqdan imtina ilə bağlıdır. Bunun səbəbləri barədə nə deyə bilərsiniz?

- Doğrudan da son vaxtlar, xüsusilə də Donald Trampın prezident seçilməsindən sonra ABŞ və Avropa arasında münasibətlərdə yeni problemlər əmələ gəlir. Bu isə şübhəsiz ki, Birləşmiş Ştatların daha çox öz maraqlarına üstünlük verməklə dünya ağalığını saxlamaq istəyi ilə bağlıdır. Və bunun əsasında da artıq ABŞ-Avropa İttifaqı münasibətlərində əvvəllər müşahidə edilməyən mənfi əlamətlər özünü göstərməkdədir.

Avropanın İran İslam Respublikasına qarşı sanksiyalara qoşulmamasının səbəblərinə gəlincə, bunun heç də humanizm və insan hüquqlarının qorunması ilə bağlılığı yoxdur. Avropa Birliyi ölkələri də dünyanın bütün dövlətləri kimi daim özlərinin maraq və mənfəətlərini düşünürlər. Məsələ bundadır ki, Trampın hakimiyyətə gəlişindən sonra artıq Avropada çox gözəl başa düşüblər ki, Amerikanın dünyaya diktə etdiyi uğursuz siyasətin acı nəticəsi və onun yarada biləcəyi ciddi problemlərlə üzləşə bilərlər. Bu baxımdan daha ABŞ-la birgə addımlamağı məsləhət bilmirlər.

Bəli, bu gün Avropa Birləşmiş Ştatlardan asılı olmayan iqtisadi, siyasi müstəqilliyi, hətta ayrıca hərbi təhlükəsizlik sistemi yaratmaq barədə düşünür. Avropa Birliyi təbii sərvətlərlə zəngin Yaxın Şərqdəki nüfuzunu qoruyub saxlamaq, özünün iqtisadi gəlirləri üçün İrana sərmayə yatırmaq arzusundadır. Yəni Yaxın Şərqlə, o cümlədən İranla bağlı əlaqələrdə bu kimi üstünlüklər AB-nın maraqlarını təmin edə biləcək amillərdir. Ümumiləşdirib desək, Avropanın İran əleyhinə sanksiyalara qoşulmaması onun Tehran sevgisi ilə yox, öz maraqları ilə bağlıdır. 

- Səudiyyə Ərəbistanı Suriya ilə Türkiyə sərhədində “mühafizə dəstəsi” adı altında ABŞ-ın yaradacağı terrorçu dəstələrin maliyyələşdirilməsini bütünlüklə öz üzərinə götürüb. Bununla bağlı fikirləriniz nədən ibarətdir?

- Bilirsiniz, bəşəriyyət üçün ən böyük təhlükələrdən biri də terrordur. Terror aktları siyasi, iqtisadi, ideoloji məqsədlərə çatmaq üçün törədilir. Səudiyyə Ərəbistanının terrorçuluğa dəstəyi, PKK və onun qolları ilə eyni mövqedən çıxış etməsi yeni hadisə deyil. Bu dövlətin PKK terror təşkilatına 100 milyon dollar yardım ayırması faktı artıq ortadadır. Bunu Səudiyyə dövlətinin özü də rəsmi şəkildə etiraf edir. Qeyd edim ki, Səudiyyənin əvvəlki vaxtlarla müqayisədə terrora dəstəklə bağlı bu dərəcədə aqressivləşməsi də Trampın prezident seçilməsindən sonra başladı. ABŞ-ın indiki prezidentinin İsrail meylli olduğu hər kəsə bəllidir. Tramp dəfələrlə vurğulayıb ki, Səudiyyə Ərəbistanı regionda ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir. O, prezident vəzifəsində ilk xarici səfərini də Səudiyyə Ərəbistanına reallaşdırıb. İsraillə Səudiyyənin də münasibətləri yüksək səviyyədədir. ABŞ-İsrail cütlüyünün Yaxın Şərq projesinin nədən ibarət olduğunu bilən hər kəsə bəllidir ki, Səudiyyənin terrorçuluğu maliyyələşdirməsinin səbəbi də həmin cütlüyün istəyi ilə bağlıdır.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hacı İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 09:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com