Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
09:49
`Bu, fermerlərin hüquqlarının pozulmasına gətirib çıxaracaq`

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quşçuluq sahəsində  fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması ilə bağlı nəzarət tədbirləri gücləndiriləcək. Bu sözləri  (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşdə səsləndirib. Sədr həmçinin bildirib ki, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Sahibkarlarla əlaqələndirmə prinsiplərinə əsaslanaraq, şəffaflığın təmin olunması şəraitində həyata keçirilən tədbirlərin ölkədə qida təhlükəsizliyi siyasətinin təmin olunmasına töhfə verəcəyini vurğulayan Q.Təhməzli bu istiqamətdə agentliyin sahibkarlara hər cür metodiki köməklik göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə səsləndirilən fikirlər arasında ən çox diri  quşların satılmasının məhdudlaşdırılması məsələsi diqqət çəkib. Hətta sosial şəbəkələrdə bu qərarın quşçuluq sahəsindəki iri monopolist şirkətlərin diqtəsi ilə verilməsinə dair fikirlər də gündəmə gəlib.

İqtisadçı ekspert Natiq Cəfərli də mövzu ilə bağlı açıqlamasında bildirdi ki, dövlət orqanlarının fəaliyyəti qadağalar üzərində deyil, iş adamlarına, biznes çevrələrinə necə dəstək olmaq üzərində qurulmalıdır: “Qadağan etmək ən asan yoldur. Ola bilər ki, problemlər olsun. Hansısa rayonda kənd toyuqlarında sağlamlığa zərər vura biləcək bir xəstəlik olarsa, bu bütünlüklə həmin sahəni qapatmağa əsas vermir. Əslində bu məsələnin qadağan olunmasının yolu da yoxdur. AQTA-nın on minlərlə işçisi yoxdur ki, bütün ölkə ərazisində nəzarət həyata keçirsin. Bu cür qərarlardansa, kənd toyuqlarının satışı həyata keçirən kəndliyə, fermerə dəstək olmaq, onunla maarifləndirmə işi aparmaq, dərman preparatları vermək, vaxtaşırı həmin təsərrüfatda müayinələrin keçirilməsinə çalışmaq lazımdır. Əgər biz ölkədə ciddi rəqabətin olmasını, qiymətlərin müsbətə doğru dəyişməsini istəyiriksə, bu qadağalara getməməliyik. Çünki bu sahədə məhdudiyyətin olması monopoliyanın artmasına, rəqabətin azalmasına, nəticədə qiymət artımına gətirib çıxarır. Dövlət orqanları iş adamlarının qorxulu röyası yox, dostu olmalıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da açıqlamasında bu sahəni məhdudiyyət və qadağa yolu ilə tənzimləməyin mümkün olmadığını qeyd etdi: “Bu qərar küçədə ət kəsiminin qarşısının alınmasına bənzər bir məsələdir. Əlbəttə,  hər ikisi çox vacibdir. Çünki bu cür toyuqların satılması əslində xəstəlik mənbəyidir. Lakin AQTA buna administrativ yollarla nail ola bilməyəcək. Əksinə, bu dövlət qurumu əhalinin fərdi təsərrüfatlarda yetişdirdiyi quşların bazara çıxarılması üçün mükəmməl logistika sistemi düzəltməlidir ki, onlar çətinlik çəkməsinlər. İnsanların sağlam qida ilə təmin olunması baxımından yaxşı bir addımdır, lakin kəndlilərin qazanması baxımından kafi deyil.  Ona görə də gərək AQTA diri quşların qanunauyğun satışını da təşkil etsin. Bu ikisi paralel getməsə, qoyulan qadağalar nəticə verməyəcək. AQTA-nın nizamnaməsində qeyd olunur ki, istənilən məhsulun tarladan istehlakçının süfrəsinə qədər keçdiyi yolu izləmə sistemi tətbiq olunsun. Qurum gəlsin kənd toyuğunun istehlakçının süfrəsinə qədər izlənməsini həyata keçirsin, belə bir sistem  qursun, ondan sonra qadağa tətbiq etsin. Əks halda, bu administrativ üsullar həm istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarar, həm də fermerin. İstehlakçılar istənilən halda diri toyuğa tələbat yaradacaqlar, gedib rayonlarda evlərdən alacaqlar. Bu üsulla qarşısını almaq mümkün deyil”. ("Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fermerlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com