Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
15:57
Bəzi partiyalar Qarabağ mitinqinə qatılmayacaqlar – SƏBƏB YOXDUR!

Xəbər verdiyimiz kimi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ictimai və siyasi qurumların təmsilçilərindən ibarət Qarabağ komitəsinə ümumxalq Qarabağ mitinqi keçirməyə icazə verib. Mitinq 29 sentyabr 15:00-da Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda keçiriləcək. 

Aksiyaya olan ictimai marağı nəzərə alaraq Faktxeber.com saytı siyasi partiya rəsmilərinə müraciət edib. Onlar necə, 25 ildir ölkəmizin ən birinci problemi sayılan Qarabağ mövzusuna həsr edilən kütləvi aksiyalarda fərdi şəkildə iştirak edəcəklər, yoxsa partiya şəklində? 

“Müsavat Partiyasının Divan toplantısında qərara alınıb ki, partiya şəklində mitinqdə iştirak etməyəcəyik. Amma üzvlərimiz mitinqə qatılmaq məsələsində sərbəstdirlər.”

Bu sözləri Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədr Gülağa Aslanlı söyləyib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

“Üzr istəyirəm, siz axı jurnalistsiz...Mən Qarabağ komitəsinin üzvüyəm, təşkilatçıyıq. Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Bütün bunları bilirsizsə, mənə niyə belə bir sual ünvanlayırsız? Sağ olun!”

Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli: 

“Bilirsiz ki, Azərbaycan İslam Partiyası Qarabağ komitəsinin üzvüdür və komitənin bütün tədbirlərində iştirak edir. O cümlədən, 29 sentyabrda keçiriləcək Qarabağ mitinqində Azərbaycan İslam Partiyası çoxsaylı üzvləriylə birlikdə aksiyada iştirak edəcək”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Biz Qarabağ komitəsində müşahidəçi kimi iştirak edirik. Bu qərar qəbul edilən zaman biz əleyhinə səs vermişik. Hesab edirik ki, Dağlıq Qarabağla bağlı keçirilən aksiyalar ciddi, adekvat və təsirli olmalıdır. İndiki halda cəmiyyətdə Qarabağla bağlı ciddi aktivlik müşahidə olunmadığına görə, biz düşünürük ki, azsaylı mitinqlə lazımi hədəflərə çatmaq mümkün olmayacaq. Üzvlərimiz fərdi olaraq iştirak edəcəklər, partiya olaraq isə orada təmsil olunmayacağıq”.

Ağ Partiyanın sədri Tural Abbaslı:

“Biz Qarabağ komitəsində partiya olaraq təmsil olunuruq, fərdlər şəklində yox. Bu səbəbdən orada partiya olaraq təmsil olunacağıq. Ümumiyyətlə, Qarabağ mitinqində hər hansı siyasi şüar səsləndirilməyəcək, hər hansı partiyanın bayrağı qaldırılmayacaq. Bu səbəbdən hər hansı siyasi ehtiyatlıq etmək, çəkingən davranmağın mənasını görmürəm”.

AXCP fəalı İlham Hüseyn: 

“Biz bu məsələni partiya daxilində müzakirə etməmişik. Hesab edirəm ki, ölkədə ilk öncə milli qürur hissini qaldırmaq lazımdır. İnsanlar elementar hüquqlarını tələb edə bilməlidirlər ki, Qarabağla bağlı da yüz minlik mitinqlər keçirsinlər. Bu, şəxsən mənim şəxsi fikirlərimdi, partiyanın ümumi mövqeyi deyil. Bilirsiz ki, biz Milli Şurada təmsil olunuruq. Bununla bağlı indiyə qədər hər hansı açıqlama olmayıb”.

Milli Şuranın Koordinasiya mərkəzinin üzvü Rövşən Əhmədli:

“Milli Şura adından hər hənsı bir rəy bildirə bilmərəm, müzakirələr aparılmayıb. Milli Şura özünün keçirdiyi tədbirləri müzakirə edir və üzvlər də münasibət bildirilər. Belə məsələlər ortaya çıxanda hər kəs qərar qəbul etməkdə müstəqildir. İndiki halda mitinq, Qarabağla əlaqədardısa, münaqişənin həllinə yönəlik tədbirdisə, insanlar özləri qərar verib orada iştirak edəcək”.

ReAl Partiyasının icra katibi Natiq Cəfərli:

“Biz ilk gündən bəyan etmişik ki, yalnız təşkilatçısı ola biləcəyimiz tədbirdə partiya, yaxud təşkilat kimi iştirak edə bilərik. Mitinqi keçirənlərlə də hər hansı təmasımız olmayıb. İstənilən halda onlara uğurlar arzu edirik. ReAl-ın üzvlərinə gəlincə, onlar bu ölkənin vətəndaşlarıdır və hər bir vətəndaşın sərbəst toplaşmaq hüquqları var. Kimlərsə aksiyada iştirak edəcəksə, bu onların verəcəyi şəxsi qərar olacaq. Təşkilat olaraq biz orada iştirak etməyəcəyik.”

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri müavini Ellada Məmmədli:

"Qarabağın adı harada varsa, biz orada varıq. Hərəkat formasında Qarabağ mitinqinə qatılacağıq."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 08:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com