Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
12:57
Tələbat daha çox ibtidai sinif müəllimlərinədir
İxtisaslı kadrlara ən böyük ehtiyac isə rus bölməsindədir

İyulun 16-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçirilir. İmtahanların budəfəki ünvanı da Azərbaycan Texniki Universitetinin İdman Kompleksidir. İmtahanlara qatılmaq üçün 50 mindən artıq şəxs müraciət edib. Onlardan 46839 namizədin ərizəsi təsdiq edilib və test imtahanlarına dəvət olunub.

Hər gün təxminən 4 min nəfərə yaxın namizəd test imtahan mərhələsində iştirak edir. Hər fənn üzrə imtahanlar müxtəlif günlərdə təşkil olunub. İmtahanlara ibtidai sinif müəllimliyinə iddialılarla start verilib. İyulun 19-dan ingilis dili müəllimi olmaq istəyənlər öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov məlumat verib ki, imtahanlarda iştirak edənlər əsasən son illərin məzunlarıdır. İbtidai sinif müəllimliyi üzrə imtahanlara qatılanlar arasında qadınların sayı kişilərdən xüsusilə çoxdur. Onun sözlərinə görə, digər fənlərdə bu fərq azalır.

Müəllimliyə iddialı qadınlar daha çoxdur

Hər gün 4 seans təşkil edilir. Hər seansda namizədlər ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 suala 90 dəqiqə ərzində cavab verirlər.

“Bir işi həvəslə gördünsə, orada uğursuzluq mümkün deyil”

Ayşən Əhmədova da 59 bal toplayan bir neçə namizəddən biridir. Bu ilin məzunudur. Bakı Slavyan Universitetində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alıb: “Çox həyəcanlıydım. Hamı imtahanların çətinliyindən danışırdı. Ancaq mənə o qədər də çətin olmadı. Ən qorxduğum metodika idi, onu belə uğurla cavablandırdım”

“Müəllimlik uşaqlıq arzumdur”, - deyən Ayşən ailəsində ilk müəllim olacaq. Anası çox yorulduğu, atası isə həkim olmasını arzuladığı üçün onun müəllim olmasına elə böyük həvəs göstərməsələr də, Ayşən ürəyində uşaqlıqdan bəsləyərək böyütdüyü müəllimlik sevdasının bu peşədə uğur qazanması üçün kifayət olduğunu iddia edir: “Müəllim olmaq ən böyük arzumdur. Harada olmağından asılı olmayaraq, bu işi görməyə hazıram. Məncə, imtahanda uğur qazandığım kimi, müəllimliyi də bacaracağam. İnsan istədikdən sonra hər işin öhdəsindən gələr. Bir işi həvəslə gördünsə, orada uğursuzluq mümkün deyil”.

İmtahanlar yüksək səviyyədə təşkil olunub

İmtahanların qüsursuz keçirilməsi üçün hər cür texniki imkan yaradılıb, prosesə kifayət qədər insan resursu cəlb edilib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun müdir müavini Fəxri Qurbanovun verdiyi məlumata görə, imtahanların təşkilində 200 nəfərə yaxın heyət iştirak edir.  Bütün imtahanlarda olduğu kimi, bu dəfə də təcili tibbi yardım briqadaları və mühafizə xidməti də yüksək səviyyədə təşkil olunub.

Mühafizə niyə gücləndirilib?

Builki imtahanlarda mühafizənin gücləndirildiyi müşahidə edilir. F.Qurbanovun sözlərinə görə, imtahan prosesinə mühafizə xidmətinin 20 əməkdaşı cəlb edilib. Daxili İşlər Nazirliyinin əməkdaşları, Çevik Polis Alayının nümayəndələri də prosesdə yaxından iştirak edir. O, mühafizənin gücləndirilməsinin səbəbini belə açıqlayıb: “Bu, ilk növbədə, müəllimlərin işə qəbulu imtahanlarında iştirakçıların sayının çoxalmasıyla əlaqədardır. İkinci bir tərəfdən, müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarından fərqli olaraq, iştirakçılar müəllimlər deyil, müəllim olmaq istəyənlərdir. Onların çoxu ilk dəfə bu imtahanlarda iştirak edir və prosesdən tamamilə məlumatsızdır. Düzdür, iştirakçılara proses barədə təlimatlar göndərmişik. Buna baxmayaraq, onları düzgün tənzimləyə bilmək, ajiotaj yaranmasının qarşısını almaq, sıxlıq və gərginliyə imkan verməmək və namizədlərin imtahanların keçirildiyi zallara düzgün şəkildə yönləndirilməsi məqsədi ilə mühafizənin gücləndirilməsi məqsədəuyğun hesab edilib. Xüsusilə, prosesə bu sahədə təcrübəsi olan mühafizə xidməti əməkdaşları cəlb edilib”.

İmtahan başa çatır

Fənnindən asılı olmayaraq, hər imtahan eyni cür bitir. Fərq, sadəcə, imtahan verən şəxsin işini nə vaxt tamamlamasından asılı olaraq yaranır. Belə ki, namizəd imtahanı vaxtından əvvəl bitirirsə,“Seansı bitir” düyməsini basır. Namizədlər işini vaxtından əvvəl və ya vaxtında tamamlaya bilməsə, bu funksiyanı sistem özü həyata keçirir. 90 dəqiqənin tamamında sistem bağlanır və namizədin həmin vaxta qədər qeyd etdiyi cavabların əsasında formalaşan balı ekranda görünür.

Vakansiya

Müəllimlərin işə qəbul imtahanlarının test mərhələsi hələ gələn həftə də davam edəcək. Bundan sonra isə vakansiya mərhələsi olacaq. Həmin mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Lakin bəzi fənlər üzrə vakansiya və iştirakçı sayı fərqlənir. İbtidai sinif müəllimliyi də tələbat çox olan ixtisaslardandır.

Müsahibə

Test imtahan mərhələsindən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq./ Azərbaycan Müəllimi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 11:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com