Belçika yığması İngiltərə millisini məğlub edərək dünya üçüncüsü oldu

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
20:16
1812
Belçika yığması İngiltərə millisini məğlub edərək dünya üçüncüsü oldu

İyulun 14-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə Belçika və İngiltərə yığma komandaları üz-üzə gəliblər.

Sankt-Peterburq şəhər stadionunda oynanılan görüşdə Belçika millisi 2:0 hesabı ilə qalib gələrək çempionatın bürünc medallarına sahib olub.

İranlı referi Əlireza Faqaninin idarə etdiyi oyunda hesab matçın 4-cü dəqiqəsində açılıb. Belçika yığmasının hücumçusu Romelu Lukakunun mərkəzdən gözəl ötürməsindən sonra Naser Şadli sol cinahdan təhlükəli hücum təşkil edib. Onun bu cinahdan rəqibin cərimə meydançasına ötürməsindən sonra topa müdafiəçidən əvvəl özünü yetirən Tomas Mounye adını tabloya yazdırıb – 1:0.

Bu qoldan sonra komandaların qarşılıqlı hücumlarına və yaratdıqları təhlükəli vəziyyətlərə baxmayaraq, birinci hissədə hesab dəyişməyib.

Matçın ikinci hissəsində ingilislər hesabı bərabərləşdirmək üçün bir neçə dəfə qol vəziyyəti yaratsalar da, bundan fərqlənə bilməyiblər. İngilislərdən fərqli olaraq rəqibi təhlükəli əks-hücumlarla “yaxalamağa” çalışan belçikalılar görüşün 82-ci dəqiqəsində hesab arasındakı fərqi artırıblar. Belçikalıların sürətli əks-hücumu zamanı Kevin De Bruynenin gözəl ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Eden Hazard topu yaxın küncə göndərib – 2:0.

Qalan dəqiqələrdə qapılara əlavə qol vurulmayıb.

Beləliklə, XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə yığmasına 2:0 hesabı ilə qalib gələn Belçika millisi bürünc medallara sahib olublar. Belçikalı millisi tarixdə ilk dəfə dünya çempionatını medalla başa vurub. İngiltərə yığması isə 28 il əvvəl olduğu kimi, yenə də medalsız qalıb.

Xatırladaq ki, hər iki komanda dünya çempionatlarında ikinci dəfədir bürünc medallar uğrunda qarşılaşıblar. Belçika ilk dəfə 1986-cı ildə üçüncü yer uğrunda əsas vaxtı heç-heçə başa çatan görüşdə Fransaya məğlub olub – 2:4. İngiltərə yığması isə 1990-cı ildə ev sahibi İtaliya millisinə 1:2 hesabı ilə uduzaraq çempionatı medalsız başa vurub.

Bu komandalar “Rusiya 2018”də ikinci dəfə üz-üzə gəliblər. Çempionatda mübarizəyə “G” qrupunda başlayan komandalar ilk iki görüşlərini qələbə ilə başa vurublar. Belçikalılar Panamanı 3:0, Tunisi isə 5:2 hesabı ilə məğlub ediblər. İngilislər isə Tunisi 2:1, Panamanı 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. “G” qrupunda sonuncu görüşdə “qırmızı şeytanlar” “dumanlı albion” təmsilçisinə minimal hesabla qalib gəliblər.

Səkkizdəbir finalda Yaponiyanı (3:2), dörddəbir finalda isə beşqat dünya çempionu Braziliyanı (2:1) mübarizədən kənarlaşdıran Belçika millisi yarımfinalda Fransa yığmasına məğlub olub – 0:1.

“G” qrupunun ikincisi kimi səkkizdəbir finala yüksələn İngiltərə yığması isə bu mərhələdə əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək (4:3) dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda İsveçə 2:0 hesabı ilə qalib gələn ingilislər Xorvatiya ilə yarımfinal görüşündə hesabda irəli olmalarına baxmayaraq, oyunu məğlub tərk ediblər – 1:2.

Çempionatda ən məhsuldar futbolçular siyahısına başçılıq edən ingiltərəli hücumçu Harri Keyn mundialı altı qolla başa vurub.

Dünya çempionatının finalında Fransa və Xorvatiya yığmaları qarşılaşacaqlar. Moskvadakı “Lujniki” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Fransızlar ikiqat dünya çempionu olmaq, xorvatiyalılar isə kuboku ilk dəfə başları üzərinə qaldırmaq üçün mübarizə aparacaqlar. Final görüşünü argentinalı referi Nestor Pitana idarə edəcək.

Məqalədə : Belçika DÇ2018 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 19:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com