Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
16:46
Nazir: Pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar aşkarlanıb

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid verilmiş tapşırıqların icrası sahəsində görüləcək işlərə dair müşavirə keçirilib.

FaktXəbər-in məlumatına görə, nazir Sahil Babayev vurğulayıb ki, Prezident tərəfindən qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlərin görülməsi, burada həm inzibati, həm də institusional elementlərdən istifadə olunması, bağlanmış iş yerlərinin təhlilinin aparılması, hər il 6-7 min insanın özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı tapşırıqlar verildiyini diqqətə çatdırıb. 

S.Babayev bildirib ki, ünvanlı dövlət sosial yardımın təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılığın pozulduğunu, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verildiyini, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz  nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb. Bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür, həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır. Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısa müddətli və orta müddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır.

Nazir sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması sahəsində DSMF-nin bir sıra rayon və şəhərlər üzrə göstəricilərinin aşağı olduğunu, bu istiqamətdə ciddi tədbirlərin görülməsini, proqnozların düzgün tərtib olunması və icrası üçün metodologiyanın hazırlanmasını tapşırıb. S.Babayev araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində də ciddi qanunsuzluqların, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması hallarının aşkar edildiyini, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyini deyib. Nazir ümumilikdə pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib. 

S.Babayev stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb. 

Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək. S.Babayev reabilitasiya müəssisələrində də noqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin  pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb. 

S.Babayev məşğulluq orqanlarının bir sıra tədbirlərinin bəzən formal xarakter daşıdığını deyib, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, özünüməşğulluq proqramında növbəliliyin pozulmasının qarşısının alınması, vətəndaşların proqrama cəlb olunması zamanı müəyyən edilmiş kateqoriyalara (sosial cəhətdən həssas qruplara) üstünlük verilməsi prinsipinə əməl olunması, işsizlikdən sığorta təyinatı ilə bağlı vətəndaşların müraciətlərinə bərabər və ədalətli yanaşmanın təmin olunması, habelə  işsizlikdən sığorta sistemi ilə bağlı işəgötürənlər arasında daha geniş məlumatlandırma işlərinin aparılması və s. barədə tapşırıqlar verib. 

Nazir əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin  təkmilləşdirilməsi üçün bu sahədə İKT imkanlarından geniş istifadə olunmasını, elektron protokol layihəsinin tətbiqini, “ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən monitorinqlərin nəticələri ilə bağlı təqdim olunan məlumatlar üzrə aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirilməsini və s. tapşırıb. 

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində aidiyyəti qurumlarla birgə tədbirlərin getdikcə gücləndirildiyini vurğulayan S.Babayev bildirib ki, bu sahədə nəzərəçarpan nəticələr əldə olunması üçün daha səmərəli alətlərdən, stimullaşdırıcı tədbirlərdən istifadəyə xüsusi önəm verilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sahil Babayev pensiya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com