Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
22:14
Prezidentlə Etibar Pirverdiyev arasında maraqlı dialoq - VİDEO

"Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək."

FaktXəbər-in məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib.

“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz."

Qeyd edəkki, Prezident toplantıda çıxış etdikdən sonra açıqlama vermək üçün sözü Etibar Pirverdiyevə verib. O, çıxışına belə başlayıb: " İlk növbədə, Azərbaycan enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq çox dərin narahatlığımızı bildirməklə yanaşı, Sizdən və eyni zamanda, respublikamızın enerji istehlakçılarından üzr istəyirəm. Həmçinin İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı vəziyyəti təcili olaraq nəzarətə götürdüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Son 15 ildə energetika sektorunda Sizin rəhbərliyiniz ilə..."

Prezident İlham Əliyev burada onun sözünü kəsərək, "Onu bilirik, son 15 il ərzində nələr görülüb. Sən de görək qəzanın səbəbləri nədir və nə üçün ölkəni qaranlıq bürümüşdü? Səbəblər nədir?", - deyə ona sual ünvanlayıb.

Etibar Pirverdiyev: iyulun 3-də və ondan əvvəlki vəziyyətlə bağlı məlumatı təqdim etmək istərdim. İyun ayının gündəlik elektrik istehsalını götürdükdə, ayın əvvəlində biz görürük ki, gündəlik istehlaka 50-55 milyon kVt/saat arasında enerji verilmişdir. Son bir həftə ərzində isə bu rəqəm 70-75 milyona qalxmışdır. Təxminən 40 faiz birdən-birə...

Prezident İlham ƏLİYEV: Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən. Əyləşin.

Bir daha deyirəm, Yaqub Eyyubov, məsələni çox ciddi araşdırmaq lazımdır. Bütün komissiya üzvləri fəal işləməlidirlər. Qısa müddət ərzində həm birinci qəzanın səbəbləri, xüsusilə ikinci qəzanın səbəbləri haqqında mənə məruzə edilməlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : prezident Mingəçevir işıq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 00:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com