Pambıq tarlasında zəhərlənənlərə görə kim məsuliyyət daşıyacaq?

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
09:57
2551
Pambıq tarlasında zəhərlənənlərə görə kim məsuliyyət daşıyacaq?

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib. Belə ki, rayonun Sımada kəndində tarlada işləyən 23 nəfər  kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir.  Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası  ezam olunub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Saatlı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, zəhərlənənlər arasında uşaq yoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Saatlıda zəhərlənən pambıqçılardan 4-ü Bakıya, Toksikologiya Mərkəzinə gətirilib. Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu isə qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb. Qalanlarının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Məlumatlara görə, sahə dərmanlandıqdan sonra ora dərhal girmək qadağandır. Çünki həmin maddə insan sağlamlığına da zərər verə bilər. Ona görə də qaydaya görə sahə dərmanlanandan yalnız 20 gün sonra əraziyə girişə icazə verilməlidir. Görünür, Saatlıdakı tarlada işləyən şəxslər bu qaydalara məhəl qoymayıblar.

Bir ay ərzində artıq pambıqla bağlı ikinci bədbəxt hadisə baş verir. Belə ki, mayın 7-də Sabirabad rayonunun Şəhriyar kəndində traktorun qoşqusu ayrılaraq, yaxınlıqdakı su kanalına aşmışdı. Hadisə nəticəsində bir ailənin 6 qadın üzvü ölüb, iki nəfər yaralanmışdı. Həmin ərəfədə də məsələ ciddi şəkildə sosial şəbəkələrdə, mediada müzakirə obyektinə çevrilmişdi. Bir çox şəxslər bildirirdilər ki, pambıq sahələrinə  əkinçiləri daşımaq üçün xüsusi texnika ayrılmalı, oradakı işlərə nəzarət edilməlidir. Ancaq görünən budur ki, Sabirabaddakı bədbəxt hadisədən də nəticə çıxarılmayıb. Yenə də pambıq yığımına nəzarət lazımı səviyyədə olmayıb.

Baş Prokurorluq Saatlıda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.

Bəs indiki halda kimlər məsuliyyətə cəlb olunmalıdır?

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, ilk olaraq sahənin kimə məxsus olduğunu araşdırmaq lazımdır: “Əgər yer şəxsi mülkiyyətdə olan yerdirsə və orada biznesi quran fərdi sahibkardırsa, əlbəttə ki, məsuliyyəti o daşıyır. Çünki Əmək Məcəlləsi də tələb edir ki, işçi üçün müvafiq əmək şəraitinin yaradılmasını işə götürən təşkil edir. İstər orada işləyənlər qohum olsun, istərsə də kənar adamlar. Bunun heç bir əhəmiyyəti yoxdur. Qanun kim ki, işi təşkil edir və işə götürürsə müvafiq, təhlükəsiz iş şəraitini yaradılmasını da ondan tələb edir. Bu mənada əgər kimsə işi təşkil edibsə, oradakı bütün təhlükəsizlik qaydalarının yaradılmasına da o baxır. Əgər müəssisə dövlətindirsə, əlbəttə ki, bu zaman da həmin müəssisənin rəhbərliyi eyni şəraiti yaratmalıdır. Burada araşdırma aparılmalıdır ki, bu səhlənkarlıqdır, yoxsa ki, qəsddir. İnanmıram ki, bu, qəsd olsun. Yəqin ki, burada ehtiyatsızlıq, səhlənkarlıq var. Bütün bunlara görə məsuliyyəti təşkilatçı daşıyacaq və vurulan ziyanı da ödəyəcək. Məsələdə zərərin nəticəsi, ağırlığı da nəzərə alınır. Əgər maddi zərər varsa, zərər görən şəxslər müalicə alıb, xərc çəkiblərsə bunların hamısı nəzərə alınmaqla, şəxs məsuliyyət daşıyacaq”.

Müəssisənin işçini nəqliyyat vasitəsi və digər bu kimi alətlərlə təmin etməsinə gəlincə isə hüquqşünas aşağıdakıları bildirdi: “Bu, sahibkarla işçilər arasında qarşılıqlı razılaşmadan asılıdır. Tutaq ki, əgər sahibkar kimləsə razılaşıbsa ki, sən öz nəqliyyatından istifadə edib, işə gəlib-gedəcəksən. Yaxud da sahibkarla işçilər müqavilə imzalayırlar ki, onları sahəyə ayrılmış nəqliyyat vasitəsi aparıb-gətirəcək. Deyə bilmərəm ki, bu hadisədə sahibkarla işçilərin arasında hansı razılaşma olub. Ona görə də günahı konkret olaraq sahibkarın üzərinə yıxmaq olmaz. Sabah məlum ola bilər ki, işçilər öz texnikası ilə ora gəlməyi öhdələrinə götürmüşdülər. Lakin sahəyə kommunikasiyaların olması, yolun çəkilməsi, su və qida qəbulu üçün müvafiq şəraitin yaradılması əmək şəraitinə aid olan məsələlərdir. Bütün bunların hamısı sahibkarın öhdəsinə düşür. Yalnız texnika ilə və avtomobil nəqliyyatı məsələsi qarşılıqlı razılaşma əsasında həll olunur. Məsələ ondadır ki, hadisə iş dövründə, işə gəlmə və ya işdən getmə dövründə baş veribsə, onda da dəymiş zərərin aradan qaldırılması sahibkarın və ya müəssisənin boynuna düşür”.("Yeni Müsavat")

Məqalədə : Pambıq tarlası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 14:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com