Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
16:32
1368
QAT `ömürlüklər`lə bağlı müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı ömürlük məhbusların əfv olunmasına yardım göstərilməsi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin cəzaların humanistləşdirilməsinə dair son sərəncamlarına uyğun olaraq qanunvericiliyə edilmiş dəyişikliklərə Konstitusiya Məhkəməsi tərəfindən şərhlərin, təlimatların verilməsi prosesinin, digər qanunverici aktların sürətləndirilməsi xahişi ilə müraciət edib.

Müraciətdə deyilir: “Son əfv fərmanında ömürlük məhbusların nəzərə alınmaması ilə bağlı Sizə müraciət edirik. Biz bu əfv fərmanını növbəti humanist addım kimi dəyərləndirir, vacib təşəbbüs hesab edir, azadlığa çıxanlara, onların yaxınlarına gözaydınlığı veririk. Hamımız böyük ümidlə gözləyirdik ki, fərman ömürlük məhbuslara da şamil ediləcək. Onların içərisində Qarabağ müharibəsində fədakarlıqla vuruşan OMON-çular və digər döyüşçülər, Qarabağa gedib partizan müharibəsi aparmaq istəyən gənc oğlan var, onların əksəriyyəti 20 ildən çoxdur ki, həbsdədirlər, xəstədirlər, ailə vəziyyətləri ağırdır. 1998-ci ildə güllələnmə cəzasından ömürlük həbs cəzasına keçirilən məhbusların məsələsini xüsusi qeyd etmək istəyirik. Onlar Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında, kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunmuşlar. Həmin qanunun 4-cü bəndində qeyd edilir ki, “Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin”. Xatırladırıq ki, adıçəkilən qanun 21 fevral 1998-ci ildə, yəni 11 gündən sonra qüvvəyə minib. Elə həmin gündən etibarən avtomatik olaraq 128 nəfərə tətbiq edilən ömürlük cəza hüquqi baxımdan öz qüvvəsini itirib. Bu günə kimi onların ömürlük məhkum olunduğuna dair nə bir müvafiq qanun, nə də bir məhkəmə qərarı var”.

Müraciətdə daha sonra bildirilir: “Ölkəmizdə ölüm cəzasının ləğvi ilə əlaqədar mətbuat və informasiya orqanları nümayəndələri qarşısında çıxış edən mərhum prezident Heydər Əliyev bəyan edib ki, “...ölüm hökmünə məhkum olunmuş insanların cəzası müvafiq qaydada uzunmüddətli cəzalarla əvəz edilə bilər” (“Azərbaycan”qəzeti, 23.01.1998-ci il). Həmçinin Milli Məclisin keçmiş spikeri, əməkdar hüquqşünas mərhum Murtuz Ələsgərov “Ədalət” qəzetinə verdiyi müsahibəsində bildirib ki, “ölüm hökmü alanların cəzası 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənəcək, çünki ömürlük azadlıqdan məhrumetmə yeni cəza növü olduğundan indi onu ən ağır cəza alanlara aid etmək olmaz” (“Ədalət”qəzeti, 30.01.1998-ci il). Yuxarıda adıçəkilən qanun pozuntusu ilə əlaqədar AŞPA-nın da 16 aprel 2007-ci il tarixli 1545 nömrəli qətnaməsinin 8.9-cu bəndində deyilir ki, “ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”. Azərbaycan Respublikasında ölüm cəzası ləğv edildiyi zaman “Cinayət qanununun zamana görə qüvvəsi” hüquqi prinsipi kobudcasına pozulub. Həmin hüquqi prinsipə əsasən, 128 nəfər məhkumun işinə fərdi qaydada məhkəmə instansiyalarında baxılmalı və köhnə Cinayət Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq onların hər birinə 15 il azadlıqdan məhrumetmə və ya prezidentin əfv fərmanı qaydasında 15 ildən 20 ilə qədər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilməli idi. Qanunverici orqan olan Milli Məclisin məhkəmə səlahiyyətlərini mənimsəyərək həmin ərəfədə ölüm cəzası altında olan 128 nəfərə tətbiq etdiyi ömürlük həbs cəzası Azərbaycan Respublikası qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına və Avropa Konvensiyasına tamamilə ziddir. Belə ki, Azərbaycan Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Tərəfdarı olduğumuz BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 11 (2)-ci maddəsinə əsasən, “heç kəs cinayətin törədildiyi zaman tətbiq ediləsi cəzadan daha ağır cəzalandırıla bilməz”. Bu hüquqi prinsip eynilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 15(1)-ci maddəsində və Avropa Konvensiyasının 7(1)-ci maddəsində öz əksini tapıb. Azərbaycan Konstitusiyasının 151-ci maddəsinə görə, “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.

Müraciətdə vurğulanır ki, bu günə kimi 128 məhkumdan yalnız 74 nəfəri sağ qalıb: “Ölüm cəzasından qat-qat ağır olan ömürlük cəza bir çox məhkumun həyatına son qoyub. Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstədir və cəzalarının 20 ildən çox hissəsini çəkiblər. Yaxşı bilirik ki, əfv qərarı yalnız Prezidentə məxsusdur. Amma Konstitusiya Məhkəməsi də ciddi statusa malikdir və bu vacib məsələnin həllində təsirli rol oynaya bilər. Xahiş edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının tələblərinə, həmin sərəncama əsasən qanunlarda edilmiş dəyişiklərə uyğun olaraq verəcəyiniz şərhlərdə, digər təşəbbüslərdə ömürlük məhbusları nəzərə alasınız, onların taleyini diqqət mərkəzində saxlayasınız. Sizdən bir daha xahiş edirik ki, qanunun verdiyi səlahiyyətlər daxilində ömürlük məhbusların əfv olunması ilə bağlı təşəbbüslər edəsiniz”.

Məqalədə : QAT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 21:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com