Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2018
20:11
2171
Bakıda iki böyük ticarət mərkəzinin arasında `ölüm yolu` - FOTO

"8-ci kilometr bazarı" yaxınlığında, "Lotos" və "Diqlas" ticarət mərkəzlərinin arasındakı yolda ictimai nəqliyyatın hərəkəti, qəfil sərt döngədən çıxaraq aşağı doğru hərəkət etməsi hər gün yüzlərlə insanın həyatını təhlükə qarşısında qoyur. Piyadaların sıx hərəkət etdiyi yolda avtobusları şütüyür. Dayanacağı "Lotos" və ticarət mərkəzinin arxasında sərnişin avtobuslar hər dəfə insan kütləsini yararaq aşağı doğru hərəkət etməyə çalışırlar.

Piyadalar isə hansı təhlükə ilə qarşılaşdıqlarının fərqində deyillər. Müşahidələrimiz zamanı öyrəndik ki, 20, 103, 105, 141 və 214 nömrəli marşut avtobusları bu "ölüm yolu"ndan keçirlər.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, marşrut avtobusları bazar istiqamətində sıx hərəkət edən piyadaların bir addımlığından keçir. Ticarət mərkəzlərinin ətrafında xırda mağazalar və səyyar satıcılar olduğundan vəziyyət bir qədər də dramatikləşir. Yuxarıdan gələn avtobuslar piyadaları yara-yara enişə doğu irəliləyir. Magistral yola çatdıqda isə daha bir problem yaranır. Bu zaman həmin avtobuslar "Neftçilər" metrostansiyası istiqamətində hərəkət edən nəqliyyatın qarşısını kəsir, nəticədə tıxac yaranır.

Xatırlayırsınızsa, məhz burada 2016-cı ilin aprel ayında ölümlə nəticələnən yol qəzası baş vermişdi. Belə ki, 103 saylı marşrut xətti ilə hərəkət edən avtobus, yolun qadağan olunmuş hissəsindən keçən piyadaları vurduqdan sonra 30 saylı marşrut avtobusuna çırpılması nəticəsində 60 yaşlı bir qadın ölmüş, 9 nəfər sərnişin xəsarət almışdı.

Hadisənin əsas günahkarı yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü olsa da, nəqliyyatın hərəkətinin sıx olduğu yerdən yolu keçməyə çalışan piyadaların da məsuliyyəti az deyildi. Artıq bu hadisədən 2 il ötür, lakin heç bir tədbir görülməyib. Heç nə olmamış kimi hər şey əvvəlki qaydada davam edir.

Yenə də, piyadalar yaxınlıqdakı yeraltı keçidi qoyub maşınların arası ilə yolu keçir, yenə də marşrut avtobusları qaçdı-qovdu oyunu oynayır, yenə sıxlıq, yenə tıxac və zilə qalxan siqnal səsləri...

Bazarın qarşısında dayanan taksi və yük maşınları isə vəziyyəti daha da acınacaqlı hala salır. Belə ki, onlar üçzolaqlı yolun bir zolağını zəbt edirlər. Bazardan bir xeyli kənarda sərnişinlər üçün dayanacaq qurulsa da, həmin yer istifadəsiz qalıb. Çünki marşrutlar harada gəldi, necə gəldi sərnişinləri mindirib, düşürürlər. Belə olan halda sərninişlər onlar üçün ayrılmış yerlərdən kənarda dayanmalı olurlar.

Sərnişin Səma Cəfərova buradakı acınacaqlı durumdam danışdı: "Bir müddət marşrut avtobusları normal qaydada işlədi. Sərnişinlər üçün yaradılmış dayanacaqlarda saxlayırdılar. İndi isə vəziyyət tamamilə dəyişib. Köhnə hamam, köhnə tas... Gah marşrut avtobusları bir-biri ilə mübahisə edir, gah da yarışa çıxırlar. Bizim konkret dayanmalı olduğumuz yer bəlli deyil.

Gözlədiyimiz marşrut avtobusu hər dəfə fərqli yerdə dayanır. Bir də görürsən ki, tələsdiyindən yolun ortasında sərnişin götürür. Dəfələrlə narazılığımı da bildirmişəm. Sürücü gecikdiyini əsas gətirib. Bir sözlə, anormal və özbaşına duruma düşmüşük".

Həmin yolun kənarındakı ticarət obyektlərində çalışanlar yuxarıdan aşağıya doğru üzü enişə hərəkət edən avtobusların hər an qəza şəraiti yaratdıqlarını deyirlər: "İllərdir ki, burada ticarətlə məşğulam. Yüzlərlə insan gözümün önündə təhlükə ilə üzləşib.

"Lotos" ticarət mərkəzlərinin arxasından gələn avtobus və yük maşınları piyadaları qorxudur. İnanın ki, bəzi zamanlarda avtobuslar piyadaların yanından bir neçə santimetr məsafə ilə keçir. Kiminin ayağı, kiminin qolu xəsarət alıb. İki ticarət mərkəzinin arasındakı yol dar olduğu üçün biz hər an ehtiyat edirik. Hətta bir dəfə yük maşını ticarət obyektlərindən birinə çırpılmışdı. Müştərilər və satıcılar birtəhər qaçıb canlarını xilas etmişdilər".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Yeni Müsavat"a bildirib ki, bu problemlərin həlli üzrə zəruri işlərin aparıldığını bildirdi: "Hazırda Qara Qarayev prospekti və ona yaxın küçələrdə ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görülür. Bu işlər çərçivəsində qeyd edilən ərazidə yəni, Naxçıvanski küçəsindən Qara Qarayev prospektinə çıxan yoxuşlu yolun avtobusların hərəkət sxemindən çıxarılması məsələsi də nəzərdən keçirilir. Doğrudur, biz bir qədər əvvəl də açıqlama vermişdik ki, bu məsələ həll ediləcək. Lakin müəyyən kiçik, lakin vacib texniki məsələlər var. Onlar tam həll edildikdən sonra bu məsələ də həllini tapacaq.

Məqalədə : təhlükəli yol 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2018 12:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com