Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
08:45
1626
Ramiz Mehdiyev: `Belə məmurlarla çox böyük vaxt itkisinə yol verə bilərik`

"Dövlət orqanlarında bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur"

FaktXəbər-in məlumatına görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "AzərTAc"da “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yayımlanıb.

Ramiz Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.

Ramiz Mehdiyev bildirir ki, prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Prezident Administrasiyasının rəhbəri İlham Əliyevin müsahibələrindən birindən aşağıdakı sitatı gətirir: “Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.

R.Mehdiyevə görə hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.

İdarəetmə islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan “maneələri” asanlıqla dəf etməyə imkan verir.

Ramiz Mehdiyevin fikrincə dövlət idarəetmə sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən biri idarəetmə islahatlarının iqtisadi islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. 

Administrasiya rəhbəri onu da yazır ki, idarəetmə sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır.

Məqalədə deyilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.

Məqalədə : Ramiz Mehdiyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status