Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2018
11:00
Facebook-dakı testlər TƏHLÜKƏLİDİR?..

Son zamanlar Facebook sosial şəbəkəsində müxtəlif testlərdən istifadə kütləvi hal alıb.  Bir qrup adam sırf sosial şəbəkədəki testlərdən keçmək üçün bu şəbəkəyə daxil olurlar. Onlar sanki həyatlarını (məsələn, gələcək ərlərini, işlərini, saç rənglərini, kiməbənzədiklərini və s.) həmin testlərə inanaraq yaşayırlar.  

Məsələn, Facebook tez-tez soruşur ki, "Sənin ruh əkizin kimdir?" və ya "Əslində, neçə yaşın var?".

Bu cür  test proqramlarının təhlükəli olduğunu bildirənlər də var. Hətta qeyd edilir ki, testlər xarici kəşfiyyat tərəfindən ölkəni analiz etmək məqsədi güdür.

Bu cür testlər həqiqətən real təhlükədirmi?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  Modern.az-a açıqlamasında deyib ki, istifadəçilər sosial  media açıq platforma olduğunu nəzərə almalıdırlar:

“Hesab edirəm ki, sosial şəbəkələrdə insanlar özləri hansı məlumatların açıqlanıb-açıqlanmamalı olduğunu müəyyən etməlidirlər. Əlbəttə dünyada, o cümlədən Azərbaycanda elə qurumlar var ki, sosial mediada monitorinq aparırlar və insanlar da bundan faydalana bilir. Əgər bizim hökümət sosial mediada monitorinq aparmırsa, insanları məlumatlandırmırsa, yaxşı məqsədlər üçün sosial şəbəkələri izləmirsə, bunu anlamaq çətindir. Təbii, söhbət ölkənin təhlükəsizliyi, ictimai rəyi öyrənmək, Azərbaycanın gələcək inkişafını qurmaq  kimi məsələlərdən gedir. Düşünürəm ki, xairici ölkələrdə də, bizdə də sosial şəbəkələrdə mövcud olan informasiyalardan hökümət istifadə edir.

Bu baxımdan  vətəndaş sabah üçün problem yaranmasın deyə sosial şəbəkəyə hansı informasiyaların yerləşdirildiyini müəyyən etməlidir. Yəni bu məsələlər daha çox vətəndaşın problemidir”.

O.Gündüz qeyd edib ki, bu istiqamətdə vətəndaşlar mütləq maarifləndirilməlidir:

“Bizdə bununla məşğul olan dövlət qurumu var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron təhlükəsizlik mərkəzi müəyyən maarifçilik işləri aparsa, yaxşı olardı. Yəni sosial mediada hansı təhlükələr var, hansı addımlar atmaq olar, hansılar olmaz, bu təhlükələr nəyə səbəb ola bilər – kimi mövzularla əlaqəli vətəndaşlara informasiya verilməlidir.

Qurumun bu sahədəki işini yetərli hesab etmirəm. Sosial şəbəkə istifadəçiləri platformanın mövcud təhlükələrindən xəbərdar olmaya bilər.

Bu gün  elə proqramlar hazırlanır, elə informasiya sistemi qurmaq olar ki, sosial şəbəkələrdəki məlumatlardan istifadə olunsun. Çünki dediyim kimi Facebook və ya başqa şəbəkələr açıq şəbəkələrdir. İstənilən yerdə robotlar, süni intellektə əsaslanan proqramlar mümkün informasiyaları toplayıb nəhəng informasiya bazaları yaradırlar. Buna “Big Data” deyirik. Bu informasiyalardan kimə, nə cür lazımdırsa, təhlil edib istifadə edə bilir”.

Müsahibimiz deyib ki, bizim üçün əyləncəli olan testlər  başqası üçün ciddi informasiya bazasıdır:

“Bu yaxınlarda “Get Contact” proqramından istifadə  kütləvi hal almışdı. Proqram kiminsə nömrəsinin necə qeyd edildiyini müəyyən edirdi. Əslində ilk baxışdan baxanda problemli görünmür. Lakin digər tərəfdən proqramdan istifadə zamanı  qarşıda nəhəng telefon bazası yaradırsınız. Burada artıq təhlükə, narahatlıq yaranır. Çünki həmin baza başqa məqsədlər üçün istifadə edilə bilər. Təbii ki, birmənalı şəkildə nəsə demək də mümkün olmur”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : feysbuk 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 04:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com