Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
09:52
Xarici borcumuz artıb, amma...

Ekspert: “İnkişaf etmiş ölkələrin bir çoxunda xarici dövlət borcu ilə bağlı vəziyyət Azərbaycandan qat-qat pisdir”

Ötən il Azərbaycanda adambaşına düşən xarici dövlət borcu hər gün 1 manat 17 qəpik artıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu ilin 1 yanvarına Azərbaycanın xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları və ya 15 milyard 978,1 milyon manat olub. Bu, adambaşına 950 dollar, yaxud 1615  manat deməkdir. Ötən il xarici borcun həcmi adambaşına 705 dollar və ya  1198 manat olub. Beləliklə, ötən il hər  birimizin borcu gündə 1 manat 17 qəpik artıb.

İqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, ötən il xarici borcumuz 36 faiz artıb: “Belə bir artım indiyədək müşahidə olunmamışdı. Bu, əsasən Beynəlxalq Bankın xarici kreditorlar qarşısındakı 3,3 milyard dollarlıq borc öhdəliyini dövlətin öz üzərinə götürməsi nəticəsində meydana çıxıb. Həmçinin bir sıra dövlət şirkətləri xaricdən dövlət zəmanəti ilə kreditlər cəlb ediblər”.

Ekspert bildirir ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-ə nisbətdə dünyada qəbul olunmuş kritik həddən xeyli aşağıdır: “Avropa Birliyinin 1992-ci il Maastrixt razılaşmasına görə, xarici borc ÜDM-in 60 faizindən yuxarı olduqda təhlükəli səviyyə hesab olunur. Azərbaycanda isə bu göstərici 23 faizə yaxındır. Lakin nəzərə almaq lazımdır ki, bizdə açıqlanan sırf dövlət borcudur. Amma dünyada xarici borclar hesablanarkən həm dövlətin, həm də özəl sektorun borcları nəzərə alınır. Məsələn, Azərbaycanda təkcə SOCAR-ın xarici borcu dövlətin borcuna bərabər həcmdədir. Bundan əlavə, bir sıra dövlət şirkətlərinin dövlət zəmanəti olmadan aldıqları borclar var, özəl şirkətlərin, bankların xaricdən cəlb etdikləri kreditlər var. Azərbaycanda bunların uçotu aparılsa da, ümumi mənzərə ictimaiyyətə açıqlanmır. Əminəm ki, bütün qeyd olunan borclar nəzərə alınarsa, indiki rəqəm azı 2 dəfə yüksək olar, borcların ÜDM-dəki payı da 60 faiz həddini də ötüb keçər. Yəni əslində biz xarici borcun həcminə görə təhlükə xəttini keçmişik”.

İqtisadçı deyir ki, Dünya Bankının hesablamalarına görə, Azərbaycanın xarici borcu 14 milyard dollar təşkil edir. Daha 1 milyard dollar isə özəl sektorun borcu hesablanır: “İnkişaf etmiş ölkələrin bir çoxunda xarici dövlət borcu ilə bağlı vəziyyət Azərbaycandan qat-qat pisdir. Məsələn, ABŞ dövlət borcu elə ölkənin ÜDM-nə bərabərdir. Böyük Britaniya və Fransanın borcu ÜDM-in 200-300 faizi həcmindədir. Almaniyada borc ÜDM-in 150 faizinə, Niderlandda 500 faizinə bərabərdir. Bu halda sual yaranır ki, o ölkələr niyə təhlükəli situasiyaya düşmürlər? Bu, onunla bağlıdır ki, onların iqtisadiyyatı yüksək inkişaf edib, ən yüksək kredit reytinqlərinə malikdirlər. Azərbaycan kimi ölkələrdə isə borcun artması onların reytinqinin pisləşməsinə gətirib çıxarır. Bu da iqtisadiyyatın strukturu ilə bağlıdır. Bizdə Neft Fondunun olması kredit reytinqinin düşməsinin qarşısını alır, həm də yeni borclanmalara imkan yaradır”.

2018-ci ilin büdcəsinin dövlət borcuna xidmət xərcləri 10,8 faiz - təxminən 2,2 milyard manatdan yuxarı təşkil edir: “Bu isə o deməkdir ki, xərclənən hər 10 manatın 1 manatdan çoxunu borc qaytarmağa sərf edəcəyik. Büdcənin ikinci ən böyük xərc maddəsidir. Bu, çox böyük rəqəmdir. Bu il dövlət borcuna xidmət xərclərinin 613 milyon manatı faiz borcunun ödənməsinə yönəldiləcək. 1,7 milyard manata yaxın vəsait isə bilavasitə əsas borcun qaytarılmasına sərf olunacaq.

Bizim borclanmaya getmək limitimiz var. Amma nəzərə almaq lazımdır ki, zaman keçdikcə bizim neftimiz azalacaq, ondan gələn gəlirlər də azalacaq. Yaxın 4-5 ildə neftin qiyməti dumanlı görünür, onun indikindən xeyli aşağı olacağı gözlənilir. Bu şəraitdə gəlirimizin azalması, qaytarılacaq borcumuzun isə çoxalması bizi ciddi problemlərlə üz-üzə qoya bilər. Buna görə də dövlət zəmanəti ilə alınan kreditlərin şəffaf və təyinatı üzrə, həm də səmərəli xərclənməsi təmin olunmalı, eyni zamanda borclanma məsələsinə konservativ yanaşılmalıdır".(musavat.com)

Məqalədə : borc iqtisadçı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com