Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2018
15:51
1975
Onoloji xəstəlik respirator infeksiya altında gizlənir
Tibb elmləri doktoru: Bütün həkimlər arasında onkoloji sayıqlığı artırmaq lazımdır

Onkoloji xəstəliklər daha çox digər xəstəlik, məsələn, respirator infeksiyaları altında gizlənir. Xəstəliyin yaranması əsasən əzginliyin, zəifliyin, əsəbiliyin artması, iştahasızlıq, arıqlamaq, fəallığın azalması ilə müşayiət olunur. Bu cür vəziyyətin yaranmasına çoxlu səbəb ola bilər, xüsusən ona görə ki, uşaqlarda bir çox şişlər gizli lokalizasiyaya malikdir. İstənilən halda ya həkim çağırmaq, ya da məsləhət üçün həkimə müraciət etmək lazımdır.

Onkoloji sayıqlığın olmaması da mənfi rol oynayır, çünki bu halda pasiyentlər hərtərəfli müayinə olunmur, xüsusi diaqnostika metodları vaxtında tətbiq edilmir. Ona görə də bütün həkimlər arasında onkoloji sayıqlığı artırmaq lazımdır.

FaktXəbər-in məlumatına görə, Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Onkoloji Klinikasının şöbə müdiri, ali ixtisas kateqoriyalı onkoloq-cərrah, tibb elmləri doktoru Reyman İsmayılzadə bu fikirləri "Azərtac"a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, xəstənin təqsiri üzündən həkimə vaxtında müraciət edilməməsi onun öz sağlamlığına diqqətsiz münasibəti, xəstəliyin əlamətlərini lazımınca qiymətləndirməməsi, ehtimal edilən diaqnozdan qorxması, müstəqil müalicə cəhdi ilə bağlıdır.

R.İsmayılzadə deyib: “Onkoloji sayıqlıq nə deməkdir: bədxassəli şişlərin erkən mərhələdə əlamətlərini bilmək; onkoloji xəstəlik ehtimalını istisna etmək məqsədilə hər hansı ixtisas üzrə həkimə müraciət edən hər bir xəstənin hərtərəfli müayinə edilməsi; diaqnostika çətin olan hallarda qeyri-tipik və ya mürəkkəbləşmiş onkoloji xəstəlik barədə şübhənin müəyyən edilməsi; xərçəng öncəsi xəstəliklərin müalicəsi; şişdən şübhə doğuran xəstənin onkoloji yardımın təşkil edilməsi prinsipləri nəzərə alınmaqla vaxtında mütəxəssisin yanına göndərilməsi. Yuxarıda deyilənləri nəzərə alaraq Milli Onkologiya Mərkəzi paytaxtda və regionlarda mütəmadi olaraq elmi-maarifləndirmə tədbirləri həyata keçirir. Məsələn, 2017-ci il dekabrın 23-də Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinin, Səhiyyə Nazirliyinin və Milli Onkologiya Mərkəzinin birgə təşkilati dəstəyi ilə Qəbələdə “Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkimləri məruzələrlə çıxış ediblər”.

Ali ixtisas kateqoriyalı onkoloq-cərrah vurğulayıb ki, uşaq onkologiyası yaşlıların onkologiyasından prinsip etibarilə fərqlənir. Uşaqlarda onkoloji şişlər müəyyən orqanları, yaşlılarda isə digər orqanları zədələyir. Məsələn, uşaqlar arasında ağ ciyər, mədə-bağırsaq traktı şişləri, süd vəzisi, sidik kisəsi, prostat vəzisi, qadın cinsiyyət orqanlarının xərçəngi çox nadir hallarda müşahidə olunur. Onlarda sarkoma, embrioma şişləri və qarışıq şişlər daha çox əmələ gəlir. Bundan əlavə, uşaqlarda şişlərin morfoloji strukturu tamam fərqlidir. Qanyaratma orqanlarının, baş və boyun nahiyəsinin, qarınətrafı boşluğun, nəhayət sümüklərin və dərinin şişləri daha çox yayılıb. Leykoza və leykemiya formaları çox tez-tez rast gəlir. Ən mühüm fərq isə ondan ibarətdir ki, onkoloji xəstəliyə tutulmuş uşaqların müalicəsi yüksək səmərə verir. Lakin bu müalicə şüa terapiyası, kimyəvi terapiya və cərrahi müdaxilə metodlarını əhatə edir. uşaqlarda xərçəng xəstəliyini diaqnozlaşdırmaq yaşlılarla müqayisədə daha çətin, amma onun müalicəsi daha asandır.

Məqalədə : onkoloji xəstəliklər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 19:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com