Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
14:46
“Tariximizin dönüş nöqtəsi - 20 Yanvar” - FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Qələm Yazarlar Birliyinin təşəbbüsü ilə 20 Yanvar hadisələrinin növbəti ildönümünə həsr edilmiş “Tariximizin dönüş nöqtəsi – 20 Yanvar” adlı tədbir keçirildi. Tədbirdə siyasi partiya nümayəndələri, elm xadimləri, qeyri hökümət təşkilatının sədr və nümayəndələri, mətbuat təmsilçiləri iştirak edirdi.

Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl 28 il öncə baş vermiş 20 Yanvar faciəsinə toxunaraq ötən illər ərzində qazandıqlarımız və itirdiklərimiz haqda tədbir iştirakçılarının düşüncələrini dinləmək istədiyini bildirdi.

İlk söz alan jurnalist İdris Hacızadə 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu xatırlatdı: “O gecə gördüyümüz hadisələr heç zaman yaddaşımızdan çıxmayacaq. Neçə-neçə cavanlarımız canından keçdi, vətəndaşlarımızın sovet-faşist güvvələrinin qarşısında sərgilədiyi qəhrəmanlıq tarixi durduqca xatırlanacaq. Yadımdar, o gecə hadisələrin baş verdiyi, indi  20 Yanvar dairəsi adlanan əraziyə tərəf yollandıq, tankların qarşısına çıxaraq canını fəda etmiş insanlarımız indi də gözümün qarşısındadır. Yaralılara kömək etmək məqsədiylə onları xəstəxanalara çatdırırdıq. Siz bir görəydiniz, xalqımız o gecə necə bir-birinə dəstək çıxırdı. Bu hadisələri unutmaq mümkün deyil”. 

Sözünün sonunda qocaman jurnalist şahidi olduğu hadisələrə həsr etdiyi şeirini səsləndirdi.

Daha sonra söz alan Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev 20 Yanvar hadisələrinin tariximizə qızıl həriflərlə yazıldığını qeyd etdi: “Müqqəddəs İslam dinində 2 əsas həqiqət bəyan olunub. Birincisi, vətən sevgisidir ki, bizim ilahi təlimatımızda bəyan olunub. Məhşur, “Vətəni sevmək imandadır” hədisi ilahi tövsiyyələrdən hesab olunur. İkincisi isə insanın varlığı və özüdür. Quran ayələri və hədislərdə deyilir ki, Allah-Təalanı tanımağın ən qısa yolu insanın özü-özünü tanımasıdır. Hər kim özünü tanıyarsa, Allahını da tanıyacaq. Nə qədər bu mərifət dərinləşərsə Allaha olan mərifət də daha dərin olacaq. Elə bir məqam gəlib çata bilər ki, insan bu iki dəyərin birindən imtina etməlidir. Allah-Təala bizə yol göstərib ki, insan özünü vətənə fəda etməlidir. Buyurub ki, seçim anı gələndə öz qanından keç, öz canından keç, vətənini qoru, vətəni düşmənlərə təhvil vermə. Vətən sevgisinin əhəmiyyəti daha böyükdür. Əgər bir xalqda vətənini qorumaq naminə, canından, rahatlığından, sinəsini güllələrə sipər etmək ruhiyyəsi formalaşarsa, o xalqa heç zaman qalib gəlmək olmaz. Şəhid qanının qiyməti o qədər yüksəkdir ki, Allah-Təala insana hər hansı böyük mükafat verəndə onu şəhid qanı ilə müqayisə edir. Əyər insanlar, cəmiyyət, toplum bunu başa düşüb dərk edərsə, heç kim özünü bu xoşbəxtçilikdən məhrum etməyəcək, başını dik tutub, düşmən həmləsinin qarşısında cəsarətlə duracaq. Bu əqidəylə heç bir xalq basılmaz, heç bir torpaq işğal edilməz.”

Daha sonra çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 20 Yanvar faciəsi haqda bəzi şəxslərin dilindən səsləndirilən fikirləri tənqid etdi: “Bəziləri, “onsuz da bu hadisələrin Sovet hakimiyyətinin süqut etməsinə heç bir təsiri olmadı” iddiaları irəli sürərərək, xalqımızın fədakarlıq tarixini şübhə altına salmağa çalışır. Bu, qətiyyən yolverilməzdir. Azərbaycanda, Gürcüstanda, Baltikyanı ölkələrdə baş qaldıran milli azadlıq hərəkatları Sovet hakimiyyətinin süqutunu sürətləndirdi. Yaxşı yadımdadır, xalqımız 20 Yanvar sınağı ilə qarşılaşanda, meydanda iki əsas qüvvə vardı: islamçılar və millətçilər. Məhz bu iki düşüncənin sahibləri Azərbaycan xalqının haqq davasında canlarından, sağlamlıqlarında keçərək, xalqımıza başucalığı gətirdilər. Özünü liberal adlandıranlar isə ocaq başında durub, bacardıqları qədər hadisələrin qansız-qadasız keçməsi haqda düşünürdülər. Sosialist düşüncə sahibləri isə ümumiyyətlə evlərindən çölə çıxmadılar.”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu gün Ermənistanla sülh platforması çərçivəsində danışıq aparanları da qınadı: “Ermənilər Bakıya gələrək Qarabağdan savayı bütün mövzular haqda danışırlar. Elm adamlarımız, yazıçılarımız bilməlidirlər ki, şeir, roman yazmaqla Qarabağın azadlığına ümid etmək olmaz. Xaiş edirəm, heç kəs sözümü öz üzərinə götürməsin. Qarabağın azadlığı müqavimət göstərməkdən, düşmənlərə qarşı sərgilənən dirənişdən keçir.”

Tədbir digər şəxslərin mövzu ətrafında fikirlərinin bölüşməsi ilə davam etdirildi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 16:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com