Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Avqust

2017
21:50
921
“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır” - Özəl bağçaları kim yoxlayır?

“Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır”.

Bunu təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki,  təhsilin ilk pilləsində uşaqların gələcəyi maddi maraqlar ucbatından korlanır.

“Belə ki, valideynlərə uşaq bağçalarına övladlarını qəbul zamanı əsssız tələblər irəli sürülür, müəyyən məbləğdə əsassız vəsaitlər tələb olunur. Bu verilməyəcəyi tədqirdə isə onlara bağçada yer olmadığı bildirilir. Bağçaların problemi təkcə uşaqların qəbulunda əsassız tələblər deyil, eyni zamanda məktəbəqədər təhsil müəssisələrinin, yəni uşaq bağçalarının Təhsil Nazirliyinə deyil, icra hakimiyyətlərinə tabe olması bu işin inkişafının qarşısını alır. Əgər bu sahədə inkişaf istəyiriksə, ilk növbədə bağçaların yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır və yaxud da ayrıca bir komitə yaradılmalıdır. Necə ki, peşə məktəbləri üçün ayrıca qurum yaradılıb. Uşaq bağçalarına dövlət tərəfindən bütün ərzaq və qida məhsulları verilir.

Amma uşaq bağçalarında uşaqlar heç nə yemirlər. Çox ucuz qida ilə təmin olunurlar. Bu səbəbdən, bir neçə dəfə zəhərlənmə hallarına da rast gəlmişik”.

K.Əsədov qeyd edib ki, hal-hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 66 qeyri-dövlət (65 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var.

“Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəsüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqda bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür.

Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir”.

Təhsil eksperti bildirib ki, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standarlarına yaxınlaşıb.

“Amma normativlər — uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi  baxımından isə hələ dünya standarlarına cavab vermir. Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur. Bu günün reallıqları da o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır.

Amma 10 uşaqlı tədris otağı açmaq istəyirsənsə, buna normativ icazə vermir. Yenə də 50 kvadratmetrlik sahə istənilir. Sovet vaxtı ərazilər böyük idi, tikintilər dövlətin hesabına aparılırdı. Bunu o vaxt tətbiq etmək olurdu. Amma indi özəl müəssisələr bunu tətbiq edə bilmirlər.

Bundan başqa menyunun formalaşması baş idarədən tənzimlənir. Əgər uşaq həmin qidalardan yemək istəmirsə, o menyunu dəyişdirilə bilmir. Əgər uşaq səhər yeməyində sıyığı yemək istəmirsə, belə çıxır ki, uşaq ac qalacaq. Menyunu dəyişdirmək olmur. Dövlət bağçasının özünün nəsə almağa imkanı yoxdur, qanunla icazə verilmir.

O zaman da valideynin öz uşağı üçün yemək gətirmək halları ortaya çıxır. Bunlar bizi dünya standartlarından ayırır. Xaricdə elə bağçalar var ki, onlarda menyu, mətbəx yoxdur. Yemək hazırlanmır. Valideynlər özləri uşaqları qidalar ilə təmin edir. Bizdə qanun buna icazə vermir.

Doğrudur özəl bağçaları da istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burda çalışan işçi – tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil .

Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir”.

Məqalədə : bağça Kamran Əsədov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru