Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2017
12:04
2187
Milli Qəhrəman `Fred Asif`in doğum günüdür

Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində dünyaya gəlib. On bir uşağı olan böyük bir ailənin ilki olub. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla ilə məşğul olub.

1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirib, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. Asifə 2 il həbs cəzası kəsilir və o, 8 ay həbsxanada yatır. 

Asifin qardaşı Ədalət Məhərrəmov xatırlayır: "Asifi skamyanın ağacları ilə vurmuşdular, amma o, daha qüvvətli zərbə endirmişdi, birinin dişi tökülmüşdü, birinin burnu qırılmışdı. Həmin 3-4 nəfər pul verdi, canlarını qurtardılar. Bizdən də 2500 manat pul istədilər. Pulumuz olmadı verməyə. Asifi tutdular."

1976-cı ildə Asif qız qaçırır və bir müddət sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində "Təcili yardım" maşınını vurulmasına görə, ona 4,5 il iş verirlər.

1980-ci illərin sonunda həbsxanadan qurtardıqdan sonra, Asif Moskvadakı dostlarının yanına gedir. O, bir müddət sonra Ağdama qayıdır və restoran sahibi olur.

Qarabağ müharibəsi dövründə Allahverdi və Eldar Bağırovla yaxın dostluq münasibəti qurur.

1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaradır. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürlər. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənirlər. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alır, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirir və bundan sonra ordakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunur. Azərbaycan Respublikası müdafiə naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilir. Asifin hərbi təhsili olmamasına baxmayaraq o, 859 saylı batalyonun ilk komandiri olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edir. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad olunur.

Aranzəmini alan zaman Asif maraqlı taktika qurur: artilleriya atəşi vaxtı kəndə girmək. Artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizlənmədiyindən, Asif maşınla kəndə gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edir, əməliyyat fikirləşir. Mirzəyev görür ki, bir UAZ atəş altında girdi kəndə. Atəş dayanan kimi batalyon da getmişdi dallarınca. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Şirin Mirzəyevin sözlərinə görə "bu hərəkəti, ancaq fanat edə bilərdi".

Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. 1992-ci ildə qəzetlərə verdiyi müsahibədə Asif deyirdi: "Mən realistəm. Əgər qüvvələrimizi vahid komandanlıq altında birləşdirə bilsək, qələbə bizimdir."

24 iyun 1992-ci il Naxçıvanlı kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vururlar, onun maşını aşır. Asifin ağ ciyəri ciddi zədələnir və ağzından qan gəlir. Asifi üç gün Ağdamda saxlayırlar.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna düşür. O zaman ən uzun çıxışı o eləyir, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını çatdırır. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırır. Həmin vaxt narahatçılıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə 3 saat söhbət eləyir və ona bildirir ki, "nə mən, nə də mənim ətrafımdakılardan heç kim bu işlərə qarışmırıq".

1993-cü il iyul ayının 23-də, təxminən axşam saat beşdə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qalırlar. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada olur. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıdır. Vəziyyəti daha da pisləşir.O, uzun illərin həbsxana və səngər həyatından sonra vərəm xəstəliyi ilə mübarizə aparırdı. 

1993-cü il 27 oktyabrda, Fred Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.

1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi, Azər adlı oğlu var. 

Asif Məhərrəmova "Fred" ləqəbini 1970-ci illərdə yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.

Məqalədə : Fred Asif 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2018 21:40

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status