Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2018
11:39
Salam, başqalarına sevgi və hörmət hədiyyə etməkdir

Ramazan ayı, ilahi rəhmətin gözəl küləyidir. Bəzilərinə görə, mübarək Ramazan ayı olmasa həyat solğun və cansız görünərdi. Əgər Ramazan ayı kimi mənəvi fürsətlər təmin ediləcək günlər olmasaydı, ürəklərimiz günahların çirkinliyində qapqara olardı. Lakin Ramazan ayı həyatımızın həyət və küçələrindən gəlib keçdiyi zaman, elə bil quraq səhra kimi ürəyimizə lətif və pak yağış yağmış olur. Ramazan ayı bizə belə deyir: "Görünən hər şeyin kənarında, həyatımızı yaxın təqibə alan varlıq, sevgi dolu və hikmət sahibi olan varlıqdır. Dostlar, gəlin bu ayın qalan hissəsində, pəncərələri yenidən səmaya açaq, dua və yalvarışla atmosferi ətirləndirib, pak edək."

Bir gün Hz.Davud (ə) Allah qatında olanda, "Allahım, sənin üçün oruc tutana nə verərsən",- deyə sual edir. Allah qatından səs gəlir: "Mənə oruc tutanın mükafatını da mən verərəm. Oruc tutan iki dəfə sevinər. Bir iftar edəndə, biri də mükafatlandırıldığı vaxtda. Lakin mən oruclu insana bir neçə şey verərəm: oruc tutanların günahlarını bağışlayaram, öz rəhmətimə yaxınlaşdıraram, ona bir çox savab yazaram. Qiyamət günündə onu susuz buraxmaram. Onun adını sadiq qullar siyahısına yazaram. Dualarını müstəcəb edib, hikmətimi ona bağışlayaram."

Ramazan ayındakı həyatı alimlər səfa və səmimiyyət dolu yaşayış adlandırırlar. Ədəb və ədəbi davranışa riayət etmək, başqalarına hörmət etmək və sevgi bəsləmək, ictimai əlaqə və həmrəyliyi gücləndirməyə səbəb olar. Ədəbi davranış və ədəb qanunlarına riayət etmək sıravi məsələ sayıla bilər. Lakin bu əlaqələr forması incə və əhəmiyyətli nöqtələrə, romantik və ictimai qalıcı əlaqələrə malikdir.

Bu barədə - yaxşı xasiyyətli olmaq və ədəbli davranmaqla bağlı Allahı-Təala Qurani-Kərimin "Nisa" surəsinin 86-cı ayəsində belə buyurur: "Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır."

Eləcə də "Nur" surəsinin 61-ci ayəsində də buyurulur: “(Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın və yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə və dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla və ya ayrı-ayrı (daxil olmaq, istirahət etmək, yemək və digər şeylərdən) istifadə etməkdə sizə bir günah yoxdur. Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz."

Salam vermək və hal-əhval soruşmaq insanların bir-birinə sevgi və hörmət nümayişində olması mənasındadır. Bu məhəbbət və ehtiram bəzən şifahi və bəzən faktiki olaraq baş verir. Müsəlmanların bir-birinə sevgi və hörmət göstərməsinin ən açıq forması salam verməkdir. Salamlaşmaq, sevgi və hörmət atmosferini cəmiyyətdə yayar. Salam vermək, qürur və eqoizm duyğularını təsirsiz hala gətirər. Salam vermək ədəbli və təvazökar olmağın göstəricisi olub, dostluq və həmrəylik emosiyalarını gücləndirir. Allahın bu gözəl tövsiyəsi ilə salam vermək ənənəsi, insanların bir-birinə sevgi və hörmət duyğularını hədiyyə etmələrinə səbəb olar. 

İslam Peyğəmbəri qarşılaşdığı hər kəsə salam verərdi. Peyğəmbərimiz uşaqlara belə ilk özü salam olardı. Rəsulullah uşaqlara salam vermək məsələsində belə buyurur: "Mən yaşadığım müddətdə beş xasiyyət və sifəti tərk etməyəcəm. Onlardan biri uşaqlara salam verməkdir. Bu mənim bir sünnəm sayılmalıdır."

Bir-biri ilə qarşılaşan və görüşən insanlar təbəssümlə salam verərək, aralarında heç bir kin və düşmənçilik olmadığını ifadə edər. İmam Sadiq (ə) belə buyurur: "Hər kim sizə salam versə, salamının cavabını açıq şəkildə verin. Salam, başqalarına sevgi və hörmət hədiyyə etməkdir. İslam mədəniyyətinə görə, bir hədiyyəyə daha gözəl bir hədiyyə ilə cavab verilmək mədəniyyətdir.”

Peyğəmbərimizin bir tövsiyəsi də belədir: "Əgər Allah-Təala qulunun xeyrini istəsə, günahlarını gözlərinin önünə gətirər, günahı bir yük olaraq ona hiss etdirər. Günahın kiçikliyinə baxma. Özünə itaətsizlik etdiyin kimsənin böyüklüyünə bax. İmanlı bir insanın işlədiyi günahdan hiss etdiyi iztirab və narahatlıq, bir sərçənin düşdüyü tələdən hiss etdiyi qorxu və dəhşətdən daha çoxdur."

Gülşən Məmmədova / BDU-nun İlahiyyat fakültəsinin məzunu

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com