Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2017
10:40
Zabrat acınacaqlı durumu - Sakinlər narazılıq edir - FOTO

Bakıya yağan yağış və qar Zabrat gölündə suyun səviyyəsinin kəskin qalxmasına səbəb olub. Nəticədə gölün ətrafında tikilən evlərin həyəti, Zabrat-Pirşağı yolunun bir hissəsi su altında qalıb. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, suyun qarşısını almaq üçün cavan-qoca demədən, hər kəs əlinə bel alıb işləyir. Lakin bütün bunlara baxmayaraq, hələ də gölün ətrafında torpaq satılması ilə bağlı elanlara da rast gəlinir...

Zabrat gölündə suyun səviyyəsinin kəskin qalxması ilə bağlı xəbəri aldıqdan sonra gölün yerləşdiyi əraziyə yollandıq. Müşahidə etdik ki, ərazi yaşamaq üçün yararsız  vəziyyətə düşüb. İnsanlar torpaq daşıyıb ara yolları düzəltsələr də, özlərinin sözlərinə görə, bir gün sonra əvvəlki vəziyyət yenidən geri qayıdır və ərazini su basır. Gölün ətrafında sakinlər bənd salıblar. Lakin  belə olduğu halda da göl qrunt suyu şəklində evlərin həyətlərini basır. Sakinlər bildirdilər ki, vəziyyət günü-gündən pisləşir.

Sakin Qasım Mənsimov deyir ki, artıq qonşuların bir qismi digər yerlərdən kirayə mənzil tutaraq, öz evlərini tərk ediblər. Qalanlar isə suyun qabağını almağa çalışırlar: “Ötən illərdə də gölün səviyyəsi qalxırdı. Ancaq heç zaman builki kimi olmayıb. İki aydan çoxdur ki, ərazini yavaş-yavaş su basır. İndi artıq suyun səviyyəsi ən yüksək həddə çatıb. Gölə yaxın yerləşən evlərin həyətində 20-30 santimetr su var. Ona görə də insanlar çarəsiz qalıb evlərini tərk ediblər. Burada evləri olduğu halda başqa yerdə pul verib kirayə yaşayırlar. Biz də hər gün əlimizə bel alıb, yolları düzəltməyə çalışırıq. Öz maşınımızla əraziyə torpaq gətiririk. Bu gün düzəltdiyimiz yol bir neçə gün sonra yenidən suyun altında qalır. İndi artıq Zabrat-Pirşağı yolu da suyun altındadır. Sonuncu dəfə Bakıya qar yağdıqdan sonra göldə suyun səviyyəsi daha da artdı və magistral yol da suyun altında qaldı. Uşaqları məktəbə yola sala bilmirik. Batıb qalırlar palçığın içərisində”.

Digər sakin Həsən bildirdi ki, şəhərə getmək üçün özləri ilə əlavə geyim götürürlər: “Bu yoldan adi ayaqqabı ilə keçmək mümkün deyil. Axşam yatırıq, səhər dururuq ki, yolun quru yeri də artıq suyun altında qalıb. Ona görə də məcburiyyətdən, özümüzlə əlavə uzunboğaz çəkmə də götürürük.  Çəkmə ilə əsas yola kimi gəlirik, daha sonra isə digər ayaqqabını geyinib, yolumuza davam edirik. Hər gün eyni vəziyyətdəyik. Ancaq bizimlə maraqlanan yoxdur. Ərazidəki torpağın hamısını özümüz daşıyıb gətirmişik. İndi durduğumuz yer bir həftə öncə suyun altında idi. Torpaq daşıyıb, buranı düzəltmişik. Ancaq faydası yoxdur. Göldə suyun miqdarı durmadan artır. Burada heç bir kanalizasiya sistemi yoxdur. Ona görə də yağışdan sonra hər il həyətlərə su yığılır. Ancaq heç zaman builki kimi olmayıb. Hər il yay aylarında həyətlər quruyurdu. Bu il isə çox güman ki, yayda da suyun altında qalacağıq. Havalar isindikcə su qalıb iylənir. Bir-iki ay sonra bura pis qoxudan yaxın durmaq olmayacaq. Yay gələndə isə qurbağaların əlindən həyətə girmək olmur. Çox çətin vəziyyətdəyik. Heç bir qurum gəlib bizimlə maraqlanmır”.

Müşahidə etdik ki, ərazidən keçən qadınlar, uşaqlar çox çətinlik çəkirlər. Onlar evlərinə getmək, şəhərə gəlmək üçün hər gün palçıq tapdalamalı olurlar. Bütün bunlara baxmayaraq, maraqlı məqam ondan ibarətdir ki, ərazidə hələ də torpaq satılır. Belə ki, suyun altında qalan ərazilərdə torpaq satılması ilə bağlı yazılmış elanlara rast gəldik. Bundan əlavə, göldən bir qədər kənarda hündürmərtəbəli binalar da tikilir.  

Məsələ ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirdi ki, həmin göl idarə olunmur: “Orada biz dəfələrlə olmuşuq və vəziyyətlə tanışıq. Zabrat gölündə suyun səviyyəsi 2015-ci ildən başlayaraq, tədricən qalxmağa başladı.  Həm Kürdəxanı təcridxanası, həm də Zabrat-Goradil yolu istiqamətində gölün əhatə dairəsi genişləndi. Bunun səbəbi odur ki, göl idarə olunmur, yəni ətrafdan su daxil olur, ancaq heç yerə axıdılmır. Əvvəlki dövrdə su borular vasitəsilə Maştağadan keçən kanala, oradan isə dənizə gedib. İndi həmin boruların da ağzı tutulub və su bir ərazidə qalıb. Eyni zamanda qış mövsümüdür və buxarlanma yoxdur. Ətrafda olan tikililərin, iaşə obyektlərinin, hündürmərtəbəli binaların da hamısının kanalizasiya suları birbaşa  gölə axıdılır. Biz orada dəfələrlə olmuşuq. Yerli strukturlar bu barədə heç bir tədbir görmür. İki ildir bu barədə məsələni qaldırırıq, ancaq bir faydası yoxdur. Biz orada noyabr ayının sonlarında müşahidə apardıq. Həmin zaman 60 santimetrə qədər gölün səviyyəsi qalxmışdı.  Gölün təxminən 200 metrə yaxın uzunluğu, 150 metrə qədər də eni var”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi Azər Süleymanov qafqazinfo.az saytına deyib ki, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf layihəsi proqramı çərçivəsində göllərin təmizlənməsi məsələsi də yer alıb: “Zabrat gölü böyükdür. Göl iki rayonun arasındadır. Problemli məsələdir. Gölün səviyyəsi qalxıb. Bununla bağlı məsələ qaldırılıb, həll olunması istiqamətində qərar gözlənilir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4712

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3202

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2566

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 12:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru