Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2016
09:43
Bu, böhranın ciddi anonsudur - Elxan Şahinoğlu

Sentyabrın 26-da konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı keçiriləcək referenduma az müddət qalıb. Günlər keçdikcə referendum ətrafında müxtəlif iddialar yaranıb. Əsas iddialardan biri Azərbaycan hakimiyyətinin konstitusiyaya ediləcək dəyişiklikləri Qərblə razılaşdırması ilə bağlıdır. 

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bir neçə gün öncə verdiyi açıqlamada  bu fikirləri səsləndirib. Onun açıqlamasının ardından digər ekspertlər də bu yöndə iddialar irəli sürürlər. Son olaraq AXCP sədrinin sabiq müşaviri, Milli Şuranın üzvü Sahib Kərimli “Yeni Müsavat”a müsahibəsində referendumun Qərblə razılaşdırıldığını bildirib. Bütün bunlardan sonra bu iddialar ətrafında hər keçən gün müzakirələr qızışır. Yaranan iddiaların fonunda Azərbaycan iqtidarının nəyin müqabilində referendumu Qərblə razılaşdırması müzakirə olunur. Ekspertlərin bununla bağlı ilkin rəylərindən çıxış etsək, ölkə iqtidarının iqtisadi və siyasi sahələrdə referendumdan sonra islahatlar keçirəcəyi ilə bağlı Qərbə verdiyi vədin burada mühüm rol oynadığını deyə bilərik.  

Politoloq Elxan Şahinoğlu irəli sürülən razılaşma iddiasını real qiymətləndirdiyini söylədi: “Vitse-prezident postlarının yaradılması məsələsinin ortaya atılması gözlənilməz oldu. Zaman keçdikcə mənə də aydın oldu ki, hakimiyyət uzun müddət bu proseslərə hazırlaşıb. Çünki siyasi islahatlara zərurət yaranmışdı. İqtisadi sahədə yaranan problemlərdən sonra hiss olunur ki, hakimiyyət Nazirlər Kabinetindən narazıdır. Məsələn, hakimiyyət referenduma gedir, amma az sayda rəsmi şəxs referendumla bağlı bilgilidir. Cəmi 2-3 nəfərin indiyə qədər mövqeyi ilə tanış olmuşam. Onlar da mövqelərində işarə vururlar ki, iqtidar Nazirlər Kabinetindən razı deyil, prosesləri sürətləndirmək üçün konstitusiyaya dəyişikliklər lazımdır. Aydın məsələdir ki, əvvəlcədən Qərblə bu yöndə danışıqlar gedibsə, Qərb dairələri buna etiraz edə bilməzdi. Çünki onlar da islahatlar tərəfdarıdır. Yaxın 3 ildə iqtisadi sahədə Azərbaycan üçün müəyyən çətinliklər olacaq. Rövnəq Abdullayev açıqlamasında bildirdi ki, 2019-20-ci illərdə qazancımız yenə də on milyardlarla olacaq. Bütün bunlara görə hakimiyyət yaxın 3 ildə elə bir siyasət aparmalıdır ki, cəmiyyət etirazlara qalxmasın. Bu yöndə düşünürəm ki, Qərblə müəyyən məsləhətləşmələr də olub. Çünki indiyə qədər bir təzyiq belə olmayıb”.

Politoloq Venesiya Komissiyasının rəyinin olmamasına da aydınlıq gətirdi: “Konstitusiyaya 23 dəyişiklik, 6 əlavə nəzərdə tutulub. Əlavə və dəyişikliklərə baxsaq, burada beynəlxalq hüquqa zidd nəsə yoxdur. Ən çox haqqında danışılan maddə vitse-prezidentlər postunun yaradılmasıdır. Bu da bir çox Qərb ölkələrində var. Bu baxımdan, Qərbdən dəstək olacaq. Amma əsas müzakirə mövzusu məlumdur ki, paralel qurumların olmasıdır. Səlahiyyətlər vitse-prezidentlərə veriləcəksə, Nazirlər Kabinetinə nə ehtiyac var? Venesiya Komissiyası ilə çox güman ki, danışıqlar olub. Ona görə də komissiyanın mənfi rəyi yoxdur”.

E.Şahinoğlu hökumətin referendum razılaşdırmasını nəyin müqabilində edə biləcəyi ilə bağlı versiyalarını irəli sürdü: “Azərbaycanın dərin islahatlara ehtiyacı var. Referendum olmayıb, amma biz artıq problemlərin dərinləşdiyini görürük. Təkcə bankların dollar satmamasını qeyd edə bilərik. Bu, iqtisadi böhranın ciddi anonsudur. Prezident çıxışlarında da deyir ki, elə məhsullar istehsal etməliyik ki, bizə valyuta gətirsin. Qərb uzun illərdir Azərbaycandan iqtisadi və siyasi sahələrdə islahatlar tələb edir. Bu artıq zərurətə çevrilib. Qərb bunu anladığına görə proseslərə mane olmaq istəmir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com