Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2016
21:59
Bakıdakı qumarxanaların hamısı bir gündə bağlandı - FOTO

Bakıda son bir neçə ayda sürətlə açılan loto-qumarxanaların hamısı bir gündə fəaliyyətini dayandırıb.

Xətai, Nəsimi, Nizami, Yasamal, Sabunçu və bir çox rayonlarında qısa müddətdə şaxələnən loto-qumarxanalar artıq bağlanıb.

Bu qumarxanaların şəbəkə şəklində fəaliyyət göstərməsi məlum məsələ idi. Qumarxanalara nəzarəti eyni şəxslər həyata keçirirdilər, işçiləri belə, bir neçə gündən bir fərqli məkanlarda gözə dəyirdilər.

Hər ay on minlərlə manat qazancı olan bu məkanların fəaliyyəti təbii ki, bir çoxlarının maraq dairəsində idi. Buna görə də uzun müddət bu məkanlar haqda yazılar dərc edilsə də, qanunsuz olaraq qumarxanaların fəaliyyətini himayə edənlərin olduğu bildirilsə də, heç bir tədbir görülmürdü. Nəhayət ki, asan pul qazanmaq istəyənlərin “işi” bağlandı.

FaktXəbər-in məlumatına görə, "musavat.com" əməkdaşı bu gün bağlanan bir neçə məkana baş çəkib. Xətai rayonunda, “Həzi Aslanov” metrostansiyasının çıxışındakı “Samovar” çay evinin qapıları bağlanıb. Çay evi adı ilə açılan bu məkan loto-qumarxana kimi fəaliyyət göstərirdi. Yaxınlıqdakı taksi sürücüləri bildirdilər ki, məkan təxminin 3 gün əvvəl bağlanıb.

4 ildir ki, bu ünvanda taksi sürücüsü kimi fəaliyyət göstərən 64 yaşlı Nazim Qasımov deyir ki, bu obyektin bağlanması bütün sakinləri sevindirib: "Bağlanması lap əla oldu. Qadın, uşaq burdan keçə bilmirdi. Səhər saatlarına qədər oynayırdılar. Təşkil edənlər qazanırdı, oynayanlar bədbəxt olurdu. Çox gec bağladılar”.

“Neftçilər” metrostansiyasının çıxşındakı loto-qumarxana da bağlanıb və artıq obyekt icarəyə verilir.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qumarxananın da qapılarına qıfıl vurulub. Həmçinin Yasamal və Binəqədi rayonlarındakı qumarxanalar da bağlanıb.

FaktXəbər-in məlumatına görə, bir müddət əvvəl BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda qumarxana və kazinoların yenidən açılması fikrini Milli Məclisdə səsləndirmişdi. Amma onun fikri hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadənin sərt etirazı ilə qarşılanmış. A.Mirzəzadə mərhum prezident Heydər Əliyevin tapşırığı ilə bağlanan qumarxana və kazinolarla bağlı qərarın qəti olduğunu söyləmişdi. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 11:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com