Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2015
20:33
322
Sənədsiz evlərlə bağlı müsbət qərar verilə bilər

Vahid Əhmədov: “Artıq Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll edib yekunlaşdırmalıdır və həmin evlərə sənəd verilməlidir”

Azərbaycanda fərdi tikililərin sənədləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov mətbuata açıqlamasında bildirib ki, şəhər və rayonların kadastrlarının hazırlanması işləri yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müvafiq qurumlarla müzakirə ediləcək. Hansı sahələrdə mümkündürsə, həmin tikintilərin sənədləşdirilməsi haqqında qərar veriləcək.

Qeyd edək ki, bu məsələ ilə bağlı sonuncu dəfə bu ilin yanvar ayında ölkə prezidenti fərman imzalamış və sənədsiz evlərin rəsmiləşdirilməsi haqqında qərar vermişdi. Qərara əsasən fərdi tikililər haqqında lazımi informasiyaların toplanması üçün komissiya yaradılmalı və sonra sənədsiz evlər sənədləşdirilməli idi. Lakin buna baxmayaraq bu gün də sənədsiz ev problemi həllini tapmamış olaraq qalır. Hazırda sadəcə paytaxt Bakıda 400 mindən çox sənədsiz tikili var. 

Bəzi ekspertlər bu prosesin sadələşdirilməsi üçün ASAN xidmətə verilməsini təklif edirlər. Rəsmilər isə bunun o qədər də sadə bir məsələ olmadığını deyirlər. 

Musavat.com-a açıqlamasında bu məsələ ilə bağlı narahatlığını dilə gətirən Milli Məclisin İqtisadi Siyasət Komisətinin üzvü Vahid Əhmədov bildirdi ki, bununla əlaqədar prezindetin göstərişi var və problem indiyə qədər həllini tapmalı idi: “Bakı Şəhər İcra Hakimiyyəti artıq bütün sənədləri toplayıb, yekun qərar verilib və insanların evləri sənədləşdirilməlidir. Bu prosesin nə üçün gecikdirildiyini mən deyə bilmərəm. Artıq 1 ildən çox vaxt keçib. Mən bəzi icra başçıları ilə də əlaqə saxladım. Onlar bildirdilər ki, sənədləri tolayıb, BŞİH-ə vermişik. İndi nə üçün proses gecikdirilir, bu, məlum deyil. Çünki sənədsiz evlərin sənədləşdirilməsi uzun müddət idi ki, müzakirə edilirdi. Nəhayət ki, bu il buna son qoyuldu və dövlət başçısı tərəfindən göstəriş verildi. Artıq Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll edib yekunlaşdırmalıdır və həmin evlərə sənəd verilməlidir. Müəyyən işlər gedir. Dəmiryolu ətrafında olan evlərlə əlaqədar da qərar verilib ki, o evlər sökülsün və insanlar evlə təmin edilsin. Qalan məsələlər də hökumətdə müzakirə olunur”. 

Fərdi tikililərin özəlləşdirilməsinin ASAN xidmətə verilməsinə gəlincə, V.Əhmədov bildirdi ki, bu prosesi daha öncə “ASAN xidmət”ə vermək olardı, ancaq indiki mərhələdə yox: “İndi orada icra hakimiyyətinin komissiyası işləyib, külli miqdarda sənədlər yığılıb. Artıq bu qurumdan sənədlərin verilməsi ilə bağlı hər hansı problem olmamalı idi. Bu prosesi “ASAN xidmət”ə də vermək olar. Ancaq elə məsələlər var ki, məsələn, evin elektrik xəttinin altında olması və ya qaz xəttinin yaxınlığında yerləşməsi kimi, buna ASAN xidmətdə baxılması mümkün deyil, bu, məhz həmin komissiyanın işidir”. 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bu haqda qərar verilməzdən öncə respublikanın bütün regionlarında daşınmaz əmlakın inventarizasiyasının aparılmasının vacibliyini vurğuladı: “Yəqin ki, icra orqanları ərazilərində olan tikililər haqqında məlumatları toplayıb, təhlil edib, baxılması üçün müvafiq quruma veriblər. Bu haqda dəqiq məlumatım yoxdur. Təkcə onu bilirəm ki, Daşınmaz Əmlakın Dövlət Reyestir Xidməti bütün daşınmaz əmlakların inventarizasiyası üzrə iş aparmalıdır. Artıq bir çox bölgələrdə, Bakıda, Sumqayıtda, Qubada bu proses yekunlaşıb. Ola bilər ki, Daşınmaz Əmlakın Dövlət Reyestir Xidməti bütün ölkə üzrə daşınmaz əmlakın inventarizasiyasını apardıqdan sonra ola bilər ki, hər hansı qərar qəbul edilsin. Ancaq ölkədə bu sahədə tam inventarlaşma aparılmayınca qərarın verilməsi mümkün olmayacaq”. 

Ekspertin sözlərinə görə, bu sahədə ən böyük problem daşınmaz əmlakın inventarizasiyasının aparılmasıdır: “İnventarizasiya o deməkdir ki, ölkənin hansı bir bölgəsində, hansı torpaq üzərində, kim tərəfindən, hansı tikili tikilib, o tikilinin altında, yanında hansı obyektlər var, mühafizə zolağına yaxındırmı və sair. Bütün bu məlumatlar toplanmalıdır ki, hər hansı qərar qəbul edilsin”. 

N.İbrahimovun fikrincə, daşınmaz əmlakın özəlləşdirilməsinin “ASAN xidmət”ə verilməsi üçün də öncə inventarizasiya aparılmalıdır: “Hüquqlar müəyyən olunmalıdır ki, həmin evlər kimin torpağı üzərində tikilib, torpaq kimə məxsusdur, torpağın bundan sonrakı istifadə imkanları nədir. Bu proses yekunlaşandan sonra sökülməli olan evlər barədə də qərar qəbul ediləcək. Məsələn, əgər yüksək gərginlikli elektrik xəttinin altında çoxlu sayda ev varsa, o ailələrin köçürülməsi, həmin elektrik xəttinin çəkilməsindən daha çox xərc tələb edirsə, o zaman evlərin saxlanılıb, elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı qərar verilə bilər. Bu məsələ bir-iki günə həll olunan məsələ deyil, bu, ölkə səviyyəsində həllini tapmalıdır”. 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri  Qulu Xəlilov artıq bu istiqamətdə xeyli iş görüldüyünü və insanlara yerindəcə çıxarışların paylanıldığını bildirdi: “Bu il ərzində prezidentin “Daşınmaz əmlakın dövlət reyestiri haqqında” Qanuna dəyişikliklərlə bağlı iki mühüm fərmanı olmuşdu. Bildiyiniz kimi, daşınmaz əmlakın qeydiyyatı “Daşınmaz əmlakın reyestiri haqqında” Qanunla tənzimlənir. Bu qanunun 8-ci maddəsində qeydiyyat üçün lazım olan sənədlərin siyahısı göstərilib. Bu qanun olmazdan öncə vətəndaşlar çox əziyyət çəkirdi və daşınmaz əmlaklarını qeydiyyata aldıra bilmirdilər. Təbii ki, prezident tərəfindən verilən bu fərmanlar çox böyük əhəmiyyətə malikdir. “Daşınmaz əmlakın reyestiri haqqında” Qanuna dəyişikliklər imkan verir ki, müəyyən dövrlər ərzində müvafiq qurumlar tərəfindən verilmiş qərarlar qüvvəyə minsin və vətəndaşlarımız sərbəst şəkildə öz əmlaklarını qeydiyyatdan keçirə bilsinlər. Artıq bu sənədlərə hüquqi qiymət verilib. Komitə tərəfindən də yerlərdə fərmanların icrasına başlanılıb. Komitə tərəfindən artıq bir ildən çoxdur ki, kütləvi çıxarış kampaniyası keçirilir ki, vətəndaşlarımız əziyyət çəkməsin. Bu, bir sosial yönümlü kampaniyadır ki, həm Bakıda, həm də respublikanın digər regionlarında kəndlərə, qəsəbələrə gedərək insanlara çıxarışlar təqdim edilir. Bu, vətəndaşlarımıza imkan yaradır ki, sənədlərini rahat şəkildə əldə etsinlər, daha çox əziyyət çəkməsinlər, vaxt itkisi olmasın. Bu, insanlara imkan yaradır ki, öz əmlakları ilə bağlı hər hansı iqtisadi əməliyyat apara bilsinlər, alqı-satqı əməliyyatları, girov əməliyyatları və sair. Artıq bu günə qədər 6 mindən çox vətəndaşa kütləvi qaydada çıxarışlar verilib”. 

Qulu Xəlilov onu da vurğuladı ki, bu proses qadağan olunmuş ərazilərdə tikilən evlərə şamil edilmir: “Bilirsiniz ki, xüsusi mühafizə zolaqları var və bu, qanunda da göstərilib. Yüksək gərginlikli elektrik xətlərinin altında, boru kəmərlərinin üzərində, Xəzər sahilboyu mühafizə zolağında, magistral yolların, dəmiryollarının mühafizə zolaqlarının yaxınlığında tikilən evlərə sənədlər verilmir. Bu barədə qanunvericilikdə də nəzərdə tutulub ki, hansı strateji obyektdən nə qədər məsafədə ev tikmək olar. Bu məsələdə bir də torpaqların təyinatı məsələsi var. Torpaqlar təyinatına uyğun olaraq istifadə edilməlidir. Bildiyiniz kimi, kənd təsərrüfatı torpaqları var, pay torpaqlar var, əkinçilik üçün yararlı olan torpaqlar var. Bəzən vətəndaşlar kənd təsərrüfatı torpaqlarından digər təyinatla istifadə edirlər, orada ev tikirlər. Məsələn, örüş-otlaq, əkin-biçin sahələrində başqa təyinatlı obyektlərin tikintisi yolverilməzdir. Çünki, həmin torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılır və məhsuldarlıq baxımından yararlı olan torpaq sahələri azalır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
57

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
146

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
109

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
134

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
108

Azərbaycan əhalisinin sayı açıqlanıb

16

Sentyabr
11:45
ÖLKƏ
256

Bilik günündən FOTOREPORTAJ

16

Sentyabr
11:36
ELM / TƏHSİL
244
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru