Prezidentlərin Soçi görüşü: (TAM VİDEO)

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2014
09:31
2792
Prezidentlərin Soçi görüşü: (TAM VİDEO)

Xəbər verdiyimiz kimi, bazar günü Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar olub. Görüş  Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında baş tutub. Tədbirin tam mətnini sizlərə təqdim edirik

***
Rusiya dövlətinin başçısı Vladimir PUTİN Azərbaycan və Ermənistan prezidentlərini salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu,

Hörmətli Serj Azatoviç,

Sizinlə Rusiyada görüşmək imkanına görə sizə bir daha təşəkkür etmək istəyirəm.

Dünən bizim həm Ermənistan Prezidenti, həm də Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlər barədə söhbət etmək imkanımız oldu. Axşam qeyri-formal şəraitdə də görüşdük. Düzdür, şükür Tanrıya ki, dünən axşam biz işgüzar xarakterli məsələlərə toxunmadıq. Bununla belə, bir-birimizlə müxtəlif mövzularda söhbət etməyə imkan oldu. Mənim fikrimcə bu, regional tənzimləmə ilə bağlı ən mürəkkəb, ağır məsələlər barədə səmimi söhbət etmək üçün müəyyən şərait yaradır.
Təbii ki, bu problemlərin həllinin, Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq formatları mövcuddur. Şübhəsiz ki, biz bütün bu beynəlxalq formatlara hörmətlə yanaşırıq və həmkarlarımızla işləməkdə davam edəcəyik.

Lakin hər halda bizim xüsusi, daha yaxın münasibətlərimizin mövcud olmasını nəzərə alsaq dərin tarixi keçmişimiz bizim harada olmağımız və keçmişdən bizə miras qalmış bütün bu problemlərin nizamlanmasında irəliləmək üçün nə etmək lazım olması barədə səmimi fikir mübadiləsi aparmağa imkan verir. Hər halda mənə elə gəlir ki, bu, faydalıdır. İstənilən halda faydalıdır. Bu gün sizinlə görüşmək və bütün bu mövzular barədə söhbət etmək imkanına görə çox şadam.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Sağ olun, Vladimir Vladimiroviç.

Bu məsələyə münasibətinizə görə sağ olun. Dünən müzakirə etdiyimiz kimi, bu məsələ öz həllini tələb edir. O, həddən artıq uzandı. Ümidvaram ki, bu prosesdə Sizin şəxsən iştirak etməyiniz danışıqlar prosesinə yeni təkan verəcəkdir.

Qeyd etdiyiniz kimi, danışıqların formatı artıq mövcuddur, münaqişənin tənzimlənməsi üçün hüquqi baza da vardır. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb.

Minsk qrupu həmsədrlərin şəxsində işləyir, tərəfləri yaxınlaşdırmağa cəhd göstərir, lakin bu, o qədər də yaxşı alınmır. Buna görə düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, tənzimləmə prosesində əlbəttə, xüsusi rol oynayır. Ümid edirik ki, biz ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli tapacağıq.

X X X

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- Məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Prezidenti də problemin sülh yolu ilə həll edilməsinin zəruriliyinə diqqət yetirdi. Bu, həqiqətən ən başlıca məsələdir, çünki insanların həlak olmasından daha böyük faciə yoxdur.

Hər halda bunu nəzərə almaq lazımdır ki, münaqişəli vəziyyət çoxdan yaranıb, bizə keçmişdən, deyə bilərik və demək lazımdır ki, Sovet İttifaqının mirası kimi qalıb. Biz bu məsələnin həllini tapmaq üçün səbir, müdriklik, bir-birimizə hörmət nümayiş etdirməliyik.

Şübhəsiz, xoş məram varsa hər hansı mürəkkəb vəziyyət tənzimlənə bilər. Mənə elə gəlir ki, Azərbaycan xalqı tərəfindən, erməni xalqı tərəfindən bu cür xoş məram mövcuddur. Gəlin, bu tərkibdə söhbət edək, sonra isə həmkarlarımızla bərabər bir qədər də oturub məsləhətləşək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 03:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com