Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2014
10:09
6236
ANS-in alnımıza yazdığı söyüşlər
Görəsən, bu kanala qarşı “sürü psixolojiyası” ifadəsi işlənsəydi necə reaksiya verərdi?

Son vaxtlar ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yurd-yuvalarını tərk edən qaçqınların, məcburi köçkünlərin olmayan “bostanına” çox daşlar atılır. Sağdan, soldan, aşağıdan, yuxarıdan. Və bütün bunlara baxmayaraq, “onsuz da karvan keçir”, deyib susmaq da olardı. Ancaq zərbələr elə istiqamətdən gəlir ki, “karvan” keçməyə də bilər və əslində keçmir də.

Əlbəttə, “sarvan”ın da kim olmasından çox şey asılıdır. Amma əsas odur ki, “sarvan”sız keçib getməyə cəhd eləyən “karvan”a mane olmasınlar. Bizdə isə lap əvvəldən qaçqınlar, məcburi köçkünlər barədə çoxları ağzına gələni danışır. Söhbət ilk növbədə spiker Oqtay Əsədov demişkən, bacardığı qədər (yəni mədəniyyəti çatdığı qədər) üzr istəyən üzdəniraq məlum “millət vəkili”nin ardınca “alnımıza döyüş yazan” ANS-dən gedir.

Maraqlıdır, Etibar Hüseynovun məlum təhqiramiz ifadələrindən sonra ANS-in, “Artıq bakılılarla qarabağlılar müharibəyə hazırlaşır” kimi təxribatçı ifadə səsləndirməsi nəyə xidmət edir? Rusiyanın sovet imperiyasını bərpa etmək üçün ən iyrənc vasitələrə əl atdığı və Qarabağla bağlı da eyni addımı atmağa hazırlaşdığı açıq-aşkar görünən belə həssas məqamlarda - fərqi yoxdur, bilərəkdən, ya bilməyərəkdən – sabitliyi pozmağa yönəlik bu məsuliyyətsiz ifadənin məsuliyyətini kim daşımalıdır? Və niyə daşımır? Axı bu ifadə bir-iki, ya beş-altı, lap elə əlli-altmış nəfərin eşidə biləcəyi yerdən deyil, milyonlarla teletamaşaçı auditoriyasına malik TV kanaldan səslənir?

Nə istəyirsiniz bu xalqdan, dövlətdən? Bakılılarla qarabağlıları üz-üzə qoyub sabitliyi pozmaqmı? Belədirsə, məqsəd nədir? Belə deyilsə, onda zəhmət çəkib, ciddi qarşıdurma yarada biləcək ifadələrinizə diqqət yetirin, bişirib-düşürün, sonra daşıyın efirə. Bunu edə bilmirsinizsə, başqa yerlərdən səriştəli jurnalist dəvət edin. Bu xalqın, hökumətin, dövlətin hissləri ilə oynamayın. Məlum ifadələrinizin adını nə qoyursunuzsa qoyun, hər halda normal düşüncənin, insan təfəkkürü və psixologiyasının məhsulu kimi görünmür.

Hələ bunlar azmış kimi, E.Hüseynovu efirə çıxarıb xalqı təhqirə məruz qoymasının ardınca, Kəlbəcərin işğalının ildönümündə o vaxtlar rayonda gedən döyüşlər və yaranmış vəziyyətlə bağlı efirdə “bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu” kimi ifadə işlətməsi ANS-in məqsədyönlü şəkildə təxribatla məşğul olduğu, şimal təhlükəsi ilə üz-üzə qaldığımız indiki məqamda ölkəmizdə xaos yaratmaq istədiyi aydın görünür. Və öz efirindən bir-birinin ardınca təhqir püskürməsi belə deməyə əsas verir ki, ANS rəhbərliyi Etibarı da məhz bundan ötrü dəvət etmişdi. Yoxsa, “millət vəkili”nin təhqiramiz ifadələri ilə bağlı yaranmış vəziyyətin ardınca oxşar ifadələri təkrar səsləndirməzdi. (Amma “milət vəkili”i də gərək onların məqsədini başa düşəydi, özü demişkən, “gərək belə deməyəydi” – N.M.).

Xatırladaq ki, “döyüş alnınıza yazılıb” devizi altında “xəbərçilik” edən bu kanalın rəhbərliyi hələ neçə il öncə, Qarabağda döyüşüb sağlamlığını itirən Oruc Məmmədəliyevin barəsində bir kameraya görə iddia ərizəsi ilə məhkəməyə şikayət etmişdi. Və rəhmətliyin təqsirli olduğu sübuta yetirilməsə də, hakim çox həvəslə ona hökm oxuyub azadlıqdan məhrum etdi. Ölümünə səbəb də məhz həmin iddia və bu əsassız iddiadan sonra həbsxanada tapdığı xəstəlik oldu. Amma təkcə bumu? Xeyr. Onu da xatırladaq ki, həmin bu kanal bir vaxtlar söyüşü, təhqiri, tərbiyəsizliyi köynək üzərində ekrana çıxarmışdı. Və unutmuşdu ki, bu təfəkkürlə alına döyüş yazmaq mümkün deyil. Nə fərqi var ki, söyüş ingilis, yoxsa Azərbaycan dilində yazılır. Onsuz da ingilisin dili və barmağı o qədər uzundur ki, dünyanın o başından bu tayına qədər hər yerə çatır. Yəqin ANS-i dingildədən də məhz belə barmaqlardan biri, ya bir neçəsidir. 

Dəyərli oxucular, doğrudur, E.Hüseynov deyilənə görə, “bacardığı qədər” üzr istədi. Amma ANS kanalı bunu etmədi. Hələ üstəlik məsələyə rəhbərlik səviyyəsində münasibət bildirərək, “bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu” ifadəsində heç bir təhqir görmədiyini vurğuladı. Amma mən buna təəccüblənmirəm. Və əminəm ki, https://www.youtube.com/watch?v=xRl3YEJxxVg linkinə daxil olub, hörmətli akademikimiz Cəlal Əliyevin vaxtilə həmin kanal və onun rəhbərliyi barədə dediklərini bir daha dinləsəniz, siz də təəccüblənməzsiniz. Yəni ANS təhqirə öyrəncəlidir. Doğrudan da məhz belə ifadələrinə görə, bu kanalın əsl qiymətini verməyə məcbur olan Cəlal müəllimin dediklərinin yanında “sürü psixologiyası” ifadəsi təhqir sayılmır.

Nəriman Mahmud

yazıçı-publisist  

Redaksiyadan: Məqalədəki fikirlər müəllifin öz mövqeyidir, redaksiya bu fikirləri bölüşmür və heç bir məsuliyyət daşımır. Obyektivlik naminə qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com