Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2014
15:06
Fuad Qəhrəmanlı: “Ölkədə bələdiyyələrin durumunu elə bir vəziyyətə salıblar ki, artıq bələdiyyələr İcra Hakimiyyətlərinin əlavəsi kimi fəaliyyət göstərir`

Arif Hacılı: ”Müsavat Partiyasının ölkə ərazisində mövcud olan 30 min bələdiyyənin hamısını əhatə edə bilməməsi mümkündür”

Fuad Qəhrəmanlı: “Seçki seçilməkdən daha çox, təbliğata daha çox imkan yaradır. Baxmayaraq ki, seçkilər total şəkildə saxtalaşdırılır”

Taliyat Əliyev: “Bələdiyyə seçkiləri aşağı səviyyəli seçki olduğundan partiya üzvlərimizə könüllü iştirakla bağlı ixtiyar verəcəyik”

Taleh Əliyev: “Bütün ölkə üzrə 3147 namizəd irəli sürmüşdük ki, total saxtakarlıq nəticəsində Ümid Partiyasının namizədlərinin mütləq əksəriyyəti seçki prosesindən kənarda qaldı”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov üzvü olduğu partiyanın qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı açıqlama verərkən qeyd edib ki, mövcud müxalifət partiyalarının üzvlərinin sayının azlığı onların bələdiyyə seçkilərində bütün seçki məntəqələri üzrə iştirakına imkan vermir və ona görə bələdiyyə seçkilərində aktiv iştirak etmək istəmirlər. 

FaktXəbər olaraq iqtidar sözçüsünün fikirləri ilə bağl müxalifət partiyaları ilə əlaqə saxladıq. Mövzu ilə bağlı açıqlama verən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, ADP-nin sədr müavini Taliyat Əliyev, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və  Ümid Partiyası sədr müavini Taleh Əliyev maraqlı fikirlər səsləndirdilər. 

Hal-hazırda Müsavat Partiyası olaraq Rayon Təşkilatlarının mövqelərini öyrəndiklərini söyləyən Arif Hacılı, seçkilərdə iştirakla bağlı mövcud resurslarını araşdırdıqlarını söylədi: “Sabah Müsavat Partiyasının Məclisinin növbəti toplantısı keçiriləcək. Toplantıda bələdiyyə seçkilərində iştirakla bağlı müəyyən müzakirələr aparılacaq. Düşünürəm ki, Müsavat olaraq bələdiyyə kampaniyası ərəfəsində bu barədə yekun qərar qəbul edəcəyik.” 

Arif bəy onu da bildirdi ki, Müsavat Partiyasının ölkə ərazisində mövcud olan 30 min bələdiyyənin hamısını əhatə edə bilməməsi mümkündür: “Lakin çalışacağıq ki, seçkilərdə iştirak edəcəyimiz təqdirdə ən ciddi və əsas bələdiyyələrə öz namizədlərimizi irəli sürək.”

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə bildirdi ki, bələdiyyə seçkilərində iştirakla bağlı konkret qərar qəbul edilməyib. Milli Şuranın son sessiyasında bununla bağlı müəyyən fikirlər səsləndirildiyini bildirən Fuad bəy, 

“əslində Milli Şura üzvlərinin əksəriyyəti bələdiyyə seçkilərində iştirakı müsbət dəyərləndirirlər. Çünki seçki seçilməkdən daha çox, təbliğata daha çox imkan yaradır. Baxmayaraq ki, seçkilər total şəkildə saxtalaşdırılır. Lakin hər bir halda bələdiyyə seçkilərində iştirak məsələsi ilə bağlı konkret qərar verilməyib” , - deyə qeyd etdi: 

”İqtidar nümayəndələrinin müxalifət partiyalarının üzvlərinin sayının azlığı ilə bağlı səsləndirdiyi fikirlər kökündən yanlışdır. AXCP üzvlərinin sayı kifayət edir ki, ölkə boyu bütün seçki məntəqələrini həm müşahidəçi kimi, həm də ki, namizəd kimi əhatə etsin. Digər tərəfdən ölkədə bələdiyyələrin durumunu elə bir vəziyyətə salıblar ki, artıq bələdiyyələr İcra Hakimiyyətlərinin əlavəsi kimi fəaliyyət göstərir. “    

ADP-nin sədr müavini Taliyat Əliyev bildirdi ki, ötən bələdiyyə seçkilərində partiya üzvlərin könüllü şəkildə iştirakla bağlı icazə verilib: “Lakin kimsə bələdiyyə sədri seçilmədi. Qarşıdan gələn seçkilərlə bağlı isə konkret qərar qəbul olunmayıb və bununla bağlı müəyyən müzakirələr apardıqdan sonra qərar veriləcək. Bütün bunların fonunda bələdiyyə seçkiləri aşağı səviyyəli seçkilər olduğundan partiya üzvlərimizə könüllü iştirakla bağlı ixtiyar verəcəyik.” 

Ümid Partiyası sədr müavini Taleh Əliyev isə bildirdi ki, ötən bələdiyyə seçkilərində YAP-dan sonra ən çox namizəd Ümid Partiyası tərəfindən irəli sürülmüşdü: “Bütün ölkə üzrə 3147 namizəd irəli sürmüşdük ki, bizdən sonra ən çox namizədi olan partiyanın 1000 nəfər namizədi var idi. Lakin total saxtakarlıq nəticəsində Ümid Partiyasının namizədlərinin mütləq əksəriyyəti seçki prosesindən kənarda qaldı. Yalnız 42 nəfər nümayəndəmiz bələdiyyə üzvü seçildi. Təbii azlıqda olduğumuz üçün 42 nəfərdən heç biri nəyin ki, bələdiyyə sədri, hətta bələdiyyə strukturlarında olan komissiya sədri belə seçilə bilmədilər. Lakin buna baxmayaraq Ümid Partiyası olaraq qarşıdan 2014-cü il Bələdiyyə Seçkiləri hazırlıq işlər görürük. Artıq bununla bağlı partiyanın Ali Məclisinin iclasında qərar qəbul edilib. Bu ilin may ayından gec olmayaraq Ümid Partiyası öz namizədlərinin siyahısını açıqlayacaq.” 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com