Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2014
13:57
Rusiyadan Azərbaycana böyük kapital axını başlaya bilər

Ukrayna ilə bağlı Qərb və Rusiya arasında həllini tapmayan ziddiyyət getdikcə daha kəskin xarakter almaqdadır. Məsələ ilə bağlı Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Con Kerri arasında Parisdə keçirilən görüş də hansısa nəticə verməyib. Hadisələrin inkişaf axarı bu fonda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha da genişlənəcəyini göstərir. Bundan ehtiyatlanan investorlar isə Rusiyadan vəsaitlərini çıxarırlar.

Artıq məlumdur ki, Rusiyadan kapital axını rekord həddə çatıb. Bu ilin ilk rübündə Rusiyadan kapital axını maksimum həddə, 70 milyard dollara yaxınlaşıb. Bu rəqəm 2013-cü ilin illik nəticəsindən çoxdur. Rekord axının səbəbi kimi Krımdakı hadisələr göstərilir. Rusiyanın iqtisadiyyat nazirinin müavini Andrey Klepaç da faktı təsdiqləyib. O da etiraf edir ki, Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyaların elan olunduğu bir vaxtda sərmayəçilər narahat olmağa başlayıb. Bununla bağlı olaraq Rusiya iqtisadiyyat nazirinin müavini zəif inkişaf və inflyasiyanın artması ilə bağlı xəbərdarlıqla çıxış edib. Klepaç ilin ilk rübündə artımın gözlənilmədiyini bildirib. Klepaç ABŞ və Avropa sanksiyalarının indiyədək əhəmiyyətli təsir göstərmədiyini deyib. Lakin o, Qərblə əlaqələrin pisləşməsinin iqtisadi inkişaf və kapitalın çıxarılmasına zəmin yaradacaq mənfi amil olduğunu bildirib. Bu fonda gözlənir ki, Rusiyadan çıxarılan kapitalın bir hissəsi MDB ölkələrinə, o cümlədən Azərbaycana yönəldiləcək. Xatırladaq ki, son illərdə Rusiyadan Azərbaycana gələn kapital artan xətt üzər inkişaf edib. Bir çox Rusiya şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirib. Bu şəraitdə Rusiyadan çıxarılan kapitalın bir hissəsinin Azərbaycana yönləndirilməsi tamamilə mümkün sayılır. Digər tərəfdən nəzərə alınsa ki, həmin kapitalın Avropaya, ABŞ-a getməsi indi risqli hesab olunur, çünki sanksiyalar kapitalın Qərbə getməsini əngəlləyir, belə şəraitdə Azərbaycana kapital qoyuluşu rus iş adamları üçün də olduqca sərfəli sayılır.

Hələlik isə təhlilçilər kapitalın Rusiyadan axınına artıq start verildiyini deyir. Bu isə bir daha təsdiq edir ki, Ukrayna böhranı Rusiya iqtisadiyyatına ciddi zərbə vurur. İndilikdə ölkə rəhbərliyi ABŞ və Avropanın sanksiyalarının təsirini azaltmağa çalışır. Lakin zəif artımlı Rusiya iqtisadiyyatının tənəzzülə uğrayacağı təxmin edilir. Düzdür, Rusiya dünyanın böyük iqtisadiyyata malik 9-cu ölkəsidir. Ötən il bu ölkədə 1.3 faiz artım qeydə alınıb. Lakin bu il iqtisadiyyat 14 faiz itki verib. Rubl dollar müqabilində 11 faiz dəyər itirib. İnflyasiya səviyyəsi mart ayında 7 faiz təşkil edib. İqtisadi tənəzzül və sanksiyaların gücləndirilməsi ehtimalı öz mənfi təsirini artıq göstərməkdədir. "Standard and Poor’s" agentliyi bunu sabit və neqativ inkişaf adlandırır. Reytinq şirkətinin rəhbəri Con Çambers məsələ ilə bağlı bildirir: "Yoxsul investisiya və investorların əhval-ruhiyyəsi birlikdə gəlirlərin bu və gələn il azalacağına işarədir".

Rusiyanın dövlətə məxsus "Sberbank" bankının rəhbəri German Qref hesab edir ki, bu tendensiya tənəzzülə yol aça bilər: "Hər şey baş verəcəklərdən asılı olacaq. Kapital axını 100 milyard dolları aşarsa, iqtisadi artım sıfıra düşəcək". Lakin Rusiyanın çıxılmaz duruma düşdüyünü demək olmaz. Belə ki, Mərkəzi Bank kapital axınını qarşılaya bilər. Bundan əlavə, Rusiya ehtiyacının üçdə bir hissəsinin ondan asılı olduğu Avropaya qaz nəqlini dayandırmaqla mübarizəyə keçə bilər. İqtisadçı ekspert Mark Hamrikin dediyinə görə, bu fakt Avropa Birliyinin nəzərindən qaçmır: "Bu, böhranın qərəzsiz eskalasiyasına yola aça bilər. Rusiya ölçülər götürməyə başlasa nə edilməlidir? Rusiyaya daha kəskin cavablar veriləcək, bununla da Avropanın yanacaq təminatı sual altına alınacaq". Bu baş versə, iqtisadi zərər dünyaya təsir göstəməyə başlayacaq. Lakin bu, Rusiyanın özünə də ziyan vuracaq. Çünki Rusiyanın gəlirlərinin 50 faizindən çoxu enerji ixracından asılıdır. İndilikdə isə sanskiyalar adi vətəndaşlara ağrılı təsir göstərir.

Ərzaq qiymətləri artır, moskvalıların bəziləri ABŞ və Avropanın sansiyalarının hədəf aldığı banklarla problemlər yaşamasından şikayət edir. Bu isə Krım böhranın Rusiyaya hələ bundan sonra da ciddi təsir göstərəcəyini deməyə əsas verir.

Tahir Tağıyev

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com