Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2010
12:03
1561
Avtoxuliqanlar üçün xüsusi meydança tikiləcək
Azərbaycanda avtoxuliqanlar üçün xüsusi meydança tikiləcək və yarışlar təşkil ediləcək

Bookmark and Share

Azərbaycanda avtomobili yüksək sürətlə idarə edənlər (avtoxuliqanlar) üçün xüsusi meydança tikiləcək. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən (KHVTİC) bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələ ilə bağlı layihə hazırlanıb və təsdiq olunub.

KHVTİC-nin mətbuat xidmətinin rəhbəri Valid Qardaşlı bildirib ki, Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzində belə bir meydançanın tikilməsi üçün müvafiq iş aparılır.

Onun sözlərinə görə, həmin mərkəzin təmiri üçün layihə təsdiq olunsa da, maliyyə böhranı ilə əlaqədar olaraq təmir işləri gecikdirilib.

"Həmin mərkəzin ərazisində çoxlu miqdarda partlamamış minalar var. Ərazinin minalardan təmizlənməsi üçün cəmiyyət ANAMA-ya müraciət edib. Mərkəzin yerləşdiyi ərazi minalardan təmizlənəndən sonra təmir işlərinə başlanılacaq", - Qardaşlı bildirib.

KHVTİC Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bir müddət öncə mətbuata müsahibələrinin birində avtomobili yüksək sürətlə idarə edənlər (avtoxuliqan) üçün xüsusi meydançanın inşası təklifi ilə çıxış etmişdi.

Mətbuat xidmətinin rəhbəri hesab edir ki, avtoxuliqanlar öz imkanlarını nümayiş etdirməkdə maraqlıdırlar. Şəhər küçələrində əhali üçün təhlükə yaranmasın deyə, belə şəxslər üçün xüsusi yerlərin ayrılması məsləhətlidir.

O, gələcəkdə avtomobil yarışlarının da keçirilməsini mümkün sayır. Onun fikrincə, belə bir meydançanın istifadəyə verilməsi, avtomobil yarışlarının keçirilməsi avtomobil həvəskarları üçün geniş perspektivlər açacaq.

Ekspertlər hesab edir ki, avtoxuliqanlar üçün belə bir yerlərin ayrılması paytaxtda onların sayının və avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verən qəzaların sayının azalması ilə nəticələnəcək.

Məlumat üçün qeyd edək ki, ötən ay paytaxtda yol polisi əməkdaşları tərəfindən 42 avtoxuliqan müəyyən edilərək cəzalandırılıb.

Ekspert Mahmud Hacıyev Trend-ə açıqlamasında də avtoxuliqanlar üçün xüsusi yerlərin ayrılması təklifi ilə razıdır. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə cəzaların sərtləşdirilməsi ilə bağlı edilən dəyişikliklər hərəkət-qayda pozuntuları ilə mübarizədə effektli nəticə vermir.

Cəzaları sərtləşdirməklə hüquqpozmalarla mübarizəni səmərəli hesab etməyən ekspert əlaqədar qurumların iştirakı ilə kompleks tədbirlərin həyata keçirilməsini vacib sayır.

O, belə tədbirlərdən biri kimi avtoxuliqanlar üçün meydançaların inşasını əhəmiyyətli hesab edir.

"Sovet dövründə avtomobil klubları fəaliyyət göstərib, həvəskarlar üçün meydançalar olub. Belə klublar, meydançalar yaratmaqla avtoxuliqanları ora cəlb etmək olar. Xaricdə, hətta bu məqsədlə xüsusi yollar da ayrılıb", - deyə Hacıyev vurğulayıb.

Ekspert qeyd edib ki, meydançalar əhalinin istirahətinə mane olmamaq, ictimai asayişi pozmamaq şərti ilə paytaxtdan kənarda təşkil olunmalıdır.
"Qabaqlar motodrom vardı və orada motosiklet yarışları keçirilirdi. Niyə avtomobil yarışları keçirilməsin?" - ekspert bildirib.

Hacıyev bu qənaətdədir ki, meydançaların təşkili avtoxuliqanların sayının azalması ilə nəticələnə bilər.

Avtoidman Federasiyasının prezidenti Elxan Məmmədov isə Trend-ə açıqlamasında avtomobili yüksək sürət və məharətlə idarə edən gənclərə öz bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasını labüd sayır.

Bununla bağlı bir sıra qurumlara müraciət etdiyini deyən Məmmədov, rəhbəri olduğu federasiyaya yaxın gələcəkdə bu məqsədlə xüsusi yer ayrılacağını da deyib.

O, gələcəkdə Azərbaycanda da beynəlxalq avtomobil yarışlarının keçirilməsini mümkün sayır.

Federasiyanın prezidenti gələcəkdə beynəlxalq avtoralli yarışlarında iştirak etmək üçün xüsusi məharəti olan gənclərin olduğunu bildirib və qeyd edib ki, belə gəncləri beynəlxalq yarışlara hazırlamaq mümkündür.

Məmmədov avtomobili yüksək sürətlə idarə edən gənclər arasında qadınların da olduğunu deyib.

Xətai Rayon Yol Polisi şöbəsinin inspektoru, polis polkovnik-leytenantı Vaqif Əsədov da bu fikirdədir ki, belə gənclər üçün əlverişli şəraiti olan stadionun ayrılmasına ehtiyac var.

"Avtoxuliqanlıq İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsi ilə inzibati qayda pozuntusu hesab olunur. Avtomobili yüksək sürətlə və məharətlə idarə edən gənclər üçün xüsusi yer ayrılması paytaxt küçələrində avtoxuliqanların da sayının azalması ilə nəticələnə bilər. Belə gənclərin gücündən istifadə edib avtomobil idman oyunu yaratmaq mümkündür. Xüsusi nəzarət altında belə yarışlar keçirilə bilər", - Əsədov Trend-ə açıqlamasında vurğulayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Trend-ə deyib ki, avtoxuliqanlara qarşı inzibati qaydada mübarizə aparılır və bu inzibati pozuntuya görə, cəzalar da kifayət qədər sərtdir.

"Birinci dəfə avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə, 400 manatdan 600 manatadək cərimə və ya 10 gün müddətədək inzibati həbs, il ərzində təkrar eyni əməli törədərsə, 1 ildən 2 ilədək müddətə sürücülük hüququndan məhrum edilməklə 600 manatdan 800 manatadək cərimə və ya 15 gün inzibati həbslə cəzalandırılır", - BDYPİ rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, il ərzində avtoxuliqanlığa görə 600 sürücü inzibati məsuliyyətə cəlb olunur.

Avtoxuliqanların, əsasən, 18-22 yaşlı gənclər olduğunu deyən Əliyev bildirib ki, onlar sırasında avtomobili yüksək sürətlə idarə etməyə əyləncə, xuliqanlıq məqsədilə və idman növü kimi yanaşanlar da var.

Avtoxuliqanlıq - nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir.

Əliyevin sözlərinə görə, avtomobil yarışları üçün xüsusi meydançalar, avtomobillər olmalıdır. Onun fikrincə, hansısa təşkilat təhlükəsizlik məsələlərini həll edib, məsuliyyəti üzərinə götürərsə, yarış növü kimi müsbət rəy verilə bilər.

BDYPİ rəsmisi avtomobili yüksək sürətlə idarə edənlər üçün xüsusi yerlərin ayrılması ilə avtoxuliqanların kökünün kəsiləcəyinə əmin olmasa da, onların sayının azalacağına təsir edəcəyini istisna etmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
850

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
279

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 04:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru