Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Emilya Vaqif

04 İyul

2009
1703
Keçmişdən ibrət almayan...
Gələcəyə ibrət darsi olar
"And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir." ("Əl-Qamər", 4)

İbrət - insanı oyadan hadisə, ibrət götürmək isə həmin hadisədən dərs alıb mövcud halı dəyişdirməkdir. Ümumiyyətlə, insan yarandığı gündən Allaha bəndəlik səyindədir. Əsl bəndəlik - əhdə vəfa, qoyulan hüduda etina, verilənə razılıq, alınana da səbir göstərməkdir. O vaxt ki, bu səy azalar və ya yox olar, Yaradan qullarını "ayıltmaq" üçün müxtəlif bəla və cəzalar göndərir. Necə ki, Qurani-Kərimdə buyurulur: "Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!" ("Əl-əraf", 130). Ayədən göründüyü kimi, Allah-Təalanın rəhməti o qədər genişdir ki, Firon kimi kafir insanı belə bir sıra xəbərdarlıq etmədən həlak etmir. Bu halda bizim payımıza düşən həmin xəbərdarlıqlardan nəticə çıxarmaq və gedişatı düzəltməkdir. Çünki Haqq-Təala: "Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik" ("Bəqərə", 66) buyurub.
Qurani-Kərimin "Ali-İmran" surəsində deyilir: "(Ey müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqielər (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!" (ayə 137).
Həzrət Məhəmməd (s) belə ayələrin təfsirində buyurub ki, keçən ümmətlərin əhvalatında insanları pis əməllərdən çəkindirəcək təhdid, öyüd, çəkinilməsi lazım gələn ağrılı aqibətlər vardır. Gəlin bunlardan bəzilərinə nəzər salaq.
Bütlərə tapınan və özlərinə göndərilən Peyğəmbərlərin nəsihətlərini dinləməyən Nuh və Ad qövmünə dərs vermək üçün Böyük Yaradan düz qırx il yağış göndərmədi. Quraqlıqdan bağ-bağçalar qurudu, heyvanlar tələf oldu. Kafirlərin uşaqları belə doğulmaz oldu. Ancaq Hər şeyə Qadir Allahın onları böyük bir həlaka hazırladığı aşkar göründüyü halda, ibrət götürən olmadı. İnadkarlıqlarından hətta bu fəlakətlərin səbəblərini Peyğəmbərlərdə gördülər. Sonda Allah-Təala Nuh qövmünü tufan, Ad qövmünü isə dəhşətli bir fırtına ilə həlak etdi.
Bu barədə Qurani-Kərimin "Əl-Qamər" surəsinin 10-17-ci ayələrində belə buyurulub: "(Nuh) Rəbbinə dua edib: "Mən (öz qövmümün içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!", - dedi. Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu. Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik. (Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi. And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!" ("Əl-Qamər", 10-17).
Bərəkətli bağ və bağçalar, müxtəlif nemətlər sahibi olan Səmud Qövmü də haqq yoldan ayrılıb şükürsüzlük bataqlığına yuvarlandılar. Peyğəmbərini (əstəğfirullah) ərköyün bir yalançı olaraq qəbul edən bu qövm də yavaş-yavaş cəzalandırıldı. İlk gün üzləri saraldı, ikinci gün qızardı, son gün isə qapqara oldular. Yenə də tövbə etmədilər. Hətta özlərincə bu əzabdan xilas olmaq üçün Peyğəmbərlərini öldürməyə qalxdılar. Sonunda şiddətli bir zəlzələ və qüvvətli səs ilə parça-parça oldular: "Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: "Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsinizmi?" deyə soruşdular. Onlar: "Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!" deyə cavab verdilər. (Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: "Sizin inandığınıza (Salehin peyğəmbərliyinə) biz inanmırıq!" dedilər. Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!"- dedilər. Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)" ("Əl-Əraf", 75-78).
Yalançılıq, ikiüzlülük və hər cür pozğunluğun pəncəsinə düşən Lut qövmünə isə bəzilərinin kor edilməsi ilə xəbərdarlıq olundu. Lakin bu əzabdan dərs almadılar. Sonra şiddətli bir zəlzələ ilə şəhərləri yerlə bir oldu. Bir tərəfdən yağan daşlar ilə həlak olarkən, digər tərəfdən də yerdən çıxan murdar qoxulu sular altında qaldılar: "Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? ...Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!" (Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): "Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!", - deməkdən başqa bir şey olmamışdı. Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz küfrü səbəbilə) həlak oldu. Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbərləri inkar edən) günahkarların axırı necə oldu!" (Əl-Əraf, 80-84)
Bir-birlərini tərəzidə-çəkidə aldatmaqla ad qazanmış Mədyən tayfasının hekayəsi isə bu cür verilmişdir: "(Şüeyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: "Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!? Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular" ("Əl-Əraf", 90-92) .
Həzrət Məhəmmədin dövründə ona qarşı gələn Bəni-Nəzir qəbiləsinin ibrətamiz hekayəsi də Qurani-Kərimdə buyurulmuşdur: "Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Məhəmmədin peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin başına gələnlərdən) ibrət alın!" (Həşr, 2)
Bir müsibət min nəsihətdən daha təsirlidir. Lakin şüursuz adam üçün müsibətin də qazancı yoxdur. "Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!" ("Ət-Tövbə", 126) - ayəsi oyanıqlığa təşviq edərkən, keçən hadisələrdən ibrət götürməyə də işarə edər. İnsanın bu dünyada keçirdiyi hər anı qənimətdir. Çünki gözləmədiyimiz halda birdən cəza gələ bilər. Necə ki, Allah-Təala buyurur: "Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər!"
Diqqət yetirsək görərik ki, qədim tayfaların başlarına gələn əzabların səbəbləri dövrümüzdə daha da intişar tapmışdır. Bəs biz niyə bu dərslərdən ibrət götürmürük? Unutmayaq ki, keçmişdən ibrət almayan, gələcəyə ibrət dərsi olar.
Yazımın sonunu "Əraf" surəsinin 94-99-cu ayələri ilə bitirirəm: "Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar! Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: "Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi". Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq. Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!"
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 11:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru