Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

01 Noyabr

2013
3846
Demokratiyanın üz qarasını hicabla sildilər

İllərdir bir qadağa var - hicab qadağası. Təhsildə, işdə, ofislərdə, siyasi kulislərdə, hökumət binalarında...

Qardaş Türkiyədə də bu qadağa dünənə kimi qeyri-rəsmi də olsa davam edirdi. Türkiyə Böyük Millət Məclisinin 31 oktyabr tarixli toplantısında son verdilər bu qadağaya. Daha doğrusu qadağanın üstünə yeridilər.

Bu, 14 ildən sonra ilk hadisə idi. Oxuculara aydın olsun deyə, bir qədər həmin hadisədən də bəhs etmək istərdim.

18 aprel 1999-cu il parlament seçkilərində Fəzilət Partiyasından seçkilərə qatılan Merve Kabakçı İstanbuldan millət vəkili seçilir. 2 may 1999-cu ildə TBMM-də andiçmə mərasiminə hicabla qatıldığı üçün məclisdən qovulur. Nazirlər Kabinetinin  qərarıyla isə ikili vətəndaşlığını bildirmədiyi üçün Türkiyə vətəndaşlığından da çıxardılır.

O, Avropa İnsan Haqqları Məhkəməsinə 28 may 2001-ci il tarixində Avropa İnsan Haqqları Müqaviləsinin insan haqqlarını zəmanət altına alan 34-cü maddəsinin tələbi ilə Türkiyə əleyhinə iddia qaldırır. İddia Kavakçının lehinə nəticələnir.

Kavakçının atası İslam hüququ professoru Yusuf Ziya Kavakçıdır. Atası 1970-ci illərdə Atatürk Universiteti İlahiyyat fakültəsinin dekanı olub. Anası alman dili və ədəbiyyatı mütəxəssisi Gülseren Gülhan və atası 1974-cü ildə universitetlərdə ilk hicab aksiyası keçirənlərdəndir. Hicabına görə universitetdə təzyiqlərlə üzləşən anası Atatürk Universitetindəki vəzifəsindən istefa verir. Atası isə səlahiyyətindən sui-istifadə ittihamı ilə vəzifəsindən uzaqlaşdırılır. Hazırda Merve Kavakçı Vaşinqtonda Corc Vaşinqton Universiteti Beynəlxalq Əlaqələr Fakültəsində müəllim işləyir, atası isə "Islamic Association of North Texas" fəaliyyət göstərir. Merve Harvard Universitesinin İctimai İdarəetmə Fakültəsini bitirib. Howard Universitetində isə siyasi elmlərlə bağlı doktorluq işini müdafiə edib.

Bu cür başlayıb Türkiyənin təhsil və siyasi arenasında hicab qadağası. Qadağalara qarşı mübarizə apardığı üçün işindən edilənlər təkcə Kavakçı ailəsi olmadı. Onların sayı 10 minləri ötdü. Hicablı xanımlar təhsildən uzaqlaşdırıldılar, ailə başçıları isə "işdə yol verdiyi nöqsan"larla işsiz qaldılar.

Amma dövran dəyişdi. TBMM-in 4 millət vəkili Həcc səfərindən qayıtdıqdan sonra başlarını açmayacaqlarını və elə bu geyimləri ilə də Baş Məclisin iclasına qatılacaqlarını bəyanladılar. Dedilər və etdilər də. Onları Məclisdə alqışlarla qarşıladılar, həmkarları telefonları ilə şəkillərini çəkdi. Nə maraqlı, ölkənin ana müxalifət partiyasından olan millət vəkilləri belə, etiraz etmədilər. Çünki artıq başa düşürdülər ki, Türkiyənin indiyə kimi getdiyi yol ölkənin ali qanunverici orqanı adına, hüquq adına, insan haqları və demokratiya adına olan bir ayıb idi. Və ayıba səssiz son vermək lazımdır, verdilər də, öz səssizlikləri ilə.

Anladılar ki, dünyəvi dövlət deyə öydükləri sistem əslində çürükdür və əhalisinin əksəriyyəti müsəlman olan bir ölkənin bu sistemdə yeri sadəcə yoxdur. Dünyəvi sistemin demokratiya dediyi şey isə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından başqa bir şey deyil.

Baxın, illərdir Türkiyədə hakimiyyətlər, sistemlər, siyasi gedişlər, addımlar dəyişsə də, bu ölkənin dünyəvi sistemdə - Avropa Birliyində yeri yoxdur. Çünki adında bir "müsəlman möhürü" var. Gec-tez bu möhür başağrısı yarada bilər, öz haqqını istəməklə, tələb etməklə, insanların daha çox şeyə haqqı çatdığını söyləmklə. Bu gün dünyəvi dövlət dediyimiz sistem insan haqlarını bir kənara qoyuram, paltar azadlığını belə məhdudlaşdırır, qadınlara ayrı-seçkilik yaradır. Avropada qadınlar fahişəxanaların vitrinlərinə qoyulur, o dünyəvi sistemdə. Demək, o sistem çürükdür, azadlıq vermir, məhdudlaşdırır.

TBMM-ə hicabla daxil olan millət vəkili 4 xanım - Nurcan Dalbudak, Gülay Samançı, Sevde Beyazıt Kaçar və Gönül Bekin Şahkulubey bu addımları ilə həmin çürük sistemə, o sistemin demokratiya anlayışına sərt bir şillə çəkdilər. Və öz hicabları ilə demokratiyanın üz qarasını sildilər.

Demokratiya budur; insanları geyiminə, irqinə, dininə, inancına, millətinə görə ayırmamaq. Hər bir insanın istədiyi dildə danışmaq, istədiyi yerdə oxumaq, istədiyi yerdə işləmək, istədiyi yerdə yaşamaq haqqı var. Bu təməl konstitusion haqqdır, tam dəqiqliyi ilə yazılıb, heç kəs də məhdudlaşdıra bilməz. İnsanlar işə götürülərəkən onun geyimi, rəngi, dini soruşulmaz. Sənə həkim lazımdır? Soruş gör həkimdir, ya yox. Sənə mühəndis lazımdır? Soruş gör mühəndisdir, ya yox. Budur demokratiya, budur insan haqları.

Başı açıq olan da, başı bağlı olan da bu ölkənin sahibidir. Artıq anlamaq lazımdır bunu.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 19:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com