Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

13 Sentyabr

2013
3204
İşi başından aşan adam

Artıq, “seçki ərəfəsindəyik”, - deyə bilərik. Hazırlıqlar başlayıb. Namizədliyi qəbul edilənlər təbliğatlarını necə quracaqları ilə bağlı fikir mübadilələrini davam etdirirlər. Haradan başlayacaqlarını, harada bitirəcəklərini götür-qoy edirlər.

Amma bu arada unudulan bir məsələ var. O da Rüstəm İbrahimbəyovun  ölkəyə gəliş məsələsidir. Hələ bu qalsın bir yana, İbrahimbəyov Londona gedən Azərbaycan siyasətçilərinə qoşulmamasına da aydınlıq gətirib. O bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”.

Görürsüz, sən demə Rüstəm bəyin işləri, Azərbaycandakı seçki mühitindən, yaratdığı Milli Şuranın müzakirələrindən, onun üzləşdiyi və üzləşəcəyi problemlərdən daha vacib imiş.

Belə olan halda sual yaranır: nədir Rüstəm İbrahimbəyovun vacib işi ki, o, 9 aydır ölkəyə gələ bilmir? Deyir, görüşlər keçirir, müzakirələr aparır. Onun vacib görüşlərinin nədən və kiminlə olduğu barədə virtual aləmə bir baxış keçirdim. Buyurun, siz də tanış olun.

Yanvarın 17-də Skaypla müsahibə verir və bildirir ki, fevral ayında qayıdacaq. Bir qədər işləri var, onları sahmana salır.

27 fevral - Rüstəm İbrahimbəyov: “Hazırda Rusiya paytaxtı Moskvadayam. Bundan əvvəl isə ABŞ, Fransa və Gürcüstanda olmuşam. Gürcüstandan Rusiyaya fevralın 26-da qayıtmışam. Bir neçə gün Moskvada qalacam. Sonra yenidən Fransaya gedəcəm. Bu səfər kino işləri ilə bağlıdır. Marseldə festival keçirəcəm. 15 ildir bu şəhərdə teatr və kino festivalı keçirirəm. Mart ayında vətənə dönəcəm.”

Rüstəm İbrahimbəyov: “Milli Şuranın ilk iclasından dərhal sonra müxtəlif ölkələrin demokratik dairələrinin nümayəndələri ilə görüşmək və onları Milli Şura və Azərbaycandakı proseslər haqqında məlumatlandırmaq üçün xarici turneyə çıxacam. Bütün bunlara 15 gün gedəcək, bundan sonra mən Bakıya qayıdacağam.”

İyunun 6-da Milli Şuranın toplantısı; Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında bildirir: “Rüstəm İbrahimbəyov bu ayın sonunda vətənə dönəcək. Bizim onu Milli Şuranın sədri seçməyimiz, ona beynəlxalq görüşlərdə əlavə imkanlar yaradacaq”.

23 iyun - Rüstəm İbrahimbəyov: “Xarici səfərlərim iyulun sonuna qədər reallaşmalıdır. Avqustun əvvəlində isə namizədlərin rəsmən elan olunması müddəti başlayacaq. Ona görə bu prosesdən əvvəl vətənə dönməliyəm. Vətənə dönüşüm xarici səfərlərin müddətindən  də asılı olacaq. Amma iyulun sonuna qədər vətənə dönməyi planlaşdırıram.”

Eldar Namazovun açıqlaması iyul ayındakı açıqlaması: “Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya qayıtması planlaşdırılıb. Ayın 30-da Tiflisə 1 günlük səfərdən sonra, Bakıya dönməliydi. Bu ərəfədə Rüstəm İbrahimbəyovun həmkarlarına qarşı əsassız cinayət işi üzrə istintaq hərəkətlərinə başlayıblar. Bu adamlar vasitəsilə Rüstəm bəyin əleyhinə ittihamlar irəli sürməyə cəhd edirlər...”

Bu da 9 aydır gəlişi gözlənilən, siyasi proseslərə qoşulan, amma bəziləri tərəfindən siyasətçi kimi qəbul edilməyən Rüstəm İbrahimbəyov və onun barəsində olan açıqlamalar.  Əgər kim düşünürsə ki, İbrahimbəyov siyasətçi deyil, onun ümumiyyətlə heç nədən xəbəri yoxdur. Rüstəm bəy çox dahi siyasətçidir. Sadəcə siyasət iyrənc olduğu üçün indiyə qədər onunla məşğul olmayıb. Özünü meydana atdı və 20 ilin siyasətçilərinin qarşısında bir gediş etdi ki, bunun söz-söhbətləri hələ 2018-ə kimi davam edəcək. Necə indi deyirlər, “İsa Qəmbər 2003-də meydana çıxmadı”, onda da deyəcəklər ki, “yadınızdadır, Rüstəm İbrahimbəyov bie Şura yaratmışdı. Hamını topladı ora, aradan çıxdı. Sonra Skaypla başladı açıqlamalar verməyə ki, “bu ay gəlirəm”, “gələn ayın sonu gəlirəm”, “imzatoplama başlayana kimi gəlirəm”. Bütün müxalifət də onu gözlədi. Amma o, gəlmədi. Qısası, hamını fırlatdı. Fırlatmadı e, işi çox idi, gələ bilmirdi.”

Bəlkə elə deyil, düz deməyəcəklər?

Yaxşı ki, bunun namizədliyini qeydə almadılar, yoxsa xalq inanıb səs verərdi, prezident seçilərdi, sonra da ölkədə tapmazdıq. İşi çoxdur axı, ona görə.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 12:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com