Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

11 Sentyabr

2012
2187
Ləhlü-lülü

Bir müddət əvvəl qəfildən yenə kimlərinsə meylinə oxumaq düşdü. Oxudular. Özlərinə afərin dedilər. Sonra 1-2 nəfər də onlara afərin dedi. Başladılar şişməyə. Bəh-bəh. Adə bunlar nə gözəl oxuyurlarmış. Növbəti mərhələ bu səslərin ictimaiyyətə çıxarılması idi. Bunu da etdilər. Bir az pul toplayıb üz tutdular səsyazma studiyalarına. Onlar da yazdılar bunların səsini və yaydılar. İndi hamı onlara qulaq asır. Avtobusda sürücülər, metroda gedənlər, axşamlar məhəllədə maşının anasını ağladanlar, gecə Beşmərtəbədə "avtoş"luq edənlər. Bir sözlə, mənəvi deqredasiya gedir.

Hərdən fikirləşirəm ki, görəsən bizim gənclər niyə belə bayağı mahnılara daha çox üstünlük verirlər? Məsələn, əksər gənclərimiz Üzeyiri daha çox dinləyirlər, nəinki Mənsum İbrahimovu.
Çox fikirləşirəm ki, niyə bizim gənclər dahi Məhəmməd Füzulinin

"Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni!"


kimi fikirlərinə diqqət etməyib, kiminsə

"Dünən keçdi bir nazlı canan burdan,
Söz atmağa yarandı imkan burdan,
Dedim "dayan", dedi "get tullan burdan",
Tullana, tullana, tullana gəzirəm.
Hallana, hallana, hallana gəzirəm."


kimi səviyyəsiz fikirlərinə qulaq asırlar.

Və yaxud da,

"Çəkmişik üç nəfərə ölümünə bir şey, bu nədir,
Bu zəhirmar öldürüb qurtarmamış təsir edir.
Dostum deyir "uçuram", elə bilirəm Marsa gedir,
Deyirəm "yaxşı qaqaş, sağ-salamt" kayf cırır.
Elə vəziyyətdəyəm mən bu sahat kayf cırır."


kimi səviyyəsiz bir mahnıya qulaq asır, amma Nizami Gəncəvinin,

"Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə.
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır, inan.
Bu dünya dolanıb döndükcə ruzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar."


- ından heç xəbəri belə yoxdur.

Elə bu fikirlə ömrümüzü-günümüzü çürüdürük. Çürüdürük ona görə ki, bir vaxtlar Rəqsanəni başımıza çıxaran televiziyalar, bu gün səviyyəsiz mahnı müəlliflərinə meydan verirlər. Özü də xalqa ağıl verən qismində. Ailə dəyərlərindən xəbəri olmayanlar, ailə problemlərini çözən rolunda. Heç kəs də demir ki, "kimdir belələrinə meydan verib milyonlarla tamaşaçısı olan televiziyalara çıxaran". Bu barədə əməkdaşımız Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi İntiqam Hümbətova da sual etdi. Ki, "niyə bu cür bayağı mahnı oxuyanların qarşısı alınmır?" Cavabdan yəqin ki, siz də təəccüblənəcəksiniz: "Nazirlik bununla bağlı qadağa qoya bilməz."

Bu sözün açması belədir: Camaatın ağzını bağlayası deyilik ki!

Bax belə. Bu, ölkənin mədəniyyətindən məsul olan rəsmi bir dövlət orqanının cavabı idi. Yəni mahnıda deyildiyi kimi, kim istəsə tullana bilər, kim istəsə "kayf" tuta bilər, kim də istəsə "zırrana" bilər. Ancaq heç kəs fikirləşə bilməz ki, bu gənclərin əxlaqına təsir göstərir. Heç kəs fikirləşə bilməz ki, bu "zırranmağ"ın nə olduğunu eşidən gənc, bir dəfə ondan istifadəyə də baş vuracaq. Heç fikirləşmirlər ki, bu "kayf" tutan gənc, sonra bir dəfə də mahnıda deyildiyi kimi "lomka"ya düşüb kiminsə cibinə girəcək və ya özünü damdan atacaq. Biz də deyəcəyik ki, "yazıq, filankəsin balası intihar etdi". Amma yenə də heç kəs fikirləşməyəcək ki, son zamanlar artan yeniyetmə intiharlarının təməl səbəblərində biri də "nol yeddi"yə minib "kayf" tutmaqdan, "zırranmaq"dan, şıkı-şıkı babadan keçir.

Maraqlıdır, bəs Mədəniyyət və Turizm Nazirliyi nəyə qadağa qoya bilər? Məsələn, sabah mən, "Əbülfəz Qarayev ölkədə mədəniyyət kriteriyalarına xələl gətirənlərə geniş meydan verib", - desəm, məsuliyyət daşıyıram, ya yox? Məsələn, deyə bilərmmi ki, son zamanlar Mədəniyyət və Turizm Nazirliyinin "Xalq artisti" kimi təqdim etdiyi şəxslərin bəzilərinin çıxardığı hoqqalar, Azərbaycan xalqının adına xələl gətirir? Və sair bir türlü "məsələn"lər. Hələ, hər yerindən qalxanın not bilmədiyi halda, sintezatorun köməyi ilə mahnı dınqıldadıb özünü bəstəkar adlandırmasından və buna göstərilən susqunluqdan danışmıram.

Hə, bir də maraqlı olar deyə qeyd edim ki, bizim kənddə indi aşağıdakı videorolikdə göstərilən səviyyəsiz mahnılara "ləhlü-lülü" deyirlər.

Şərhlər
cahandar tərəfindən 25-09-2012 11:52:45 tarixində yazıldı
sənə halal olsun qardaşoğlu! sənin kimi gəncləri görəndə,adam arxayın olur ki,ALLAH hələki bu milləti batırmayacaq.çünki,Şeytan və ona qulluq edənlərinbu xalqa olan hər növ hücumunun qarşısına çıxa biləcək gənclərimiz var.ALLAH saylarını və "GÜCLƏRİNİ" artırsın.
MIRIS tərəfindən 11-10-2012 21:45:37 tarixində yazıldı
bayagi mahnilar
cox sag olun, cume axsamai lap hal tapdim bu mahnilarla.... insanin dinlediyi mahnilarla, onun veziyyetiini ve seviyyesini mueyyyen etmek cox asandir...
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2019 00:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru