Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

30 Oktyabr

2010
2885
İRAQDA GÖRDÜKLƏRİM

Hər dəfə İraq barədə məlumat oxuyanda təəssüflənir, ölkədə baş verən partlayışlara görə ürəyim qan ağlayırdı. Ölkəsi işğal olunmuş bir vətəndaş kimi, həm İraqı, həm bu ölkənin vətəndaşlarını başa düşmək mənim üçün çətin deyildi. İndi məni başqa həyəcan bürümüşdü. Ki, işğal olunmuş İraqı, əsir düşmüş xalqı, baş verən partlayışları öz gözlərimlə müşahidə edəcəkdim.

SƏHƏR SÜBH VAXTI BİBİHEYBƏT MƏSCİDİNDƏ

Bakıdan 4-5 km aralıda, düz Xəzər dənizinin sahilində insanların pənah apardığı, müqəddəs sayıb ziyarət etdiyi Bibiheybət məscidini ziyarət etmədən İraq torpaqlarına ayaq basmaq hər bir zəvvar üçün hörmətsizlik sayılardı. Elə buna görə, sübh tezdən 10.10.10 tarixində VII İmamımız Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarını ziyarət edib İraq səfərinə başladıq. İraqa yollanan karvanda qocalı-cavanlı düz 41 nəfərdən ibarət zəvvar var idi. Hər biri getdiyi yolun,  gördüyü işin əhəmiyyətini dərk edib səfər üçün bütün azuqələrini hazırlamışdı.

AZƏRBAYCAN-İRAN SƏRHƏDİNDƏ

Bibiheybət məscidini ziyarət edəndən sonra səhər 08:00-da yola düşdük və Azərbaycan-İran sərhədində yerləşən Astara sərhəd-keçid məntəqəsinə yetişdik. Günorta olmasına baxmayaraq, həm Azərbaycan, həm də İran tərəfində xeyli izdiham müşahidə olunurdu. Hər iki ölkə vətəndaşları qarşılıqlı hərəkət edərək, öz aktivliyini ortaya qoyurdular. Sərhədi keçən zaman qonşu ölkədən bazarlıq edib qayıdanları, toyuq-cücə gətirənləri, ziyarətdən gələnləri və ya geyim mallarını İran tərəfinə aparanları görməmək mümkün deyildi. Bir sözlə, Azərbaycan-İran sərhədi qaynayır, adam əlindən tərpənmək olmurdu. Əlqərəz, sərhəddə bir neçə saat qaldıqdan sonra nəhayət İran İslam Respublikasına daxil olmağı bacardıq.

İRAQA GEDƏN YOL

İran dövlətinin ərazisinə daxil olandan sonra hamı intizarla İraq torpaqlarına yetişməyimizi gözləyirdi. Amma əksəriyyətin İrandan İraqa olan uzun məsafədən xəbəri yox idi. Məsafəni dəqiqləşdirəndən sonra məlum oldu ki, gediləsi hələ bir gündən çox yolumuz var. Bu vaxt ərzində yol boyu İraqa gedən zəvvarlar müxtəlif dualar etməyə, müqəddəs Qurani-Kərimi oxumağa, salavatlar göndərməyə başladılar. İraqa daxil olmaq həsrətində olan 41 nəfər "kərbəlayi" olacaq azərbaycanlılar, tezliklə müqəddəs torpaqlara ayaq basmağı arzulayırdı. İmamların (ə) məzarlarına olan ehtiram, gün yarımlıq məsafəni gec də olsa, dəf etməyə imkan verdi. Nəhayət İranın Mehran şəhərinə yetişdik və İraqa daxil olmaq üçün sərhəd məntəqəsinə daxil olduq. Sərhədə daxil olan kimi, gözlərimizə inana bilmədik. Heç kim inanmazdı ki, İraqa getmək həsrətində bu qədər çox insan olar. İran-İraq sərhədinin dolub-daşması, hamının heyrətinə səbəb olmuşdu. Sərhəddə olan izdihamı gördükdən sonra məlum oldu ki, burada da gözləməli olacağıq. İnsanların çoxluğu bizi təxminən İraq torpaqlarından düz 2 saat ayrı salacaq. Səbir və təmkin bizə yenə vaxt ayrılığını unutmağa kömək etdi. Nəhayət vaxt yetişdi, bizlərin adları çəkildi və İraq torpağına daxil olmağa başladıq.

İRAQDA BİZİ QUM FIRTINASI QARŞILADI

İran dövlətinin ərazisindən İraq dövlətinin ərazisində yenicə daxil olmuşduq ki, gözlərimizi açmağımıza peşman olduq. Çünki gözümüzü açmaq bizi kor edə bilərdi və zatən qarşıdakını belə havada görmək mümkünsüz idi. İraq ərazisində müşahidə olunan qum fırtınası azərbaycanlı zəvvarları əməlli-başlı qorxuya salmışdı. Bir müddətdən sonra burulğanın sakitləşdiyini gördük və yüklərimizi götürüb avtobusa minməyə başladıq.

KƏRBƏLA HƏSRƏTİ SONA ÇATDI

İraq torpaqlarına daxil olduqdan sonra müşahidə etdiyimiz burulğan, hamının əhval-ruhiyyəsinə "soğan" doğramışdı. Lakin "Kərbəla şəhərinə çatmaq üçün daha bir neçə saat qalıb" sözləri hamının üzünü güldürdü. İxtiyarsız olaraq hamı gülümsünərək, müqəddəs Kərbəla şəhərinə daxil olmaq üçün özünü qaydaya salmağa başladı. Bu işi avtobusda görmək nə qədər çətin olsa da, bir o qədər də vacib idi. Çünki daxil olacağımız şəhər İmam Hüseyn (ə) və Həzrəti Əbəlfəz ağanın məzarları olduğu şəhər idi. Bu iki şəxsiyyət isə İslam dinin bu günə qədər gəlib çatmasında ən böyük pay sahiblərindən olub. İmam Hüseynin (ə) 14 əsr bundan əvvəl zalım Yezidə qarşı etdiyi qiyam, ən üstün din olan İslamın bu gün həqiqi simasında qalamağına imkan verib. Bundan əlavə İmam Hüseynin (ə) böyük hədəflərindən biri Allah bəndələrinin azğınlıq və zəlalətdən nicat vermək olmuşdur. Təbii ki, İmam Hüseynə (ə) bu işdə qardaşı olan Həzrət Əbəlfəz ağa və 72 tərəfdarı yardım edib ki, onlarda tarixdə ən üstün şəhidlər kimi yaddaşlara həkk olublar.
Yol boyu hər bir zəvvar bunu fikirləşdiyi vaxtda Kərbəla şəhərinə daxil olduğumuz barədə xəbər verildi. Uzun həsrət, yol yorğunluğu sona çatdı və nəticədə hamı Kərbəla şəhərinə yetişdi. Avtobusda qəribə abı-hava hökm sürürdü. Ağlayan kim, gözlərinə inanmayan kim, söz tapıb danışa bilməyən kim...

KAZİMEYN, SAMİRRA VƏ NƏCƏF ŞƏHƏRLƏRİNDƏ

İraqın ən müqəddəs şəhərlərindən sayılan Kərbəla şəhərində İmam Hüseyn(ə) və həzrət Əbəlfəzin məzarı, eləcə də şəhərdə yerləşən digər müqəddəs yerlər ziyarət edildikdən sonra növbə digər şəhərlərə getməyə çatdı. Əvvəlcə bütün zəvvarlarla birlikdə İraqın ən qarışıq və təhlükəli şəhəri sayılan Samirra şəhərinə gəldik. Əvvəldən qeyd edim ki, bu şəhərdə yerləşən Həzrət İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) ziyarətgahının qoşa minarəsi 8 ay əvvəl bir terror aktı nəticəsində dağıdılmışdı. Şəhərdə iraqlıların dediyi kimi, ABŞ casusları və vəhhabi ideyalı insanların çoxluq təşkil etməsi, həm bu şəhərdə yaşayan yerli iraqlılar, həm də bu şəhərə gələn xarici vətəndaşlar üçün təhlükə yaradır. Bütün təhlükələrə rəğmən, biz bu şəhərə daxil ola bildik və Samirrada məzarı olan iki imamın ziyarətini həyata keçirə bildik. Ziyarət zaman qeyd etməliyəm ki, əlisilahlı İraq əsgərlərini addım başı görməmək mümkünsüz idi.
Samirra şəhərindən sonra növbə Kazimeyn şəhərinə çatmışdı ki, bu şəhərdə də olmaq bizə nəsib oldu. Məlumat üçün bildirim ki, İraqın Kazimeyn şəhərində İmam Museyi-Kazim (ə) və İmam Mühəmməd Cavadın (ə) mübarək hərəmləri yerləşir. Bu şəhər Bağdadın yaxınlığında yerləşdiyi üçün, Samirra şəhəri kimi təhlükəli şəhərlərdən hesab edilir. Şəhərin giriş və çıxışında İraq əsgərləri məkanda təhlükəsizliyi təmin etmək üçün səy göstərirlər. Bütün çətinliklərə və təhlükəyə rəğmən bu sınaqdan da uğurla keçərək müqəddəs məkanda ziyarət etmək, dualar oxumaq bizə nəsib oldu.
Samirra və Kazimeyn şəhərindən sonra sonuncu ziyarət edəcəyimiz şəhər İraqın qədim elm şəhərlərindən sayılan Nəcəf şəhərində olmaq bizə müyəssər oldu. Nəzərinizə çatdırım ki, Nəcəf şəhəri İraqın ən təhlükəsiz və eyni zamanda gözəl şəhərlərindəndir. Bu şəhərdə İraqın böyük alimi Ayətullah Sistani yaşayır və şəhərə nəzarət onun əlində olduğu üçün, Nəcəf İraqın digər şəhərlərindən xeyli fərqlənir. Bundan əlavə, İraqın Nəcəf şəhərində Peyğəmbərin canişini və İslam dininin ən əhəmiyyətli şəxslərindən biri olan İmam Əlinin(ə )məzarı yerləşir. Bu şəhərdə insanların ziyarətgaha olan axını digərlərin çox fərqli idi. İnsanların axını sanki hansısa inqilabi və ya üsyanı xatırladırdı. Hamı böyük məhəbbət və ehtiramla ziyarətgaha daxil olaraq, İmam Əlinin(ə) məzarını ziyarət edir və öz dualarını oxuyurdu.

ABŞ İRAQI XARABA QOYDU

İraqda müqəddəs məkanlarda olduğum zamanı bu ölkənin vətəndaşları ilə tez-tez söhbət edir, onlardan ölkələri ilə bağlı həqiqətləri öyrənməyə çalışırdım. İraqlılar arasında Kərbəla şəhərindəki bir əsgərin ABŞ-ın işğalından sonra ölkənin Səddam rejimindən daha betər günə qalmasını söyləməsi, mənə təəccüblü gəlməsə də, sonradan əsgərin İraqdakı partlayışları elə ABŞ-ın casuslarının törətməsini söyləməsi heyrətimə səbəb oldu. İraqlı əsgər hey bizi inandırmağa çalışırdı ki,  bu ölkədə baş verən hər iyrənclik məhz ABŞ tərəfindən həyata keçirilir. Bundan əlavə əsgər həmçinin qeyd edir ki, ölkədə əsas güc nə baş nazir, nə də ki prezidentdir. Malik adlı əsgər bizə İraqda əsas gücün dini alimlərin əlində olduğunu söylədi.
Digər bir iraqlı ilə söhbətim zamanı məndə özlərini partladan iraqlılara qarşı mənfi hislər demək olar ki, aradan qalxdı. Çünki mağazada satıcı olan bu iraqlı, mənə İraqdakı partlayışları törədənlərin ya müxtəlif dərmanların təsiri altında olduğunu, ya da Amerika xüsusi xidmət orqanları tərəfindən hazırlanan vəhhabilər tərəfindən törədildiyini bildirdi. Ümumilikdə İraqda yaşayan əhalinin əksəriyyəi ölkənin məhz ABŞ tərəfindən xaraba qoyulduğunu bildirirdi. Onlar tezliklə Amerika işğalından azad olmaq istədiklərini və təbii sərvətlərdən gələn gəlirlərin İraq xalqna sərf olunacağı günü gözlədiklərini qeyd edirdilər.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 00:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com