Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

14 Noyabr

2009
1723
Uşaqpulu yoxsa, Arayışpulu?

Bildiyiniz kimi bu günlərdə Azərbaycan parlamentində illik büdcənin hesablanması prosesi həyata keçirilir. Bu dəfə sizlərə təqdim edəcəyim mövzu da, elə bu büdcə hesablanması ilə bağlı olacaq. Bir neçə gün bundan qabaq mətbuat vasitəsilə Milli Məclisdə səsləndirilən fikirlərdən biri  həqiqətən də mənim heyrətimə səbəb oldu. Milli Məclisdə büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlanması, şəxsən məndə həm müsbət, həm də mənfi mənada təəssüratlar oyadıb. Əvvəlcə müsbətdən başlayıb sizlərə də bildirmək istəyirəm ki, Azərbaycanda yanvar ayının 1-dən hər uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinət 50 faiz artırılaraq 75 manata çatdırılacaq. Bu xəbəri oxuyan və ya eşidən hər bir insan əminəm ki, sevinc və təşəkkür hissi ilə bu qərarı qarşılayacaq. Çünki maliyyə böhranın davam etdiyi bu dövrdə, Azərbaycanda bu cür qərarların verilməsi sadəcə olaraq alqışa layiqdir. Lakin bu məsələlərdə bir əmma var ki, bu da sözün əsl mənasında adamın kefinə soğan doğrayır. Bəhs etdyim mənfi məna, yəni əmma, yenicə övladı olan hər bir Azərbaycan vətəndaşının dövlət tərəfindən ona ayrılan uşaqpulunu almasıdır. Bu cümləyə bir az da düzəliş etsək, deyə bilər ki, uşaqpullarının lazımi instansiyalardan alına bilməsidir. Həqiqətən bəhs etdiyim bu mövzu kifayət qədər aktual və önəmli mövzudur. Dövlət tərəfindən ayrılan və xalqın halal pulu sayılan bu müavinəti almaq, Azərbaycan vətəndaşları üçün əməlli başdı problemə çevrilib. Ölkə gəncləri arasında keçirilən sorğuların nəticələrindən belə qənaətə gəlmək olur ki, Azərbaycan gənclərindən müavinət alan insanların sayı çox azdır. Buna səbəb isə, uşaqpullarını gənc ailələrə verən lazımi instansiyalardır. Daha doğrusu Sosial Müdafiə Fondunun yerli şöbələridir. Ölkə ərazisində Sosial Müdafiə Fondunun şöbələri uşaqpullarını vermək üçün gənc ailələrdən o qədər sənəd tələb edirlər ki, uşaqpullarını bu instansiyalardan almaq  gənc ailələr üçün başağrısına səbəb olur. Sənədlərin çoxluğu isə o qədər olur ki, bu sənədləri toplayıb onları Sosial Müdafiə Fondunun şöbələrinə təqdim etmək, uşaqpuluna görə verilən müavinətdən baha başa gəlir. Bunu görən gənc ailələr isə, uşaqpuluna görə verilən pula "tüpürərək", müavinət almaq sevdasından vaz keçirlər. Əslində bu problemləri müşahidə edərək, Sosial Müdafiə Fondunun verdiyi uşaqpulu adının ləğv olunaraq, bura başqa adın qoyulması insanın ağlına gəlir. Məsələn mən uşaqpuluna görə, verilən müavinətin adının dəyişdirilərək, arayışpulu olmasını məsləhət görərdim. Çünki onsuz da dövlət tərəfindən əhaliyə ayrılan müavinət uşaqlara görə deyil, arayışlara görə verilir. Azərbaycan gənclərinin belə bir problemlərlə qarşılaşması həqiqətən də, çox acınacaqlı və ürəkağrıdıcıdır. Görəsən olmazmı ki, həmin uşaqpulları sadəcə olaraq, doğulan uşağın doğum haqqında şəhadətnaməsini təqdim etməklə alınsın?

Şərhlər
aynur tərəfindən 31-07-2012 10:49:56 tarixində yazıldı
düzdü
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-07-2019 02:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru