Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

09 Avqust

2017
16:12
901
`Turan` klubunun azyaşlıları FaktXəbər-ə danışdılar - FOTO

Təxminən indi barələrində yazdığım uşaqlar yaşda olardım. Tovuzun “Turan” komandası ölkə çempionatında iştirak edirdi. Hər bir oyunu yüksək anşlaqla keçirdi. Stadion tam dolurdu. Tam dolurdu deyəndə ki, söhbət 6500 nəfərlik oturacaqları deyil, yaşıl meydanın kənarındakı boş sahəni də nəzərdə tuturam. Kəndimiz rayon mərkəzindən 7 km aralı yerləşir və “Turan”ın oyunlarına baxmaq üçün bir neçə gün öncədən kimin maşını ilə gedəcəyimi müəyyənləşdirirdik. Stadiona daxil olmağa pul toplayırdıq, amma yolpulu olmadığı üçün kiminçünsə belə demək mümkünsə, fəhləlik edirdik. Ya maşınını yuyurduq, ya sahədən soğan, kartof toplayırdıq, ya da ona hansısa həyət-baca işlərində köməklik edirdik. Yaxşı yadımdadır, qonşumuz, öz aramızda “Çopra” dediyimiz Aydın əminin VAZ 2104 maşınında 12 nəfər getmişdik futbola. “Neftçi” qonaq gəlmişdi. Amma qonağı el adəti ilə yola salmadılar, komandamız onları məğlub etmişdi.

İndi rayona səfərim zamanı da yerli kulubun uşaq məktəbi ilə maraqlanmaq qərarına gəldim. Azyaşlılar kamera qarşısına çıxmaqdan bir qədər çəkinsələr də, bir neçəsinin şəklini çəkə bildik. Amma söhbətləşməyə etiraz etmədilər. Gəncənin 14 yaşlılardan ibarət “Azəri” komandası ilə yoldaşlıq oyunundan çıxmışdılar. Uduzmaqlarına baxmayaraq, heç narahat deyildilər. “Kişi kimi oynadıq” söyləyirdilər.

“Əl dəyməmiş özlərini yerə atırdılar ki, cərimədir. Eləbil qızbibidirlər. Yanlarından ötmək mümkün deyil. Müəllimlərimiz bizə deyirlər ki, kişi kimi oynayın, yıxıldınızsa, ayağa qalxın. Amma onlar elə deyil. Topu çiyninlə saxlayırsan, qışqırıq salırlar ki, əldir. Hər adi epizoda cərimə istəyirlər. Keçən il də onlarla oynamışıq. Öz yaş qrupumuzda bütün komandaları udduq. Bakıya getmək üçün “Azəri”ni udmalı idik, amma uduzduq”, - deyir Nurlan Nağıyev.

Azyaşlılardan ibarət qruplara məşqləri 4 müəllim keçir. Onu da öyrəndim ki, məşqçilərə AFFA aylıq 200 AZN əməkhaqqı verir. Məşqlər isə pulsuz keçirilir. Azyaşlılardan ibarət qruplardan heç bir ödəniş alınmır. Məşqlərə qatılanların əksəriyyəti qıraq kəndlərdən gələnlərdir. Həmin uşaqların isə çətinliyi məhz bununla bağlıdır. Çünki bəzən nəqliyyat tapa bilmədikləri üçün məşqləri buraxmalı olurlar. Məhz nəqliyyat çatışmazlığına görə də orta məktəbdə dərslər başlayanda əlavə bir problem də yaranır. Dərsdən çıxıb məşqlərə gələn və geri qayıtmalı olan uşaqlar çox əziyyət çəkir. 

Məşqdən çıxan uşaqlardan sadəcə Şahin Şirinov, Tural və Taleh Həsənov qardaşları və Nurlan Nağıyev bizimlə söhbət etdilər. Yaşlarının az olmalarına baxmayaraq, çox məlumatlıdırlar. Şahin Şirinov məşqçiləri Elxan müəllimdən və digərilərindən çox razılıq edərək, “bizim üçün canlarını qoyurlar, əziyyətimizi çəkirlər. Futbolun hər incəliyini başa salırlar”, - deyə bildirdi. 

Taleh Həsənovdan sentyabrda dərslər başlayanda məşq prosesinin necə tənzimləndiyini soruşdum. İndiyə kimi problem yaranmadığını dedi: “Dərslərə səhər gedirik. Evə gəlib, naharedirik, bir qədər dincəldikdən sonra isə məşqlərə gəlirik, axşam isə dərslərimizə hazırlaşırıq. Nə dərslərimizi axsatmırıq, nə də məşqlərimizi. Hərəsinin öz növbəsi var. Bəzən olur ki, kimsə dərsi oxumayanda bəhanələr gətirir, amma o bizdə yoxdur. İdmançı gərək intizamlı olsun. Dərslərimizi də oxuyuruq, futbolumuzu da oynayırıq.”

Qeyd edək ki, hazırda "Turan" klubunda 12, 13, 14, 15 və 16 yaş qruplarında 100-dən çox uşaq məşqlərə qatılır. Və bu məşqlər müntəzəm olaraq həyata keçirilir. Stadionda məşqlər üçün şərait olsa da, bir qədər də diqqətə ehtiyac var. Çünki "Turan" məktəbinin yetirmələrinin Azərbaycan futbolunda öz sözünü dediyi hamıya məlumdur.  

Söhbət etdiyim müsbət enerji dolu gənc futbolçuların gələcəkdə adlarının yüksək liqadan gələcəyi şübhəsizdir. Amma bunun üçün gərək Azərbaycan futbolunda futbol oynayanlar qabağa çəkilsin, dayday zəngi ilə komandalar formalaşmasın. 

Ümid edək ki, bu balacalar böyüyənə kimi sözügedən problemlər həll olsun.

Aqil Mehdi

Məqalədə : Turan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru