Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 Mart

2017
15:14
993
`Polis rəisləri istədikləri vaxt kameraların yaddaşına müdaxilə edə bilir`

«Polis rəisləri polis şöbələrindəki müşahidə kameralarının yaddaşına istədikləri vaxt müdaxilə edə, yaddaşı silə bilirlər. Buna görə də şöbələrdə vətəndaşlara işgəncə verilməsini sübut etmək çətinlik yaradır».

Bunu AzadlıqRadiosuna realliq.info saytının həbsdən yeni çıxmış baş redaktoru İkram Rəhimov deyir.

ONA 3 GÜN İŞGƏNCƏ VERİLDİYİNİ DEYİR

İkram Rəhimov ötən il Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə böhtana görə 1 il azadlıqdan mərhum edilmişdi. Hələ həbsxanada olarkən AzadlıqRadiosuna həbsinin sifarişli olduğunu və işgəncəyə məruz qaldığını yazmışdı. O bildirirdi ki, Sumqayıt polisində 3 gün işgəncə verərək ondan icra başçısı Zakir Fərəcova videomüraciətlə üzr istəməsini tələb ediblər. Tələbi yerinə yetirmədiyindən başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər saxlayıblar. O, işgəncə prosesinin canlı videoçatın müşayiəti ilə gerçəkləşdirildiyini, Sumqayıt şəhər icra başçısının da prosesi canlı izlədiyini yazırdı.

«İşgəncələrə dözmədiyimdən başımı stula çırpdım, sol gicgahımdan xəsarət aldım, bundan sonra işgəncələri dayandırdılar», – jurnalist həbsxanadan yazırdı.

«GÖRÜNTÜLƏR YADDAŞDAN SİLİNİB»

İkram Rəhimov həbsdən azad olduqdan sonra qərara alıb ki, şikayətlərini dayandırmasın. AzadlıqRadiosuna təkrar müraciət edib və sonradan başına gələnlərdən danışıb: «Sumqayıt polisində sadaladığım işgəncələrə məruz qalmağım barədə Baş Prokurorluğa və başqa qurumlara yazdım, kütləvi informasiya vasitələrinə müraciət etdim, Daxili İşlər Nazirliyi təkzib etdi. Mən də polis idarəsindəki müşahidə kameralarının yaddaşının yoxlanmasını tələb etdim. Təsəvvür edin ki, Sumqayıt prokurorluğu polisdən işgəncə olan tarixə yaddaşdakı görüntüləri istəyir. Polis rəisi də bir cümləlik cavab məktubu göndərir ki, həmin tarixə olan görüntülər yaddaşdan silinib. Prokurorluq da bu cavaba əsaslanıb «işgəncə faktı təsdiqini tapmadı» deyib şikayət ərizəmə xitam verir. Yəni, təhqirə, alçaldılmaya, işgəncəyə məruz qalan vətəndaşın şikayət ərizəsi ona işgəncə verən bir idarənin rəisinin bircə cümləsi ilə rədd edilir».

«AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GÖNDƏRƏCƏM»

Jurnalist başına gələnləri «bir işdir, oldu-keçdi» hesab etmir. Deyir, polis işgəncəyə, prokurorluq isə polisin işgəncəsini ört-basdır etdiyinə görə hər iki qurumdan Avropa Məhkəməsinə şikayət edəcək: «Üstəlik, jurnalist fəaliyyətimə görə sifarişlə barəmdə çıxarılmış məhkəmə hökmündən də Avropa Məhkəməsinə şikayət göndərəcəyəm».

Sumqayıt şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna jurnalistin başına gələnlərdə başçının adını hallandırmasını «cəfəngiyat» adlandırıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidməti də ittihamlarla bağlı eyni sözü deyib. Qurumdan işgəncəylə bağlı deyilənlərin yoxlanıldığı və təsdiqini tapmadığı bildirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 19:09

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru