Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2016
17:05
Gülbəddin Hikmətyar - ABŞ-ın işinə yarayanda dostu, yaramayanda düşməni olan şəxs

Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay sentyabrın 29-da “Hizbi İslam”la sülh müqaviləsinə imza atıb. Əfqanıstanın ən böyük silahlı müxalifəti, “Hizbi İslam” lideri Gülbəddin Hikmətyar bu sənədi sentyabrın 28-də imzalayıb.

Qeyd edək ki, sülh razılaşmasının ilkin variantı sentyabrın 22-də hökumət və müxalifəti təmsil edən nümayəndə heyəti tərəfindən ölkə paytaxtı Kabulda keçirilən danışıqdan sonra bəyənilib.

HİKMƏTYAR KİMDİR?

Gülbəddin Hikmətyar Əfqanıstan hakimiyyətinə qarşı ABŞ-ın dəstəklədiyi torpaq ağaları və tayfa başçılarının qiyamını yatırmaq üçün hökumətin dəvəti ilə ölkəyə girən Sovet İttifaqına qarşı ABŞ-ın ortaya çıxardığı əfqan liderlərdəndir. Hikmətyar Əfqanıstanın SSRİ işğalı zamanı Səudiyyə Ərəbistanı, İngiltərə və ABŞ-dan külli miqdarda pul və silah yardımı alıb.

Onun siyasi həyatı həmişə Qərb güclərinin əmrində, nəzarətində olub.

SSRİ-nin Əfqanlstandan çıxmasından sonra 1992-ci ildə baş nazir vəzifəsini tutub. 

Vəzifədə olduğu müddətdə - 1996 ildə Kabildəki radio və televiziyalarda musiqi yayımlanmasının qadağan olunmasını, bütün kinoteatrların bağlanmasını əmr edir. İnsan Haqları Müdafiə Komitəsi 1992-ci ilin avqustunda Hikmətyar qüvvələrinin raket hücumları ilə əksəriyyəti mülki vətəndaşlardan ibarət olan ən azı 2000 əfqanın öldüyü və yarım milyon insanın da Kabili tərk etdiyini bildirib. 9 yanvar 1995-ci il tarixində Hikmətyarın qüvvələrinin paytaxt Kabili bombalaması nəticəsində 20-dən artıq insan ölür.

Hikmətyar universitetdə oxuyarkən də radikal addımları ilə gündəmdə olub. O, başıaçıq qızların üzünə sulfat turşusu atırmış.

1972-ci ildə Kabil Universitetində Saydal Sühendan adlı Maocu tələbəni öldürür.

1973-ci ildə əfvlə həbsdən çıxan Gülbəddin Hikmətyar İslami Gənclik Hərəkatı adlı təşkilata qoşulur və Pakistana gedir. MKİ-nin nəzarətindəki Pakistan gizli xidməti İSİ ilə əlaqə qurur.

Eyni təşkilatdakı Əhməd Şah Məsuda həmişə düşmən olur. Onu üç dəfə öldürməyə çalışır. 1975-ci ildə "İslami Cəmiyyət" "Camaati İslami" lideri Bürhanəddin Rəbbani, Əhməd Şah Məsud və Hikmətyar arasında bölünür. Daha sonra Gülbəddin Hikmətyar qadın və sivilizasiya düşməni olan məşhur "Hizbi İslami" partiyasını qurur. Amerikanın göstərişi ilə Pakistan Hikmətyarın partiyasını dəstəkləyir. Hətta Pakistan Hikmətyarın rəqibi olan Şah Məsudu 1976-cı ildə həbs edir.

"Cənub-şərqi Asiyada heroin siyasəti" kitabının müəllifi Alfred McCoya görə, Hikmətyar MKİ nəzarətində narkotik nəqliyyatını idarə edib.

Amerikanın maraqlarını təhdid edən bir çox Fransa, Amerika həkim qrupu və jurnalistlərin öldürülməsində, kəndlərə paylanan uşaq peyvəndləri və dərmanların oğurlanmasında məsul olub.

Məsələn, 1987-ci ildə Əfqanıstana səyahət edən Li Şapiro və Cim Lindalos adlı amerikalı jurnalistlərin əvvəllər Sovet İttifaqı tərəfindən öldürüldüyü deyilsə də, sonradan onların Hikmətyar tərəfindən öldürdüyü ortaya çıxıb.

Siyasətdə ən böyük xüsusiyyəti dini qrupları fitnə-fəsadla bir-birinə qarşı qoyması olub.

1992-ci ildə Əfqanıstandakı silahlı qruplar arasında baş vermiş qarşıdurmalar nəticəsində Kabildə 50 min adam həyatını itirib.

1994-ci ildə paytaxtın "Hizb İslam" tərəfindən bombalanması nəticəsində minlərlə dinc sakin dünyasını dəyişib, Hikmətyar isə "Kabil qəssabı" ləqəbini alıb.

1994-cü ildə özü kimi Puştun mənşəli Taliban ilə siyasətdə qarşı-qarşıya gəlir. Sonda onlarla da razılaşır. Çünki Taliban da radikal və Puştun mənşəli idi və arxalarında ABŞ dayanırdı.

11 Sentyabr terrorundan sonra isə vəziyyət dəyişdi. ABŞ işğalına qarşı çıxan Hikmətyar, ABŞ və Pakistana qarşı çıxdı. ABŞ ilə arası dəydi. O Amerikan əsgərlərini, MKİ də onu öldürməyə çalışdı.

2003-cü ildə ABŞ onu qlobal terrorçular siyahısına saldı. Belə olduqda Hikmətyar "Əl-Qaidə" və Usamə bin Ladenə yan aldı. Pakistanın şimalında gizləndi. 

Keçən il - 2015-ci ilin iyul ayında isə İŞİD terror təşkilatına dəstək verdiyini açıqladı, amma bir həftə sonra bu açıqlamanı təkzib etdi.

ABŞ KÖHNƏ DOSTUNU XATIRLADI

Kərzai rəhbərliyində və indi də Əşrəf Qəni rəhbərliyi altında Əfqanıstanda Talibanla bacarmayan ABŞ köhnə "dostunu" yenidən oyuna salmaq qərarı verib. Vaşinqton 69 yaşında olan Gülbəddin Hikmətyar ilə aylardır apardığı danışıqların nəticəsi olaraq 22 sentyabrda razılığa gəldilər. Müqaviləyə əsasən, həbsdəki "Hizbi İslam" döyüşçüləri azad ediləcək, Hikmətyar da toxunulmazlıq qazanıb, gizləndiyi yerdən çıxacaq. Hikmətyar və qrupu da bunun qarşılığında Talibana qarşı mübarizə aparacaq, ya da onları da müqaviləyə qoşmağa cəhdlər göstərəcək.

Hikmətyarın həyat hekayəsi bir növ ABŞ-ın siyasi İslam ilə münasibətlərinin ruhunu da ortaya qoyur. İşinə yaradıqda dost, yaramayanda düşmən. Yenə işinə yaradıqda yenidən dost.

TÜRKİYƏYƏ DƏ SƏFƏR EDİB

1985-ci ildə Türkiyəyə səfər edib. O vaxt Rifah Partiyasının İstanbul vilayət rəhbəri olan Rəcəb Tayyib Ərdoğan partiyasının adından dəvət etdiyi Hikmətyarı Nəcməddin Ərbəkanla İstanbulda "Milli Gazete"də görüşdürür.

Hikmətyar o səfər zamanı Rifah Partiyasından olan Mustafa Atalayın evində jurnalistlərə müsahibə verib. Bu məşhur foto da həmin evdə çəkilib.

FaktXəbər Analitik Mərkəzi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 14:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com