Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2021
15:48
Oyundan kənar qalan qüvvələr - TƏHLİL

"Üçtərəfli anlaşmaların demontaj edilməsinə ciddi ehtiyac duyurlar"

Elçin Xalidbəyli: “Böyük ehtimalla ABŞ və Fransanın səhnəarxası təlimatlarına uyaraq, hərbi təxribatlar törədən Ermənistan müharibənin başlamasına cəsarət etməyəcək”

10 noyabr tarixli üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) bəyanata zidd olaraq, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir. Diqqətçəkən məqam odur ki, bir neçə gün əvvəl atəşkəsin pozulması daha intensiv xarakter almışdı. İyulun 19-da Naxçıvan istiqamətinə açılan atəş nəticəsində bir hərbi qulluqçumuz yaralanmışdı.

Beynəlxalq təşkilatlar, xüsusən ATƏT-in Minsk Qrupu, Avropa İttifaqı (Aİ), Qərb dövlətləri 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində ermənilərin qanlı terror aktlarına göz yumduqları kimi hazırkı situasiyanı da seyrçi mövqedən izləyirlər, təcavüzkara heç bir təzyiq göstərmirlər. Aİ çox asta şəkildə “dərin narahatlıq yaradan hadisələrin davam etdiyini” vurğulayır, “yeni itkilər qeydə alınmadan tərəfləri konstruktiv dialoqa” çağırır. ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən ABŞ və Fransa isə Qarabağ münaqişəsinin hələ “davam etdiyini” bəyanlayır. Və tərəfləri yenidən Minsk Qrupunun himayəsi altında siyasi dialoqu ən qısa zamanda bərpasına çağırır. 

Hazırda vəziyyət stabil olsa da, baş verənlər fonunda geniş müzakirələr gedir. Bu müzakirələrin əsasını isə “Atəşkəsin tez-tez pozulmasının səbəbi nədir”, “Qarabağda yenidən müharibə başlaya bilərmi”, “Ermənistan müstəqil şəkildəmi sülhü pozub, sərhəddə atəş açır” kimi suallar təşkil edir.

Mövzu ilə bağlı fikirlərini Faktxəbər-lə bölüşən “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirdi ki, Ermənistanın son vaxtlar hərbi təxribatlar törətməsi məqsədyönlü xarakter daşıyır: “Bu düşmən ölkədə keçirilən növbədənkənar parlament seçkilərindən sonra ehtimal olunurdu ki, Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaların icrası istiqamətində siyasi iradə nümayiş etdirə biləcək. Hətta seçkidən bir müddət sonra Moskvaya səfər edən baş nazir Nikol Paşinyana Rusiya prezidenti Vladimir Putin də üstüörtülü eyham vurmuşdu. Kreml sahibi N.Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edərək, “xalqdan dəstəyin alınmasının siyasi iradə tələb edən məsələlərlə bağlı qətiyyətli addımların atılmasına imkan verdiyini” vurğulamışdı. Yəni, prezident V.Putin erməni baş nazirə üstüörtülü şəkildə üçtərəfli anlaşmaların icrasına başlamağın vaxtı çatdığının mesajını vermişdi. Ancaq bunun əksinə olaraq, baş nazir N.Paşinyan Moskvadan döndükdən son gözlənilmədən tamamilə fərqli mövqedən çıxış etməyə başladı. Belə ki, Ermənistan sərhəd bölgəsində hərbi təxribatları daha da intensivləşdirdi. Paşinyan hakimiyyəti isə “status mövzusu”nu gündəmə gətirərək, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesinin vacibliyini qabartmağa başladı. Və bu, Rusiyanın qarantor rolunda çıxış etdiyi üçtərəfli anlaşmaların icrasından yayınmaq cəhdi kimi dəyərləndirilə biləcək bir mövqe dəyişikliyidir. Təbii ki, Rusiyanın regional geopolitik maraqlarını da ifadə edən üçtərəfli anlaşmaların icrasından yayınmaq cəhdi Paşinyan hakimiyyətinin öz gücünə güvənərək, atdığı addımlar deyil”. 

“Çünki ordusu tamamilə darmadağın edilmiş, sosial-iqtisadi və siyasi böhran içərisindəki Ermənistanın belə bir radikal davranış qərarı vermək üçün imkanları, hərbi-siyasi resursları yoxdur” politoloq bildirdi: “Ona görə də, Ermənistanı belə pozuculuq fəaliyyətinə məhz ABŞ və Fransanın cəsarətləndirdiyini iddia etmək olar. Hər halda, Paşinyan hakimiyyətinin təmsilçiləri ABŞ və Fransanın rəsmi dairələrinin “status” və “Minsk Qrupu həmsədrlərinin fəaliyyəti”nin bərpası ilə bağlı tezislərini eynilə təkrarlayırlar. Bu isə Paşinyan hakimiyyətinin məhz ABŞ və Fransanın siyasi dəstəyindən cəsarətləndiyini birmənalı şəkildə təsdiqləyir. Məsələ ondadır ki, 44 günlük savaşın nəticələri Minsk Qrupu həmsədrlərinin fəaliyyətini əhəmiyyətdən salıb. Xüsusilə də, iki həmsədr ölkə - ABŞ və Fransa Cənubi Qafqazda oyundankənar vəziyyətə düşüb. İndi bu iki ölkə regionda öz siyasi mövqelərini bərpa etmək üçün üçtərəfli anlaşmaların demontaj edilməsinə ciddi ehtiyac duyurlar. Bu isə yalnız Cənubi Qafqazda yeni qısamüddətli müharibə və ya silahlı münaqişənin baş verəcəyi halda, mümkün ola bilər. Ancaq müşahidələr onu göstərir ki, Paşinyan hakimiyyəti nə qədər cəsarətlənmiş olsa da, hərbi təxribatlar törətsə də, vəziyyəti müharibə vəziyyətinə qədər inkişaf etdirmək imkanlarına sahib deyil. Çünki Ermənistanın buna uyğun ordusu mövcud deyil. Rəsmi İrəvan anlayır ki, müharibə başlayacağı təqdirdə, Ermənistan tamamilə müdafiəsiz qalacaq, özünü müdafiə edə bilməyəcək və nəticədə erməni dövlətinin mövcudluğu ciddi təhlükə altına düşəcək. Ona görə də, şübhə doğurmur ki, Paşinyan hakimiyyəti hərbi təxribatlar törətsə də, müharibənin başlamasına cəsarət etməyəcək, son anda açıq şəkildə öz avantürist mövqeyindən geri çəkilmək məcburiyyətində qalacaq. Bütün bunlar o deməkdir ki, Cənubi Qafqazda yeni müharibənin başlanma ehtimalı o qədər də inandırıcı deyil. Böyük ehtimalla ABŞ və Fransanın səhnəarxası təlimatlarına uyaraq, hərbi təxribatlar törədən Ermənistan qarşılaşdığı təhlükəni nəzərə alaraq, tezliklə üçtərəfli anlaşmaların icrasına başlamaq məcburiyyətində qalacaq”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
185

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
350
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 19:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru